“Mövqeyimiz “yumşaq” hesab olunursa, deyirəm ki, VİP öz mövqe ifadəsində heç vaxt təhqir leksikonundan istifadə etməyəcək”
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin müsahibəsi:
- Azərbaycanda konstruktiv müxalifət, loyal müxalifət, radikal müxalifət, iqtidaryönlü partiyalar fəaliyyət göstərir. Bu mənada VİP-i hansi kateqoriyaya aid etmək olar?
- Ölkədə mövcud olan partiyaların sualınızda qeyd olunan kateqoriyalarda təqdim olunması siyasi leksikonun tərkib hissəsinə çevrilib. Amma bu partiyaların arasında hər hansı dəqiq təsnifatın aparıldığını söyləmək çətindir. Bildirməliyəm ki, Azərbaycanda radikal müxalifət anlayışı ümumiyyətlə, heç bir partiyaya aid edilə bilməz. Çünki radikal müxalifət dedikdə, adətən, bu ad altında mübarizəsini silahlı yolla aparan siyasi qüvvələr nəzərdə tutulur. Azərbaycanda konstruktivlik anlayışı da nəzəri yanaşmadan fərqli anlamda qəbul olunur. Hazırda konstruktivlik anlayışı Azərbaycanda daha çox satqın, hakimiyyətin maraqlarına birbaşa xidmət edən “müxalifətçilik” kimi başa düşülür. Bu sıralamada daha az rast gəlinən ifadə isə isə təbii ki, loyal müxalifət məfhumudur. O ki qaldı iqtidaryönlü partiyalara – həm müxalifət, həm də iqtidaryönlü siyasi düşərgələrdə hakimiyyətə yaxın olan bu tip partiyalar mövcuddur. Amma ölkədə siyasi partiyaların təsnifatı anlamında müəyyən dəqiqləşdirməyə ehiyac var. Çünki sualda sadalanan partiyalara aid təqdimatlar daha çox media mənsublarının dövriyyəyə buraxdıqları ifadələrdir. Bizim partiyaya gəldikdə isə, deməliyəm ki, Vətəndaş və İnkişaf Partiyası prinsipial müxalifət kateqoriyasına uyğun gələn siyasi təşkilat kimi dəyərləndirilməlidir.
- Siz iqtidara qarşı çox yumşaq bəyanatlar verirsiniz. Bu nə ilə bağlıdır?
- Fikrimcə, bu sual birinci sualınızın davamı olaraq, cavablandırılmalıdır. Bilmirəm, sualınızda işlətdiyiniz “yumşaq bəyanat” ifadəsi nədən qaynaqlanır. Əgər Vətəndaş və İnkişaf Partiyasının hansısa, dediyiniz kimi, konkret “yumşaq bəyanat”ını göstərə bilsəniz, sualınızı haqlı sayaram. Amma VİP-in hakimiyyətə qarşı ardıcıl və prinsipial mövqe tutduğunu təsdiqləyən fəaliyyətini sizə xatırlada bilərəm. VİP siyasi meydana çıxdığı altı il ərzində hakimiyyətə qarşı prinsipial və ardıcıl mövqe nümayiş etdirib. Yaddaşı zəif olanlar üçün bir daha yada salım ki, VİP 2008-ci il prezident seçkilərinin nəticələrini rəsmən tanımayan beş müxalifət partiyasından biri olub. Amma o zaman özlərini müxalifət hesab edən başqa partiyaların nədənsə, səsi çıxmadı. 2008-ci il prezident seçkilərindən sonra hakimiyyətin həyata keçirmək istədiyi Konstitusiya islahatına qarşı yaradılan ən ciddi birlik olan Qarabağ və Respublika Uğrunda Hərəkatın altı təsisçisindən biri məhz VİP oldu. Vətəndaş və İnkişaf Partiyası total surətdə saxtalaşdırılan 2009-cu il bələdiyyə və 2010-cu il parlament seçkilərinin nəticələrini rəsmən tanımayan azsaylı müxalifət partiyalarından biridir. Eyni zamanda, VİP ölkə həyatının müxtəlif sferalarında baş verən qanunsuzluq və özbaşınalıqlara hər zaman operativ və kəskin reaksiya göstərib. Heç kəs unutmasın ki, Vətəndaş və İnkişaf Partiyasının yaradılmasının kökündə də hakimiyyətə yönəlik prinsipial mövqenin saxlanması əzmi dayanıb. VİP-in bu mövqeyini “yumşaq bəyanat” olaraq qiymətləndirənlərin obyektivliyini və səmimiliyini özünüz müəyyənləşdirin. Əgər kimlərinsə siyasi bəyanatlarında yer alan təhqir və yolverilməz ifadələrə VİP-n bəyanatlarında rast gəlinmirsə və buna görə mövqeyimiz “yumşaq” hesab olunursa, deyirəm ki, VİP öz mövqe ifadəsində heç vaxt təhqir leksikonundan istifadə etməyəcək. Biz öz fəaliyyətimizdə siyasi etikadan kənara çıxılmasını düzgün hesab etmirik.
