Dağlıq Qarabağ separatçı rejiminin növbəti "prezident seçkiləri" şousunun beynəlxalq səviyyədə adekvat reaksiya ilə üzləşməməsi dünya siyasətində beynəlxalq hüquq normalarına münasibətdə "ikili standartlar"ın hökm sürdüyünü bir daha təsdiqlədi. Dünya siyasətində "orbitr" statusuna iddia edən bir sıra dövlətlərin, müəyyən beynəlxalq təşkilatların, xüsusilə münaqişənin həlli missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupu həmsədrlərinin məsələyə qətiyyətsiz münasibəti beynəlxalq hüququn özünün formal səciyyə daşımağa başladığını bir daha göstərdi.
Ümumilikdə regionda sülh, sabitlik və iqtisadi əməkdaşlığa ciddi təhlükə olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarda bu il ciddi durğunluq müşahidə olunur. Təəssüf doğuran haldır ki, danışıqlar prosesinə real təsir imkanlarına malik aparıcı dövlətlər və təşkilatlar problemin həllinə nail olmaq üçün konkret təzyiq mexanizmlərindən istifadə etmək istəmirlər. Fövqəlgüc dövlətlərinin geosiyasi maraqlarından çıxış edərək bəzi ərəb ölkələrinə qarşı tələm-tələsik qətnamələr qəbul edən BMT-nin 1992-1993-cü illərdə və sonra qəbul etdiyi çoxsaylı analoji sənədlərə münasibətdə ifrat loyallıq nümayiş etdirməsi "ikili standartlar"ın real mənzərəsini göz önünə gətirir. BMT qərarlarının heç də hamısının səmərəli təsir gücünə malik olmadığını təşkilatın Təhlükəsizlik Şurasının Ermənistanın təcavüzkar siyasəti ilə bağlı qəbul etdiyi 4 qətnaməsinin kağız üzərində qalması bu faktı bir daha təsdiqləyir.
Bu gün ölkədaxili milli hüquq sahələri subyektlərin nəinki maddi və prossesual hüquqlarını qoruyur, habelə çeşidli mənəvi hüquqlarının da qorunmasını özündə ehtiva etməklə çox böyük inkişaf yolu keçmişdir. Milli hüquq hüquqi təminat və qanunsuzluğun aradan qaldırılması mexanizmlərinin işləkliyi baxımından beynəlxalq hüququ müqayisə edilməyəcək səviyyədə üstələmişdir. Son dövrdə "güclünün hüququ", "yumruq hüququ" kimi yeni anlayışlar əxz etmiş beynəlxalq hüquq nəinki milli hüquqların qibtə etməyəcəyi səviyyəyə enmiş, həm də beynəlxalq hüququn "gərəksizləşməsi", habelə güclü dövlətlərin beynəlxalq maraqlarının təminatı "vasitəsi"nə çevrilməsi prosesləri güclənmişdir. Beynəlxalq hüququn "gərəksizləşməsi" prosesi güclü dövlətlərə hüdudsuz "fəaliyyət azadlığı" verir ki, bu da müxtəlif ölkələrin işğalı və dövlətlərin beynəlxalq hüquqlarının pozulması ilə nəticələnən halları kütləviləşdirir. Təəssüf hissi ilə qeyd etmək olar ki, bu kimi faktlarla son vaxtlar daha çox qarşılaşırıq. Doğrudanmı, beynəlxalq hüququn "gərəksizləşməsi", onun güclünün hüququna çevrilməsi son nəticədə "beynəlxalq özbaşınalığın" güclənməsinə səbəb olacaq və dünyanı nəhəng bir "beynəlxalq cəngəlliyə" çevirəcək? Beynəlxalq hüquq normalarına məhəl qoymadan güclü bir dövlətin digərinin ərazisinə soxulması, ərazisini işğal etməsi, "lazım gələndə" beynəlxalq təşkilatların, hətta BMT-nin belə müvafiq qərarlarının qəbul edilməsini gözləmədən "cəzalandırma əməliyyatı"na başlaması bəşəriyyətə yaxşı heç nə vəd etmir. Ölkədaxili milli hüquqla beynəlxalq hüququn üz-üzə qoyulması son nəticədə milli hüququn da beynəlxalq hüququn "xəstəliyinə" yoluxmasının kütləviləşməsinə və milli hüququn da eybəcərləşməsinə səbəb ola bilər. Çünki qondarma soyqırımlarının tanınması barədə qəbul olunan absurd qanunlar milli hüququ beynəlxalq hüququn bədnam "köməkçi"sinə çevirir ki, bu da yolverilməzdir. Belə proseslər milli hüquqi nailiyyətləri heçə endirir. Bunun acı fəsadları da ölkə vətəndaşlarının, habelə bütövlükdə insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasına gətirib çıxarır. Bu proseslər bədnam hüquqi təcrübəyə çevrilərək digər ölkələrdə də analoji proseslərə xaotik rəvac verir. Bütün bunlar beynəlxalq hüququ daha da eybəcərləşdirir və onu doğrudan da, güclünün hüququna çevirir. Əvvəllər müxtəlif ölkələrin milli hüquqlarının həmrəylik nümayiş etdirərək beynəlxalq hüququn əleyhinə "etiraz nümayişi"nə qalxıb onunla "qohumluq əlaqələri"ni kəsmək istəsəydilər, bunu təbii qəbul etmək olardı. Amma bu gun güclü dövlətlərdə milli hüququn siyasi hakimiyyətin təzyiqi altında beynəlxalq hüquqa "dəstək" verməsi absurd qanunların qəbul edilməsində ifadə olunur. Bu da nəinki insan hüquq və azadlıqlarını pozur, həm də hüquq mədəniyyətinə, bəşəriyyətin minillər boyu əldə etdiyi mənəvi dəyərlərə, habelə sivilizasiyalararası dialoqun əldə etdiyi uğurlara sarsıdıcı zərbə vurur.
