Bakıda V "Şairlər Günü" qeyd olunur

Bakıda V "Şairlər Günü" qeyd olunur

 Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə iştirak edən qonaqlar öncə Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.
Azərbaycanın görkəmli xalq şairləri Səməd Vurğun, Rəsul Rza və Bəxtiyar Vahabzadənin məzarları da ziyarət olunub, qəbrləri üzərinə gül dəstələri qoyulub.
AYB-nin mətbuat katibi Xəyal Rza "Report"a açıqlamasında "Şairlər Günü"nün əhəmiyyətindən danışıb: "Azərbaycanda şairlərin xüsusi bir günü olmalıydı. Artıq 5-ci ildir ki, unudulmaz şairimiz Mikayıl Müşfiqin doğum günü münasibətilə "Şairlər Günü" keçirilir. Yaxın və uzaq xaricdəki dostlarımız Bakıya gəliblər. Birlikdə tədbirlər keçiririk, ədəbi əlaqələrimizi inkişaf etdiririk".
Onun sözlərinə görə, bu il baş tutan "Şairlər Günü" mərhum şairə Nurəngiz Günün xatirəsinə həsr edilib. Bakıya gələn qonaqlar N.Günün məzarını ziyarət edib.
Toplantı AYB-də  simpoziumla davam edib. "Şairlər Günü"nün iştirakçıları axşam saat 17.30-da Mikayıl Müşfiqin xatirəsini yad edəcəklər. Belə ki, M.Müşfiqin simvolik məzarı olan Xəzər dənizinə güllər səpiləcək.
"Şairlər Günü"nün yekunu Beynəlxalq Muğam Mərkəzində baş tutacaq. Əvvəlcə Nurəngiz Günün xatirəsinə həsr edilən film göstəriləcək. Sonra isə mərhum şairənin "Qalanlara" adlı şerlər kitabının təqdimatı olacaq.
V "Şairlər Günü"nün konsert proqramı ilə başa çatacaq.
Qeyd edək ki, "Şairlər Günü"ndə Ukraynadan tanınmış radio aparıcısı Konstantin Doroşenko, Gürcüstandan görkəmli yazıçı Givi Alxazişvili, Türkiyədən İLESAM – Türkiye Elm və Ədəbiyat Sahibləri Məslək Birliyinin başqanı Mehmet Nuri Parmaksız, Rusiyadan, AYB Moskva bölməsinin məsul katibi, şair - Afaq Şıxlı, Özbəkistanın “Kitab Dünyası” qəzetinin baş redaktoru, “Şöhrət” ordenli şair Xasiyyət Rüstəm, Tatarıstan Yazıçılar Birliyin üzvü, şair-publisist Fanil Ganji, tanınmış İran şairi Məhəmməd Riza Cəfəri, Dünya Türk Gənclər Birliyi başqanı Əkrəm Abdullayev, Türkiyə Cümhuriyyəti, Kocaeli Şairlər və Yazarlar Birliyinin qurucu başqanı Alptəkin Cevhərli, Quzey Kıprıs Türk Cümhuriyyəti, araşdırmaçı-yazar Züleyxa Karaman, Özbəkistan Dövlət Şərq Universitetinin dosenti Dış Basın Birliyi başqanı, Aygül Suyunova, Qırğız Yazıçılar Birliyinin üzvü, şair-publisist Ayjarkın Ergeşova, Makedoniya parlamentinin üzvü, araşdırmaçı-yazar Enes İbrahim və başqaları iştirak edir.

"Report"



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az