- Əli Həsənov QHT və media nümayəndələri ilə görüşüb. Növbədə siyasi partiyalardır. Bunu iqtidar- müxalifət dialoqunun başlanğıcı kimi qiymətləndirmək olar, yoxsa bu yenə də imitasiyadır?
- Prezident Administrasiyasının rəsmisi Əli Həsənovun qeyd etdiyiniz fəaliyyəti diqqətə layiqdir. Əslində Əli Həsənovun QHT və media nümayəndələri ilə görüşü həm də onun siyasi partiyalarla görüşünün ilkin mərhələsi kimi dəyərləndirilə bilər. Mən də hesab edirəm ki, bundan sonrakı mərhələdə Əli Həsənov hakimiyyətin təmsilçisi olaraq, siyasi qurumlarla təmaslara başlayacaq. Əlbəttə ki, bunun hakimiyyət-müxalifət dialoqunun başlanması və yaxud da həmin dialoqun bir mərhələsi olaraq dəyər qazanması mümkündür. Bu təşəbbüsün imitasiya olub, olmaması isə prosesin gedişində məlum olacaq. Eyni zamanda, hakimiyyətin bu addımının imitasiya olmaması üçün müxalifət də güclü, ardıcıl və prinsipial olmalıdır.
- VİP-in 2013-cü ildə keçiriləcək prezident seçkilərində iştirakı nəzərdə tutulub, yoxsa başqa bir namizədi dəstəkləyə bilər?
- VİP artıq 2013-cü il prezident seçkiləri ilə əlaqədar mövqeyini bir neçə dəfə ifadə edib. Prezident respublikası olan Azərbaycanda bu siyasi kampaniyanın necə böyük əhəmiyyət daşıdığını ətraflı izah etməyə ehtiyac yoxdur. Bu barədə danışarkən ilk növbədə qeyd etməliyik ki, hakimiyyət 2013-cü il prezident seçkilərində özü üçün çox mühüm psixoloji baryeri keçməlidir. Yəni burada söhbət İlham Əliyevin prezident seçkilərində ardıcıl üçüncü dəfə namizədliyini irəli sürüb-sürməyəcəyindən gedir. Fikrimcə, prosesin necə getməsindən asılı olmayaraq, hakimiyyət bu mərhələdə öz monolitliyini qoruyub saxlamağa və iqtidar namizədinin kimliyindən asılı olmayaraq, əlindəki inzibati resurslardan maksimum faydalanmağa çalışacaq. Bu səbəbdən, müxalifət də hakimiyyətin öz ətrafında formalaşdırdığı gücə real alternativ sayılacaq bir qüvvə kimi meydana çıxmaq üçün düşərgədaxili bütün imkanlarını maksimum səfərbər etmək qabiliyyətini göstərməli, təşkilatlanma istiqamətində hərəkətə keçməlidir. Bizim yanaşmamıza görə, müxalifət indiki mərhələdə seçki qanunvericiliyinin dəyişdirilməsi yöndə səylərini birləşdirməli və bu istiqamətdə real addımlar atmalıdır. Hər halda, bu məqam müxalifətin bir araya gəlməsi üçün olduqca mühüm məqam və stimuldur. Biz payızdan başlayaraq, Seçki Məcəlləsinin dəyişdirilməsi istiqamətində birgə fəaliyyətə başlamaq çərçivəsində dayanıqlı razılığa gəlməliyik. Eyni zamanda, müxalifətin bu birliyi ölkədə seçki mühitinin hüquqi əsaslarının dəyişdirilməsi ilə yanaşı, real siyasi dəyişikliklər üçün də ciddi zəmin yarada bilər. Əgər müxalifət olaraq, bu şərtləri dəyişdirə biləriksə, növbəti mərhələdə narazı elektoratın parçalanmamasını təmin edəcək addımların atılması