Beynəlxalq hüququn təməl prinsiplərindən geri çəkilmələr, beynəlxalq hüquqi müstəvidə ədalətsizliyin bərqərar olmasına gətirib çıxarır ki, bu da yolverilməzdir. Beynəlxalq münaqişələrin dondurulması kimi bədnam təcrübə də bu cür ədalətsizliklə nəticələnir. Milli, irqi, dini və s. zəmində baş verən münaqişələr zamanı problemin dondurulması başadüşüləndir. Çünki insan münasibətlərinin normallaşdırılmasının zamana ehtiyacı var. Amma belə münaqişələr işğal faktı ilə müşahidə olunanda beynəlxalq təşkilatın, konkret halda BMT-nin gözləmə mövqeyi tutması onun problemi həll etmək istəməməsi fikrindən xəbər verir. Dövlətin ərazisi onun BMT-yə üzv qəbul edilərkən təşkilatın bütün üzvləri tərəfindən hamılıqla tanınan əsas atributlarındandır. BMT-nin üzvü olan dövlətin ərazi bütövlüyünün işğal nəticəsində pozulmasına seyrçi qalmaq, işğal faktını aradan qaldırmaq üçün təxirəsalınmaz tədbirlərin görülməməsi, ilk növbədə, beynəlxalq hüququ "eybəcərləşdirərək gərəksizləşdirir", BMT-yə isə başucalığı gətirməməklə onun fəaliyyətində qanundan kənar subyektiv amillərin rəhbər tutulduğunu göstərir.
Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının işğaldan azad edilməsi barədə BMT-nin Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsinin icra edilməməsi də məhz bu məqamlardan xəbər verir. Görünür, xristian təəssübkeşliyindən tutmuş supergüclərin geosiyasi maraqlarına qədər çeşidli səbəblər bu qətnamələrin icra edilməməsi, Azərbaycanın dünya birliyi tərəfindən hamılıqla tanınmış ərazisinin 20 faizinin işğal altında saxlanılmasının davam etdirilməsi və bir milyondan artıq soydaşımızın öz doğma yurdlarına qayıtmasına yol verilməməsini şərtləndirir. Belə bir şəraitdə nəinki bir milyondan artıq qaçqın və məcburi köçkün statusunda yaşayan soydaşlarımız, habelə bütün azərbaycanlılar və işğal faktının yolverilməzliyini qəbul edən tərəqqipərvər insanlar beynəlxalq hüququn məhz güclünün hüququ olmasını, BMT-nin isə güclünün mənafelərinə xidmət edən bir təşkilat olduğunu anlayır.
Dünyada sülhün və təhlükəsizliyin təminatçıcı olan BMT Nizamnaməsinin 1-ci maddəsinin 1-ci bəndində təşkılatın əsas vəzifəsi kimi "beynəlxalq sülhü qorumaq və bu məqsədlə təcavüz hərəkətlərinə və ya sülhün pozulmasına yönəlmiş digər pozuntulara qarşı təsirli kollektiv tədbirlər həyata keçirmək" nəzərdə tutulur.
Təcavüz aktının baş verməsilə təcavüzə məruz qalmış dövlət BMT Nizamnaməsinin 39-cu maddəsinə uyğun olaraq, BMT-nin Təhlükəsizlik Şurası qarşısında təcavüzkar dövlətin məsuliyyəti məsələsini qoyur. Təcavüz anlayışının müddəalarının birində göstərilən faktın olması kifayət edir ki, Təhlükəsizlik Şurası təcavüzkara qarşı Nizamnamənin VI-VII fəsillərinə uyğun olaraq məcburiyyət tədbirləri görsün.
1974-cü il dekabrın 14-də BMT Baş Məclisinin 29-cu sessiyasının 3314 saylı qətnaməsində ilk dəfə olaraq təcavüz anlayışının mahiyyəti və məzmunu açıqlandı və ona beynəlxalq hüquqi qiymət verildi. 8 maddədən ibarət olan qətnamədə təcavüzün nədən ibarət olması müəyyənləşdirildi. 1-ci maddədə göstərilir ki, bir dövlət tərəfindən dıgər dövlətin suverenliyinə, ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı silahlı qüvvə tətbiq edilməsi BMT Nizamnaməsinə ziddir və təcavüzkarlıq hesab olunur. 2-ci maddədə deyilir ki, dövlətin BMT Nizamnaməsini pozaraq birinci olaraq silahlı qüvvə tətbiq etməsi təcavüz aktına sübutdur. 3-cü maddədə: a) bir dövlətin silahlı qüvvələrinin digər dövlətin ərazisinə müdaxilə və ya hücum etməsi, yaxud müvəqqəti xarakter daşımasından asılı olmayaraq hər hansı bir hərbi işğal və ya müdaxilə nəticəsində ərazinin ilhaqı; b) bir dövlətin silahlı qüvvələri tərəfindən digər dövlətin ərazisinin bombardman edilməsi ..;
v) bir dövlət tərəfindən və ya onun adından, silahlı qüvvələrin, qeyri-nizami dəstələrin və ya muzdluların göndərilməsi və s. təcavüz aktı kimi qiymətləndirilir.
Qətnamənin 5-ci maddəsində göstərilir ki, heç bir siyasi, iqtisadi, hərbi və ya başqa mülahizələr təcavüzə haqq qazandıra bilməz; təcavüz beynəlxalq sülhə, əmin-amanlığa qarşı cinayətdir və bu cinayəti törədənlər beynəlxalq məsuliyyət daşımalıdırlar; təcavüz nəticəsində ərazi əldə edilməsi və yaxud hər hansı mənfəət qazanılması qeyri-qanunidir.
