Bakı və İrəvan Minsk Qrupuna nə qədər pul verir? – Rəsmi

Bakı və İrəvan Minsk Qrupuna nə qədər pul verir? – Rəsmi

Azərbaycan və Ermənistan da daxil olmaqla, ATƏT-in hər iştirakçı dövləti Daimi Şuranın qəbul etdiyi qərar ilə müəyyən edilmiş töhfə dərəcələrinə uyğun olaraq, ATƏT-in ümumi büdcəsinə maliyyə verir.

Bu sözləri Axar.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva deyib. O bildirib ki, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) illik büdcəsi təşkilatın başlıca qərar qəbul edən orqanı olan və üzv ölkələrin ATƏT yanındakı daimi nümayəndələrini bir araya gətirən Daimi Şuranın konsensus əsasında qəbul etdiyi qərarla formalaşdırılır:

"Təşkilatın 2018-ci il üçün ümumi büdcəsi Daimi Şurasının qərarı ilə 137.801.200 avro səviyyəsində təsdiq edilmişdir (qərar ilə ATƏT-in internet səhifəsində tanış olmaq mümkündür). Eyni zamanda, ATƏT-in ümumi büdcəsinə əlavə olaraq, ATƏT-in Ukraynadakı Xüsusi Monitorinq Missiyasının fəaliyyətinin maliyyələşdirilməsi üçün Daimi Şura tərəfindən ayrıca qərar qəbul edilir”.

Leyla Abdullayeva ATƏT-in Minsk Qrupunun maliyyələşməsinin yalnız Azərbaycan və Ermənistan tərəfindən həyata keçirildiyi məsələsinə də aydınlıq gətirib:

"ATƏT ayrı-ayrı icraçı strukturları, o cümlədən Katiblik, Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Media Azadlığı üzrə Nümayəndə, Milli Azlıqlar üzrə Ali Komissar və Sahə Missiyaları (Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi ilə məşğul olan Yüksək Səviyyəli Planlaşdırma Qrupu, Minsk Qrupu və Ermənistan–Azərbaycan münaqişəsi üzrə ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi daxil olmaqla) həmin büdcədən maliyyələşdirilir. Qeyd etdiyimiz kimi, Yüksək Səviyyəli Planlaşdırma Qrupu, Minsk Qrupu və ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin (A.Kaspşik) fəaliyyəti, Ermənistan və Azərbaycan da daxil olmaqla, ATƏT-in iştirakçı dövlətlərinin yardımı ilə formalaşan ATƏT-in ümumi büdcəsindən maliyyələşdirilir. 2018-ci il üçün həmin strukturların büdcə səviyyəsi müvafiq olaraq 246.500, 911.200 və 1.241.300 (ümumi – 2.399.000) avro kimi müəyyən edilib”.

L.Abdullayeva Azərbaycan və Ermənistan dövlətinin ATƏT-in ümumi büdcəsinə ayırdığı vəsaitlə bağlı bunları deyib:

"ATƏT-in Daimi Şurasının 1293 saylı qərarı ilə ATƏT-in icraçı strukturları üçün Azərbaycanın töhfə dərəcəsi - 0.050, Sahə Missiyaları üçün – 0.020 dərəcə səviyyəsində müəyyən edilmişdir. Töhfə dərəcələri ilə bağlı qərarla ATƏT-in rəsmi internet səhifəsində tanış olmaq mümkündür. Qeyd edək ki, Ermənistan üçün müəyyən edilmiş töhfə dərəcələri də eynidir”.

Qeyd edək ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin, o cümlədən ATƏT sədrinin şəxsi nümayəndəsi A.Kaspşikin yüksək məvacib aldığı və Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olmadıqları haqda son günlər məlumat yayılıb. Hətta tanınmış politoloq Elxan Şahinoğlu A.Kaspşikin Minsk Qrupunda fəaliyyətindən dolayı aldığı yüksək məvaciblə villalara sahib olduğunu bildirib.

Bundan sonra isə Minsk Qrupunun yalnız Azərbaycan və Ermənistan tərəfindən maliyələşdirildiyi haqda yanlış rəy formalaşıb.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az