Heydər Əliyev Mərkəzində “Ümumdünya Əməyin Mühafizəsi Günü”nə həsr olunmuş “Əməyin mühafizəsində önləyici tədbirlər mədəniyyətini birgə yüksəldək” mövzusunda konfrans keçirilib. Vətəninfo.az SİA-ya istinadən xəbər verir ki, tədbirdə Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Ümumdünya Əməyin Mühafizəsi Gününün bu il “Əməyin mühafizəsi sahəsində profilaktika mədəniyyətini birgə yüksəldək” devizi altında keçirildiyini bildirib. Konfransda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev, Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə çıxış edərək, ölkəmizdə əməyin mühafizəsi sahəsində vəziyyət, bu sahədə aparılan işlər və qarşıda duran vəzifələrlə bağlı fikirlərini bölüşüblər. Tədbirdə Beynəlxalq Əmək Təşkilatının eksperti Valentin Macanu, “Azneft” İB-nin əməyin mühafizəsi şöbəsinin müdiri Mübariz Şamilov, AHİK-in Əməyin mühafizəsi şöbəsinin rəis müavini Əli Mədətov və digərləri təqdimatlarla çıxış ediblər. Konfransda əməyin mühafizəsi sahəsində uğurlu iş təcrübəsi ilə seçilən dörd müəssisə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən fəxri diplomla təltif edilib. “Azərikimya” İstehsalat Birliyi bu mükafata “İşçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, baş verə biləcək istehsalat qəzalarının qarşısının alınması sahəsində səmərəli fəaliyyətinə görə” layiq görülüb.