Ermənistan tərəfindən qətnamədəki hər hansı bir bəndin, ümumiyyətlə, əksər maddələrin pozulması belə bir nəticəyə gəlməyə imkan verir ki, bu, əsl təcavüz hərəkətləridir. Ermənistanın bu təcavüzkarlığı BMT Nizamnaməsində nəzərdə tutulan öz müqəddəratını təyin etmək hüququnun həyata keçirilməsi deyil, Nizamnamənin 2-ci maddəsinin 4-cü bəndinin kobud şəkildə pozulması - başqa dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı zor işlədilməsi deməkdir. Bunu belə bir fakt da təsdiq edir ki, Ermənistan parlamenti bütün beynəlxalq hüquq normalarını kobudcasına pozaraq hələ 1989-cu ildə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Ermənistana birləşdirilməsi, yəni qonşu dövlətin ərazisinin bir hissəsinin işğal olunması haqqında qeyri-qanuni qərar qəbul etmiş və bu qərarın indiyədək ləğv edilməməsi Ermənistanın ölkəmizə qarşı dövlət səviyyəsində ərazi iddiasında olmasına sübutdur.
Ümumiyyətlə, Ermənistan Respublikası bütün beynəlxalq hüquqi sənədləri, xüsusilə BMT Nizamnaməsinin I və II maddələrində, 1970-ci il 24 oktyabr tarixli beynəlxalq hüququn prinsipləri haqqında bəyannamədə, eləcə də 1975-ci il 1 avqust tarixli ATƏM-in Helsinki Yekun Aktında ifadə olunmuş beynəlxalq hüququn əsas prinsiplərini kobudcasına pozmuşdur. Bununla yanaşı, Ermənistan başqa dövlətlərin ərazisində yaşayan erməni icmalarının hüquqlarını müstəqil xalqların əsas hissəsinin hüquqları ilə qəsdən üz-üzə qoyur və müstəqil dövlətlərin ərazi bütövlüyünə münasibətdə erməni etnik qruplarının hüquqlarına əsassız üstünlük verir. Beynəlxalq hüquq normalarının bu cür ermənisayaq təfsiri dövlətlərin ərazi bütövlüyü və sərhədlərin dəyişdirilməsinin qeyri-mümkünlüyü haqqında 1990-cı il noyabrın 21-də qəbul edilmiş yeni Avropa üçün Paris Xartiyasına da tamamilə ziddir və qəbuledilməzdir.
Buna baxmayaraq, Ermənistan tərəfi ermənilərin öz müqəddəratını təyinetmə hüququnu əsas gətirərək Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınmasına çalışır. Ancaq ermənilər öz müqəddəratını təyinetmə hüququndan hələ XX əsrin əvvəllərində ən yüksək səviyyədə istifadə edərək özlərinin müstəqil dövlətini - Ermənistan Respublikasını yaratmışlar. Dövlət başçısı İlham Əliyev çıxışlarında dəfələrlə bəyan etmişdir ki, bugünkü Ermənistan dövləti 1918-ci ildə qurularkən tarixi Azərbaycan torpaqlarında, İrəvan xanlığı və Zəngəzur mahalı ərazilərində yaradılmışdır.
2003-cü ilin sentyabrında BMT Baş Məclisinin 58-ci sessiyasında iştirak edən Azərbaycan Respublikasının Baş naziri İlham Əliyev çıxışında beynəlxalq aləmdə mürəkkəb proseslərin cərəyan etdiyi dövrdə üzvlərin arasında qarşılıqlı anlaşılmazlıqların meydana çıxmasına görə, BMT TŞ-nin şəraitə uyğun, çevik və adekvat münasibət göstərə bilməməsini qeyd edərək mövcud BMT mexanizmlərinin zamanın tələbinə cavab vermədiyini vurğulamış və bununla bağlı təşkilat daxilində islahatların vacib məsələyə çevrildiyini bildirmişdir. Onun fikrincə, BMT Təhlükəsizlik Şurasında "həm bugünkü, həm də yarıməsrlik reallıqlar öz əksini tapmalıdır".
Azərbaycan Respublikası BMT mexanizmlərinin yenidən işlənməsini, xüsusilə də Təhlükəsizlik Şurasının daimi üzvlərinin veto hüququna yenidən baxılmasını təklif etmişdir. Belə ki, Azərbaycan beynəlxalq aləmdə BMT-nin rolunun artırılması və mövcud problemlərin həllində daha təsirli tədbirlərin görülməsinə nail olmaq üçün əlavə addımların atılması zərurətini BMT Baş Məclisinin 2004-cü ilin sentyabrında keçirilən 59-cu sessiyasında yenidən gündəmə gətirmişdi. Sessiyada çıxış edən Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin hələ də icra edilmədiyini bəyan etmiş və onların həyata keçirilməsinin işlək mexanizminin yaradılmasını vacib məsələ kimi irəli sürmüşdür. Eyni zamanda, Azərbaycanın dövlət başçısı bildirmişdir ki, "Təkmilləşdirilmiş Təhlükəsizlik Şurası daha geniş tərkibli, daha çox məsuliyyətli və demokratik, onun iş metodları daha şəffaf olmalı, XXI əsrin yeni təhdidləri, riskləri və təhlükələrinə daha operativ cavab verilməlidir".
