O, hesab edir ki, bu müəssisə istifadəyə verildikdən sonra baxımsız uşaqlarla işləmək daha rahat olacaq, onların valideynlərini müəyyən məsuliyyətlərə cəlb etmək imkanları artacaq.
Həmin müəssisənin yaradılmasını çox vacib sayan A.Sofiyeva əlavə edib
ki, sığınacaqlar olduqdan sonra baxımsız uşaq aşkar edilən kimi onu
həmin mərkəzlərə yerləşdirmək və problemini dərindən öyrənmək mümkün
olacaq: "Uşağı həmin yerə yerləşdirdikdən sonra bir neçə gün ərzində
onun problemləri ilə məşğul olmaq mümkün olacaq. Əgər uşaq
kimsəsizdirsə, o, dövlət müəssisəsinə, valideyni varsa, valideyninə
təhvil veriləcək. Bu halda valideynə xəbərdarlıq və ya onu məsuliyyətə
cəlb etmək olar”.
Azərbaycanda 4-5 il əvvəl UNICEF ilə birgə baxımsız uşaqlarla bağlı
tədqiqatlar apardıqlarını deyən qurum rəsmisi qeyd edib ki, gələn il
növbəti araşdırmanın aparılması planlaşdırılır.
Komitənin Azərbaycanda şikəst uşaqların dilənçiliyə cəlb edilməsi halları ilə rastlaşdığını da deyən A.Sofiyevanın sözlərinə görə, belə halların baş verməməsi məqsədilə komitə tərəfindən valideyn məsuliyyətinin artırılması ilə bağlı hazırlanmış təkliflər artıq qanunvericiliyə daxil edilib. Qanunvericiliyə əsasən, valideyn uşağını küçə həyatına məruz, eyni zamanda nəzarətsiz qoyduqda ona qarşı müəyyən cəza tədbirləri tətbiq edilə bilər.