daha da asanlaşar. Bunun nəticəsində isə ölkədə zəruri olan ikiqütblü siyasi müstəvinin oturuşmasını təmin etmək olar. Sadalananlar öz həllini taparsa, o halda müxalifət ölkədə vəziyyətin köklü şəkildə dəyişməsini istəyən cəmiyyətin bütün kəsimlərinin maraqlarının vahid ifadəçisinə çevrilə bilər və onun vahid namizədinin qələbə şansları da xeyli yüksələr. Bu, baş verməsə, o zaman yalnız ayrı-ayrı siyasi qüvvələrin qrup və firqə maraqlarının cüzi təminatının şahidi olacağıq. Ona görə də, VİP-in 2013-cü il prezident seçkiləri ilə bağlı yekun mövqeyinin müəyyənləşməsi müxalifətin ümumi şəkildə verəcəyi qərarlardan asılı olacaq. Hesab edirik ki, 2013-cü ilin mart ayına qədər müxalifətin birgə təşkilatlanma imkanları mövcud olacaq. Bu baxımda, bu ilin payızından etibarən, dediyim istiqamətdə addımların atılması lazımdır. Əgər 2013-cü ilin mart ayına qədər müxalifət daxilində təmərküzləşmə prosesində gözlənilən nəticə əldə olunmazsa, o zaman VİP müttəfiqləri ilə birgə situasiyanı dəyərləndirərək, seçkilərlə əlaqədar konkret qərar qəbul edəcək.
- Son vaxtlar mətbuatda iqtidar daxilində problemlərin dərinləşməsindən yazılır. Sizcə, bu, nə dərəcədə realdır və bu narazılıq iqtidarın parçalanmasına gətirə bilərmi?
- Diqqət etmisinizsə, ümummilli seçkilər ərəfəsində hakimiyyət öz daxilindəki ziddiyyətləri ustalıqla qabardır. Amma əksər hallarda həmin qeyd olunan ziddiyyətlər həddindən artıq şişrdilir və reallığı əks etdirmir. Bu, həm də müxalifət daxilində təsəvvür olunan hakimiyyətdaxili qarşıdurmaların siyasi uğura asanlıqla yol açdığına dair yanlış qənaətlər formalaşdırır. Əminliklə deyirəm ki, bütün bunlar hakimiyyət ideoloqları tərəfindən hazırlanıb dövriyyəyə buraxılan məlumatlardlr və müxalifətdə arxayınılıq, reallıq hissinin itirilməsinə hesablanmış gedişlərdir. Hakimiyyət mənsubları gözəl dərk edirlər ki, iqtidarı itirəcəkləri təqdirdə cidi problemlərlə üzləşə bilərlər. Ona görə də, hakimiyyət təmsilçiləri iqtidarın itirilməməsi üçün zəruri şəraitdə bir arada olmağın vacibliyini başa düşürlər və buna uyğun davranırlar. Amma təbii ki, qarşıdakı seçki ilində hakimiyyət daxilində müəyyən, hətta ciddi problemlərin baş qaldırması ən azı nəzəri baxımdan mümkündür. Lakin müxalifət öz fəaliyyətini hakimiyyət daxilində baş verib, verməyəcəyi bilinməyən proseslərə bağlamamalı, bütün situasiyalarda düzgün qərarlar qəbul etməyi bacarmalıdır. Yəni müxalifət öz real fəaliyyəti ilə hakimiyyətin daxilində problemlərin yaranmasna nal olmalıdır. Hakimiyyət daxilində isə o zaman real problemlər baş qaldıracaq ki, müxalifəti hakimiyətə gəlmək imkanları artacaq. Əks halda, hakimiyyət daxilində gözlənilən və ya arzuolunan problemlərin kəskin formada təzahürünü gözləməyə dəyməz.
azpolitika.com