Heç bir dövlətin daxili işinə qarışmayan, yalnız beynəlxalq hüquq norma və prinsiplərindən çıxış edən rəsmi Bakı BMT-nin ötən il Liviya ilə bağlı qəbul etdiyi qətnaməni, NATO-nun bu ölkəyə qarşı hərbi əməliyyatlarını haqlı olaraq dəstəklədi. Şimali Atlantika Alyansının Əfqanıstan və İraqdakı məlum sülhyaratma missiyasına hərtərəfli dəstək verən Azərbaycan Liviya ilə bağlı məsələdə də gözləmə mövqeyi tutmadı. Respublikamızın hazırda Suriyadakı vəziyyətlə bağlı mövqeyi də birmənalı və qəti olub beynəlxalq hüquq normalarına əsaslanır. Rəsmi Bakı istənilən beynəlxalq gərginlik və münaqişənin ayrı-ayrı dövlətlərin siyasi iddiaları, "ikili standartlar" əsasında deyil, məhz aparıcı beynəlxalq təşkilatların qərar və qətnamələri əsasında həllinin tərəfdarı kimi çıxış edir. BMT-nin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı çoxsaylı qətnamə və qərarlarına eyni münasibəti göstərməməsi isə müəyyən suallar doğurur.
BMT 70 ilə yaxın müddətdə əsasən hərbi-siyasi təşkilat kimi tanınıb. Onun müəyyən prosesləri tənzimləmək üçün güc tətbiq etmək təcrübəsi mövcuddur. 1945-ci ilin oktyabrında yaradılmış bu qurumun Nizamnaməsinin 51-ci maddəsində göstərilir ki, hər bir dövlət özünün ərazi bütövlüyünü müdafiə etmək üçün istənilən anda hərbi yoldan istifadə edə bilər və hər bir dövlətin də özünümüdafiə hüququ var.
2001-ci ilin məlum 11 sentyabr hadisələrindən sonra "əl-Qaidə" təşkilatını və "Taliban" rejimini Amerikaya hücumda təqsirləndirən rəsmi Vaşinqton məhz BMT Nizamnaməsinin 51-ci maddəsini əsas götürərək 2001-ci il oktyabrın 7-də Əfqanıstanda müharibəyə başladı. BMT-dən heç bir icazə almadan, BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qərarını gözləmədən hərbi əməliyyatlar başlandı. Bundan əvvəl İraqla müharibəyə başlayan ABŞ yenə də BMT-nin mövqeyinə məhəl qoymamışdı. İndi də Suriyada bioloji və bakterioloji silahlardan istifadə ehtimalını gündəmə gətirərək əməliyyatlara başlayacağını bəyan edib. Əlbəttə, kütləvi qırğın silahlarından istifadə bəşəriyyət üçün böyük fəlakət olardı. Ancaq söhbət burada bir dövlətin maraqlarının bütün beynəlxalq hüququn prinsiplərinin fövqündə dayanmasından gedir.
BMT Nizamnaməsinin 25-ci maddəsində göstərilir ki, təşkilatın Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarların yerinə yetirilməsi icbari xarakter daşıyır. Qeyd etdiyimiz kimi, təşkilatın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnaməsində erməni hərbi birləşmələrinin qeyd-şərtsiz Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması məsələsi əksini tapıb. Amma buna baxmayaraq, təşkilat Azərbaycanla bağlı qətnamələrini 20 ildir ki, icra etmir. Bunun səbəblərindən biri də odur ki, təşkilatın beş daimi üzvü hərbi gücün tətbiqi ilə bağlı qərar qəbul edərkən tamamilə öz geosiyasi maraqlarından çıxış edir. Burada, əsasən, Çin və Rusiyanın maraqları ABŞ, Böyük Britaniya və Fransa ilə tez-tez toqquşur. Bir daimi üzvün veto tətbiq etməsi isə konkret qərarın qəbuluna mane olur. Belə olan təqdirdə, təşkilat iflic vəziyyətinə düşür. Bu, BMT-nin, əslində, bir neçə aparıcı dövlətlərin nüfuz dairəsində olduğunu, daha dəqiqi, "fövqəlgüclər"in təsiri altında hərəkət etdiyini göstərir. Məhz bu vəziyyəti nəzərə alan rəsmi Bakı BMT-də yuxarıda qeyd edildiyi kimi, müəyyən islahatların aparılmasının təşəbbüskarı kimi çıxış edir.
Münaqişənin həllinin uzanmasının əsas səbəblərindən biri də fikrimizcə, regionda nüfuz savaşının başa çatmaması ilə bağlıdır. Yəni, bölgəni təsir dairəsinə daxil etmək istəyən "supergüclər" regiondakı münaqişələrdən təzyiq "rıçaq"ları kimi istifadə etməyə çalışırlar. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həllində fəal rol oynamaq şansı isə regionda əlahiddə nüfuz sahibi olmaq iddiasının gerçəkləşməsi deməkdir. Münaqişənin təminatlı həlli istənilən halda ABŞ, Rusiya və Fransa "üçlüyü"nün qarşılıqlı güzəştindən əhəmiyyətli dərəcədə asılıdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli, ilk növbədə, bu güclər arasında konsensusun əldə olunmasından, nüfuz savaşının başa çatmasından asılıdır. Rusiya son illərdə müəyyən fəallıq göstərərək belə bir şans əldə etməyə çalışsa da, son nəticədə regiondakı "for-post"unun üzərinə getməyə özündə cəsarət tapmadı. Daha dəqiqi, münaqişənin həllinin Moskvaya sərfəli görünmədiyini açıq etiraf etməyin vaxtı çatıb.
