Vətəninfo.az xəbər verir ki, İsveçrənin paytaxtı Bern şəhərində Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfirliyinin və İsveçrə-MDB Ticarət və Sənaye Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan-İsveçrə Biznes Forumu keçirilib.. Səfirlikdən verilən məlumata görə, biznes forumda İsveçrə və Azərbaycanın bir çox şirkətlərini və rəsmi qurumlarını, eləcə də Berndəki diplomatik korpusu təmsil edən 150-dək şəxs iştirak edib.
Forumu giriş sözü ilə Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfiri Əkrəm Zeynallı və İsveçrə-MDB Ticarət və Sənaye Palatasının icraçı direktoru Dorit Sallis açıb, daha sonra Azərbaycan Respublikası iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev çıxış edib, eləcə də İsveçrə Konfederasiyası Federal Şurasının ticarət sazişləri üzrə xüsusi nümayəndəsi səfir Livia Loy və AZPROMO-nun rəhbəri Rüfət Məmmədov təqdimat ediblər.
Nazir Ş. Mustafayev çıxışında son illər ərzində Azərbaycan-İsveçrə iqtisadi əməkdaşlığının uğurla inkişaf etdiyini və iki ölkə arasında əlaqələrin genişləndirilməsində özəl bölmənin rolunu vurğulayıb.. Nazir Azərbaycan iqtisadiyyatı barədə də məlumat verib, ölkəmizin etibarlı tərəfdaş, Cənubi Qafqaz regionunun iqtisadi və mədəni mərkəzi olduğunu, siyasi və makroiqtisadi sabitliyin təmin edildiyini, ölkəmizin əlverişli coğrafi mövqedə yerləşdiyini, eləcə də Azərbaycanda investorlar üçün əlverişli şərait yaradıldığını vurğulayıb. Forumda Azərbaycanın iqtisadi uğurlarının beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirildiyi diqqətə çatdırılıb.
Ş. Mustafayev Azərbaycanın regionun və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı əhəmiyyətli rol, ölkəmizin təşəbbüskarı və iştirakçısı olduğu iri enerji və regional nəqliyyat layihələri barədə məlumat verib. Nazir Azərbaycan və İsveçrə arasında iqtisadi əlaqələrin genişlənməsi, yeni əməkdaşlığın qurulması baxımdan biznes forumun əhəmiyyətini vurğulayıb, İsveçrə şirkətlərini Azərbaycanda həyata keçirilən investisiya layihələrində, ölkədə yaradılan sənaye parklarında fəal iştiraka dəvət edib.
Forumun təqdimat hissəsinin sonunda AZPROMO ilə İsveçrə-MDB Ticarət və Sənaye Palatası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Aliyə
Vətəninfo.az