İkinci Dünya müharibəsi zamanı Bakıya bir dənə də olsun bomba atılmayıb, lakin Azərbaycanın paytaxtı böyük qələbənin əldə olunması üçün əsas açar olub. SSRİ-nin hərbi təyyarələri, tank və gəmilərinin 80%-i Bakı neftinin hesabına qələbəyə yaxınlaşıb.
Bakı "Qəhrəman şəhər” adı verilməsə də, paytaxtımız haqqında çoxlu filmlər çəkilib, tarixi məqalələr yazılıb.
İstiPress-in məlumatına görə, Ukraynanın "İnter” telekanalı da 9 may – Qələbə günü ilə əlaqədar Bakı haqqında sujet hazırlayıb. Sujetdə bildirilir ki, Sovet ordusu və faşistlər Bakı uğrunda, daha doğrusu neft buruqları üçün ölüm savaşına giriblər.
1942-ci ilin yay aylarında Alman ordusu Azərbaycan sərhədlərinə qədər gəlib çatıb. Hətta Bakının işğal tarixi də açıqlanıb – 25 sentyabr. Faşistlərin lideri Adolf Hitlerin doğum günündə kəsdiyi tortla bağlı video da məşhurdur. Kadrlardan görünür ki, tort üzərində Xəzər dənizi və Bakının neft buruqları əks olunub. Hitler tortun Bakı hissəsini kəsib yeyir.
SSRİ də Bakıya neftinə görə böyük önəm verirdi. Ordunun əsas qüvvələrini Bakı ətrafına toplamışdı ki, Hitlerin ordusu şəhərə girə bilməsin.