İşğal faktı ilə barışmayacağını hər zaman bəyan edən Azərbaycan danışıqların sonadək nəticəsiz qalacağı təqdirdə münaqişənin həllində güc yoluna əl atacağını gizlətmir. Söhbət ondan gedir ki, Ermənistan və Azərbaycan arasında 1994-cü ilin mayın 12-də atəşkəs rejiminin tətbiqini nəzərdə tutan Bişkek müqaviləsinin imzalanmasından 18 il keçsə də, İrəvanın qeyri-konstruktiv, təcavüzkar siyasəti üzündən beynəlxalq birliyin münaqişəni dinc yolla tənzimləmək cəhdləri hələ ki fayda verməyib. Ötən illərdə ATƏT-in Minsk qrupunun həmsədrlərinin (ABŞ, Fransa, Rusiya) vasitəçiliyi ilə aparılan üzücü və gərgin danışıqlar prosesi bir neçə dəfə problemin real həlli müstəvisinə yönəlsə də, Ermənistan rəhbərliyinin aşkar siyasi cığallığı və siyasi qətiyyətsizliyi üzündən sülhə gəlmək mümkün olmayıb. Belə görünür ki, hazırda danışıqlar prosesinin dondurulması da məhz nizamlanma prosesinin uzadılmasına, Ermənistanın vaxt udmasına hesablanıb. İşğalçı dövlətin belə mövqe tutması onun Minsk qrupu həmsədrlərinə, əsasən də Fransa və Rusiyaya arxalanması ilə izah olunur.
Minsk qrupuna rəhbərlik edən dövlətlər sanki missiyalarını unudaraq təcavüzkar Ermənistana açıq-aşkar himayədarlıq edirlər. Onlardan biri qeyri-qanuni olaraq Ermənistana 1 milyard dollar məbləğində silah satır, digəri Azərbaycanın iradəsinin əleyhinə olaraq separatçı rejimə hər il maliyyə yardımı göstərir. Üçüncüsü isə qondarma, saxta "erməni soyqırımı" iddialarını qəbul etməyən, erməni məkrinə etiraz edən vətəndaşlarını cinayət məsuliyyətinə cəlb etmək istəyir. Bitərəf həmsədrlik institutu budurmu?
Azərbaycanın son 18 ildə danışıqlar prosesində ədalətli, prinsipial və beynəlxalq hüquqa əsaslanan mövqe nümayiş etdirməsi həm təcavüzkar tərəfə, həm də dolayısı ilə onu təcavüzkarlığa şirnikləndirən ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlərə yaxşı məlumdur. Lakin aşkar görünür ki, "demokratiya çətiri" altında özünün imperialist siyasətini yürüdən, geosiyasi və iqtisadi maraqları ətrafında reveranslar edən bəzi aparıcı dövlətlərin ikili oyunları beynəlxalq hüququ iflic duruma gətirib. Qarabağ münaqişəsinə ədalətsiz yanaşma da kifayət qədər üzdədir. Ermənistanın təcavüzkar dövlət olması, beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq işğalçılıq siyasəti yürütməsi təəssüf ki, etiraf olunmur. Halbuki BMT ilə yanaşı, ATƏT-in, AŞ PA-nın, İƏT-in sənədlərində də Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktı birmənalı qeyd olunub. Bütün bunlar hüquqi və siyasi baxımdan xeyrimizə olsa da, reallıqda heç nə dəyişmir.
Dünya nizamını müəyyənləşdirən güclər işğala göz yummaqla hələ də təcavüzkarı himayə edirlər. 2008-ci ildə BMT-də Azərbaycanın ərazi bütövlüyü ilə bağlı keçirilən səsvermədə həmsədr dövlətlərin bitərəf qalması bunun əyani təcəssümü idi. 2010-cu ildə ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsinin "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi qətnamə təkcə qardaş Türkiyənin deyil, həm də Azərbaycanın əleyhinə yönəlmişdi. Belə bir ədalətsiz və qərəzli qətnamənin qəbulu göstərdi ki, Azərbaycan ictimaiyyəti ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlərə qarşı inamsızlıq və etimadsızlıq nümayiş etdirməkdə tamamilə haqlıdır. Eyni sözləri 2011-ci ildə qondarma "erməni soyqırımı"nı tanımayanların cinayət məsuliyyətinə cəlb edilməsini nəzərdə tutan qanunu qəbul etmək niyyətində olan Fransa haqqında da demək olar.
Yaranmış vəziyyət "Kim güclüdürsə, o da haqlıdır" kimi vandal prinsipin hələ də aktual olduğunu göstərir. Dövlət başçısı İlham Əliyev hələ 2009-cu ildə Qəbələ rayonunda məskunlaşmış məcburi köçkünlərlə görüşü zamanı beynəlxalq hüquq normalarının işləməməsinə haqlı etirazını ifadə etmişdi: "Beynəlxalq hüquq normaları əlbəttə ki, böyük əhəmiyyət daşıyır. Azərbaycan müstəqil, suveren ölkə kimi istəyir ki, bütün məsələlər qanun çərçivəsində, dünyada qəbul edilmiş normalar əsasında həll olunsun. Əgər bu beynəlxalq qanun normaları pozulursa, onda demək olar ki, dünya birliyinin beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyətini tənzimləyən mexanizmlər işləmir. Əgər dünyanın ən böyük, ən mötəbər təşkilatı - BMT-nin Təhlükəsizlik Şurasının, bu da BMT-nin ən vacib orqanıdır, - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul edilmiş 4 qətnaməsi icra edilmirsə, onda hansı beynəlxalq hüquq normalarından danışmaq olar".
