"Alpina Parking Consulting” MMC-nin qalib olduğu satınalmanın məbləği 2 milyon 124 min manat təşkil edir.
Şirkət Bakı şəhərinin inzibati ərazisində yerləşən yoldan kənar parklanma sahələrinin ümumi qiymət siyasətinin araşdırılması, müəyyən edilməsi və iqtisadi əsaslandırılması, yoldan kənar parklanma sahələrinin analiz edilməsi, infrastrukturun qurulması üçün məsləhət və parklanma yerlərinin idarəedilməsi üzrə audit xidmətini həyata keçirəcək.
"Alpina Parking Consulting” MMC 14.02.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Eldar Tağızadə küçəsi, ev 18A, qanuni təmsilçisi Əhmədzadə Sənan Rafiq oğludur. Bununla bağlı cumhuriyyet.az-ın əldə etdiyi məlumata görə, 1992-ci il təvəllüdlü Əhmədzadə Sənan adi şirkət sahiblərindən sayılmır. Belə ki, Əhmədzadə Sənanın atası Rafik Əhmədov Nazirlər Kabineti Aparatının Beynəlxalq kredit və yardımlar üzrə şöbəsi müdirinin müavini vəzifəsində çalışır.
İlginc məqam budur ki, BNA-nın keçiridyi sözügedən tender "Dövlət Satınalmaları Haqqında” Qanuna görə keçirilə bilməz. Buna səbəb isə Qanunun 13.1 maddəsinin tələblərinin pozulmasıdır. Belə ki, Dövlət Satınalmaları Haqqında” Qanunun 13.1-ci maddəsinə görə Satınalan təşkilatdan hüquqi, maliyyə və ya təşkilati asılılığı olan malgöndərənlərin (podratçıların) həmin təşkilat tərəfindən keçirilən satınalma prosedurlarında iştirakına yol verilmir. Məlum olduğu kimi, burada isə sifarişçi təşkilat olan Bakı Nəqliyyat Agentliyi qalib elan edilən təşkilatın qanuni təmsilçisinin atasının yüksək vəzifə tutduğu Nazirlər Kabinetinə tabeli qurumdur. Digər maraqlı məqam isə keçirilən tenderdə Maliyyə və İqtisadiyyat nazirliklərinin nümayəndələrinin yuxarıda qeyd olunan məqama diqqət etməmələridir. Qanunvericiliyə görə tender predmeti bir milyon manatdan artıq olduqda Maliyyə və İqtisadiyyat nazirliklərinin nümayəndələri tender komissiyasının tərkibinə mütləq daxil edilməlidir.
Heç yerdə adı olmayan şirkətə milyonlar hədiyyə edilir
Ötən il Bakı Nəqliyyat Agentliyi marşrut xətlərinin planlaşdırılması, qrafik üzrə idarə olunması üçün proqram təminatının alınmasına dair elan etdiyi açıq tenderə yekun vurub. Bununla bağlı cumhuriyyet.az xəbər verir ki, dəyəri 3 milyon 498 min manat olan tenderin qalibi "Aris” MMC olub.
Tenderin şərtlərində bildirilir ki, şirkət proqram təminatının öyrədilməsi üzrə təlim, Bakı şəhərində fəaliyyət göstərən ictimai nəqliyyat vasitələrinin marşrut xətlərinin planlaşdırılması və qrafiklər üzrə idarə olunması üçün ümumi proqram təminatı (lisenziya), Bakı şəhərində fəaliyyət göstərən ictimai nəqliyyat vasitələrinin marşrut xətlərinin planlaşdırılması və qrafiklər üzrə idarə olunması üçün ümumi proqram təminatının quraşdırılması və sazlanması, təqdim olunan struktur məlumatlarının emal olunaraq sistemə inteqrasiya olunmasını həyata keçirəcək.
"Aris” MMC ilə bağlı apardığımız araşdırmalar zamanı məlum oldu ki, əsasən suvarma sistemləri sahəsində ixtisaslaşan şirkət 19.03.2018 tarixində yaradılıb. Nizamnamə kapitalı 100 manat olan şirkətin qanuni təmsilçisi Ruslan Haqverdiyev Rüstəm oğludur.
Qeyd edək ki, "Aris” MMC təkcə bu il nəqliyyat sektorunda keçirilən 4 tenderin qalibi olub. Belə ki, Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi”nin "Telefoniya sistemi üçün avadanlıqlar, quraşdırılması və sazlama işləri” (41844.57 AZN) BNA-nın "İnformasiya və kommunikasiya texnologiyaları üzrə 12 (on iki) aylıq texniki xidmət (828360 AZN). Və "Bakubus” MMC-nin İnformasiya Texnologiyaları sahəsi üçün texniki dəstək xidmətlərinin satınalınması (220248.89 AZN) üzrə keçirilən tenderlərin qalibi olub… Şirkət başqa dövlət qurumlarının keçirdiyi satınalmaların qalibi olmayıb.