Vəcihə Səmədova adına sərgi salonunda duyğulu xanım, fəlsəfi duyumlu, uşaqları varlığı qədər sevən İrina Abdullahın fotolarından ibarət “Balaca böyüklərin dünyası” adlı fotosərgi uzun illər öz təəssüratı ilə insanların yaddaşından çıxmayacaq. Bütövlükdə uşaqlara, onların maraq dünyasına, baxışlarına, doğmalarına, valideynlərinə, cəmiyyətə olan sevgiləri fotolarda öz əksini peşəkar şəkildə tapıb. Fotosərginin açılışı günü ən çox diqqət mərkəzində olan tədbirin təşkilatçısı və aparıcısı tanınmış telejurnalist-aparıcı, gözəllər gözəli Rövşanə xanım idi. O, sərgiyə qızı məktəbli-rəssam, öz sərgisi ilə böyüklərin sevgisini qazanan Aylinlə birgə gəlmişdi.

Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov, xalq rəssamı Arif Hüseynov İrina Abdullahın fotosərgisinə yüksək qiymət verərək uşaqlara göstərdiyi diqqət və qayğıya görə müəllifə sonsuz təşəkkürlərini bildirdilər. Elm, təhsil, mədəniyyət, incəsənət xadimlərinin toplaşdığı sərgidə Rövşanə xanım çıxış edərək söylədi: “Bu sərginin ailə dəyərlərinin qorunmasına həsr edildiyindən qürur duyuram. İstəyirəm ki, hər bir uşaq atalı-analı böyüsün. Hər zaman atalarını hiss edib, analarını duysunlar. Uşaqları çox sevirəm. Hər bir uşağın sevinci mənim sevincimdir, valideynlər öz övladlarını qoruyub, onların xoşbəxt gələcəklərini təmin etsinlər. İrina xanımın sərgisində biz xəyalən də olsa qaygısız uşaqlıq illərinə qayıtdıq”.

Məktəbli-rəssam Aylin də fikirlərini Vətəninfo.az-la bölüşdü: “Mən də belə bir sərginin sevincini yaşamışam. Öz sərgimdə bu sevincin nə olduğunu duymuşam. İrina xanımın sərgisi uşaqlara həsr olunduğundan, ona təşəkkür edirəm. Biz böyükləri çox sevirik. Ona görə də həmişə onlardan özümüzə diqqət, qayğı, sevgi istəyirik. Anamla bərabər bu sərgidə çox xoşbəxtəm”.

Sərgi bir neçə gün davam edəcək. Şəkillərin satısı təşkil ediləcək, əldə edilən gəlir ehtiyacı olan uşaqlara sərf ediləcək.
Vətəninfo.az