Dağlıq Qarabağ separatçı rejimindəki seçkilərə münasibətdə də eyni vəziyyətin şahidi oluruq. Doğrudur, İrəvanın ciddi səylərinə baxmayaraq, bu gün heç bir dövlət qondarma Dağlıq Qarabağ separatçı rejimini tanımır. Hətta Ermənistan belə Dağlıq Qarabağın tanınmasını nəzərdə tutan qanun qəbul etməyə özündə cəsarət tapmayıb. Lakin buna baxmayaraq, ABŞ, Fransa və digər Qərb ölkələri dolayısı ilə separatçı rejimə müxtəlif yardımlar göstərirlər. Xankəndidə qeyri-qanuni şəkildə aeroport inşa edilməklə Azərbaycanın hava məkanının təhlükəsizliyinin pozulması faktına göz yumulur. Separatçı rejimə qeyri-qanuni səfərlərin təşkilinə aşkar cəhdlər göstərilir. Belə "ikili standart" yanaşmalara yol verən Qərb dövlətləri digər tərəfdən də Rusiyanın Gürcüstanın ərazi bütövlüyünü pozmasına, Cənubi Osetiyanı işğal altında saxlamasına guya "etiraz edirlər". Halbuki həm Azərbaycanın, həm də Gürcüstanın konkret ərazi separatizminə məruz qaldığı, torpaqlarının işğal olunduğu Qərbə aşkar məlumdur. Belə faktları uzatmağa ehtiyac yoxdur - Qərb dövlətlərinin siyasətindəki "ikili standart" yanaşmalar beynəlxalq hüququn güclünün hüququna çevrildiyini bir daha təsdiqləyir.
Qarşıdurmada olan bütün dövlətlər bu qaçılmaz reallıqla barışmalı olublar: hər bir münaqişə son nəticədə danışıqlar masası arxasında, sülh yolu ilə həllini tapmalıdır. Fəqət, bu yanaşmanın özü də şərtidir. Heç bir danışıq prosesi müddətsiz, nəticəsiz ola bilməz. Hər bir danışıqlar prosesində qarşılıqlı güzəştlər də beynəlxalq hüquqla müəyyən olunur. Təcavüzkarla təcavüzə məruz qalan dövlətdən eyni dərəcə güzəşt tələb etmək isə beynəlxalq hüquq normalarını ayaq altına atmaqdır. Təəssüf ki, ATƏT-in Minsk qrupu da belə bir ədalətsiz mövqeyə tapınıb. Həmsədr dövlətlərin məsuliyyətdən tamamilə yayınması, münaqişə tərəflərinin "istənilən razılaşması"nın məqbul sayılacağını bəyan etməsi isə prinsipsizlik nümunəsi kimi son dərəcə üzücüdür. Bəli, həmsədrlər təkcə prinsipsizlik deyil, həm də təcavüzkarı şirnikləndirmək yolunu seçiblər.
Ermənistanın təcavüzkar dövlət olmasına, işğalçılıq siyasəti yürütməsinə açıq-aşkar göz yumulur. Bu bir yana, "demokratiya carçıları" Azərbaycandakı müsbət meyillərə kölgə salmağa çalışdıqları halda, təcavüzkar dövlətin daxilində cərəyan edən antidemokratik proseslərə, dövlətin antihumanist, insanlığa qarşı yönəlmiş zorakı addımlarına da göz yumurlar.
"İkili standartlar" digər beynəlxalq təşkilatların da mövqeyində aşkar sezilir. Avropa Parlamentinin bu il mayın 24-də Azərbaycanla bağlı qəbul etdiyi "İnsan hüquqları, demokratiya və hüququn aliliyinin pozulmasına dair" qətnamə, bu mənada, ölkə ictimaiyyətinin haqlı narazılığı ilə qarşılandı. Sənəddə Azərbaycanda guya "söz və mətbuat, sərbəst toplaşmaq azadlıqlarının həyata keçirilməsi ilə bağlı problemlərin mövcudluğu" vurğulanır. Məsələnin absurd tərəfi həm də ondan ibarətdir ki, Avropa Parlamentinin 5 fraksiyasının üzvlərinin iştirakı ilə keçirilən toplantıda qurumun 754 deputatından cəmi 56-sı iştirak etmiş, onların 49 nəfəri sənədin lehinə səs vermişdi. Avropa Parlamentinin təxirəsalınmaz prosedurları çərçivəsində, təxminən 30 dəqiqə davam edən dinləmələr nəticəsində tələm-tələsik qəbul edilmiş qətnamədə çoxsaylı yanlışlıqların, yoxlanılmamış müddəaların əksini tapması da onun qərəzliliyinə şübhə yeri qoymur.
Müxtəlif insanlar və dövlətlər tərəfindən törədilən analoji hadisələrə əks münasibətlərin sərgilənməsi özünü "ikili standart"ların bariz nümunəsi kimi göstərir. Norveçdə 77 nəfəri qətlə yetirən, məhkəmədə öz əməlindən peşman olmadığını və daha çox insanı, habelə müsəlmanı öldürə bilmədiyindən təəssüfləndiyini bildirən Anders Breyvik 21 il müddətinə azadlıqdan məhrum edildiyi halda, bir erməni zabitini qətlə yetirən (baxmayaraq ki, güclü ruhi həyəcan vəziyyəti istisna edilmirdi) Azərbaycan Ordusunun zabiti Ramil Səfərov Macarıstan məhkəməsi tərəfindən ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edildi. Ermənistan bütün dünyanın terrorçu kimi tanıdığı Monte Melkumyanın həbsdən buraxılmasını "təşkil" edərək onu Ermənistana gətirib milli qəhrəman adını verərək abidəsini qoyanda və bu qatili öz əməllərini davam etdirmək üçün Dağlıq Qarabağa göndərəndə (amma o, Dağlıq Qarabağda əsgərlərimiz tərəfindən öldürüldü) heç bir ölkə, heç bir beynəlxalq təşkilat bununla maraqlanmadı. Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun isə beynəlxalq normalara və Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə uyğun şəkildə Azərbaycana gətirilib ölkə Prezidenti tərəfindən əvf edilməsi narahatlıq hissi ilə qarşılandı.
