Bakıda bəzi orta məktəblər birləşdirildi
Bakı şəhəri üzrə Təhsil İdarəsi "Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulmuş təhsil
müəssisələri şəbəkəsinin rasionallaşdırılması çərçivəsində tədbirləri
davam etdirir.
Vətəninfo.az Trend-ə istinadla xəbər verir ki, Bakı şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, 2
məktəb - 133 və 150 nömrəli tam orta məktəblər Təhsil Nazirliyinin
birbaşa tabeliyində olan İ.Əfəndiyev adına Elitar Gimnaziyaya və
T.İsmayılov adına 6 nömrəli məktəb-liseyinə birləşdirilib.
2011-ci ildə əsaslı təmir olunmuş 133 nömrəli tam orta məktəb 400 şagird
yerlikdir. Burada 336 şagird təhsil alır, 39 müəllim işləyir. Həmin
ildə əsaslı təmir olunmuş 150 nömrəli tam orta məktəb isə 800 şagird
yerlikdir. Burada şagirdlərin sayı 507, müəllimlərin sayı 92 nəfər
təşkil edir.
Sözügedən məktəblərin yaxın ərazidə yerləşən, təlim-tərbiyə sahəsində
yüksək nəticələrə malik ümumtəhsil müəssisələrinə birləşdirilməsi
təhsildə keyfiyyət amilinin və idarəetmənin səmərəliliyinin
artırılmasına xidmət edəcək.