Bu ilin sentyabr ayının 13-də Avropa Parlamenti "uğurlu təcrübə"sindən istifadə edərək Ramil Səfərovun əfv edilməsindən təəssüf hissini ifadə edən qətnamə qəbul etdi. Təbii ki, bu qətnamə də Avropa Parlamentinin 754 üzvündən 76 nəfərinin iştirakı ilə, bunlardan da 58 nəfərin sənədin lehinə, 13 nəfərin isə əleyhinə səs verməsi ilə qəbul edildi. Qətnamədə "Ramil Səfərovun Azərbaycanda qəhrəman kimi qarşılanması, ona mayor rütbəsi verilməsi və 8 illik maaşının ödənilməsindən, onun gələcək nəsillərə qoyacağı nümunədən" narahatlıq ifadə olunur. Görünür, Avropa parlamentariləri Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməklə bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün kimi yaşamağa məcbur edilməsini, Xocalıda və digər ərazilərimizdə törətdiyi soyqırımı, bütün dünyanın terrorçu kimi tanıdığı M.Melkumyanla bağlı hərəkətlərini gələcək nəsillərə nümunə hesab etmirlər. Avropa Parlamentinin belə məsələlərlə bağlı "parlaq təcrübə"sini nəzərə alaraq qətnaməni geniş şərh etməyə lüzum yoxdur. Amma Avropa Parlamentinin üzvləri 1983-cü ildə qəbul edilmiş "Məhkum olunmuş şəxslərin verilməsi haqqında" Avropa Konvensiyasının 12-ci maddəsinə diqqət etsələr, daha yaxşı olardı. Həmin maddədə deyilir ki, "hər bir tərəf özünun Konstitusiyasına və ya digər qanunlarına uyğun olaraq əfv, amnistiya və ya cəzanın yüngülləşdirilməsi haqqında qərar verə bilər". Azərbaycan həmin konvensiyaya 1995-ci ilin martın 21-də qoşulmuş və bu parlamentimiz tərəfindən 12 dekabr 2000-ci il tarixdə ratifikasiya edilmişdir. Ramil Səfərovla bağlı məsələ də ölkə Prezidenti tərəfindən həmin konvensiya və Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə uyğun şəkildə həll edilmişdir.
Avropa Parlamentinin həmin qətnaməsi ilə bağlı Azərbaycan Respublikasının Milli Məclisi 1 oktyabr 2012-ci il tarixdə bəyanat qəbul etmişdir. Bəyanatda deyilir: "Azərbaycan Ordusunun zabiti Ramil Səfərovla bağlı olan sırf hüquqi məsələyə siyasi rəng verilməsi cəhdlərinin davam etməsi dərin təəssüf və narahatlıq hissi doğurur. Bu cəhdlər Avropada bəzi siyasi dairələrin erməni təbliğatının təsiri altında hərəkət etdiklərini, bir çox hallarda Azərbaycanla bağlı məsələlərdə ikili standartlardan əl çəkmədiklərini göstərir... 1983-cü il iyulun 15-də Fransanın Orli hava limanında törədilmiş terror aktına görə həmin ölkənin məhkəməsi tərəfindən ömürlük həbs cəzasına məhkum edilmiş Varujan Karapetyanın 2001-ci ildə Ermənistan prezidenti Robert Koçaryanın müraciətindən və ASALA erməni terror təşkilatının hədələrindən sonra vətəndaşı olmadığı Ermənistan Respublikasına verilməsi və əfv edilməsi, onun, eləcə də müxtəlif dövrlərdə Avropa ölkələrində Türkiyə səfirliklərinə, eləcə də Azərbaycan ərazisində dinc sakinlərə qarşı çoxsaylı terror aktlarında iştirak etmiş Suren Nayriyanın, Monte Melkumyanın, Akop Culfayanın, Gevorq Gözəlyanın, Vazgen Sislyanın, Samvel Babayanın və digər qatı cinayətkarların Ermənistan cəmiyyətinə qəhrəman kimi təqdim edilməsi hamıya məlum olan faktlardır. Əlbəttə, biz Azərbaycan Ordusunun zabitini terrorçularla müqayisə etmək fikrində deyilik, amma həqiqəti də söyləməyə bilmərik... Azərbaycan Respublikasının Milli Məclisi bir daha bəyan edir ki, bütövlükdə Cənubi Qafqaz bölgəsi üçün ən böyük təhlükə mənbəyi Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin hələ də işğal altında saxlanılması, təcavüzkar dövlətin beynəlxalq hüquqa meydan oxuması və dünya birliyinin qəti ifadə edilmiş iradəsini saya salmamasından ibarətdir".
Ramil Səfərov azadlığa buraxılan kimi ASALA erməni terror təşkilatı Azərbaycanı, xaricdə yaşayan soydaşlarımızı, habelə diplomatlarımızı terrorla hədələdi. Erməni terror təşkilatı tərəfindən Azərbaycana qarşı belə bir hədənin ünvanlanması təəccüb doğurmur. Çünki erməni xislətini dünyada azərbaycanlılardan və türklərdən daha yaxşı heç kim tanımır. Ermənistan parlamenti bu məsələ ilə bağlı növbədənkənar sessiya keçirdi. Ermənistan prezidenti S.Sarkisyan R.Səfərovu terrorla məhv etmək üçün "göstəriş" verdi. Bütün bunlar Ermənistanın ASALA erməni terror təşkilatı ilə sıx əlaqələrini, onların fəaliyyət birliyini, Ermənistanın nəinki terroru dəstəkləməsini, hətta onun özünün də terrorla məşğul olduğunu bir daha təsdiqlədi. Bütün dünyanın terrorçu təşkilat kimi tanıdığı ASALA ilə Ermənistanın fəaliyyət birliyinin açıq-aşkar göründüyü bir vaxtda dünya birliyinin, beynəlxalq təşkilatların susması anlaşılan deyil. Azərbaycanda "mikroskopla qanun pozuntusu axtaran" beynəlxalq təşkilatların terrorçu və işğalçı bir rejimin hərəkətlərinə göz yumması "ikili standartlar"ın mövcudluğunu daha qabarıq göstərir.
XX əsrin sonu-XXI əsrin əvvəllərində terrorun xüsusilə təhlükəli forması olan dövlət terrorizmi gizli fəaliyyət dövrünü başa çatdıraraq asanlıqla görünən bir fəaliyyət mərhələsinə daxil olmuşdur. Dövlət terrorizmi ilə mübarizənin beynəlxalq hüquqi bazasının formalaşdırılması, mübarizə mexanizmləri və qurumlarının yaradılması zərurəti kəskin şəkildə özünü göstərir. Terrorçu dövlətin də işğalçı dövlət kimi hamılıqla etiraf edilməsi məsələsinin heç də asan olmayacağını nəzərə alsaq beynəlxalq iradə və beynəlxalq həmrəyliyin vacib şərt olmasını etiraf etməliyik. Bu məsələdə isə obyektiv informasiya ilə təchiz olunan beynəlxalq ictimaiyyətin rolu həlledici ola bilər. Dövlət terrorizminə hesablanmış siyasətin heç də sağlam təxəyyülün məhsulu olmadığı hamıya məlumdur. Ermənistanın da terrorçu dövlət olması isə şəksizdir. Dövlətin beynəlxalq hüququn subyekti kimi beynəlxalq səlahiyyətlərindən istifadə etməklə belə bir fəaliyyətlə məşğul olmasının xüsusi təhlükəliliyini nəzərə almaqla dövlət terrorizminə qarşı mübarizə də son dərəcə qətiyyətli və amansız olmalıdır. Çünki bunu bütün bəşəriyyətin təhlükəsizliyi tələb edir.
Bu yaxınlarda Şəkidə 423 məcburi köçkün ailəsi üçün salınmış yeni qəsəbənin istifadəyə verilməsi münasibətilə təşkil olunan mərasimdə iştirak edən Prezident İlham Əliyev bildirib: "Azərbaycan dövləti götürdüyü beynəlxalq öhdəliklərə sadiqdir. Biz Ramil Səfərovu Avropa Konvensiyası əsasında Azərbaycana gətirdik və o, Azərbaycan Konstitusiyası əsasında əfv edildi. Baxın, bundan sonra bizə qarşı nə qədər təzyiqlər və ittihamlar başladı. Ermənilər, dünyanın erməni lobbisi hay-küy qaldırdılar. Mən bir neçə ay bundan əvvəl təsadüfən deməmişdim ki, bizim əsas düşmənimiz erməni lobbisidir. Bunlar indi Azərbaycana qarşı nə qədər çirkin kampaniya aparırlar. Onların himayəsində olan rüşvətxor, riyakar, satılmış senatorlar, bəzi beynəlxalq qurumların rəhbərləri, bəzi siyasətçilər indi Azərbaycana əsassız ittihamlar irəli sürürlər. Axı bu ittihamların əsası yoxdur. Hər şey qanun çərçivəsində, Avropanın qəbul etdiyi konvensiyalar çərçivəsində edilib".
Azərbaycan danışıqlar prosesində ədalətli, prinsipal və beynəlxalq hüquqa əsaslanan mövqe nümayiş etdirir. Bu dəyişməz mövqeyi Prezident İlham Əliyev xarici ölkələrə səfərlərində, eləcə də ölkəmizə gələn nüfuzlu beynəlxalq təşkilatların və dövlətlərin rəhbərlərinin diqqətinə dəfələrlə çatdırır. Bu yaxınlarda Prezident İlham Əliyev Qəbələdə ATƏT-in üzvü olan ölkələrin səfirlərini qəbul edən zaman Ermənistanın təcavüzkar dövlət olmasını, beynəlxalq hüquq normalarını kobud şəkildə pozduğunu bir daha bildirib: "Bizim məsələni həll etmək üçün hərtərəfli hüquqi bazamız vardır. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi vardır. Onların heç biri yerinə yetirilməyib. ATƏT-in qərarları, Lissabon sammiti və digər qərarlar, hamımız bunları xatırlayrıq. Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təsisatlarda, NATO-nun Çikaqoda keçirilmiş sammitində də bu məsələyə baxılıb. Münaqişənin həlli beynəlxalq hüquq normaları və Helsinki Yekun Aktına əsaslanmalıdır. Ermənistan prezidentinin, mənim və Rusiya Prezidenti Dmitri Medvedevin tərəfindən imzalanmış Mayndorf bəyannaməsində də göstərilir ki, münaqişə beynəlxalq təşkilatların qərarları və qətnamələri əsasında həllini tapmalıdır. Bu qərar və qətnamələr birmənalıdır... 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaradılandan bir gün sonra İrəvan şəhərinin Ermənistan dövləti üçün paytaxt şəhəri olmasına razılıq verilmişdi. Çoxları bundan xəbərsizdir, lakin bu, həqiqətdir. Biz daha bir erməni dövlətinin Azərbaycan ərazisində yaradılmasına icazə verməyəcəyik. Bu, qeyri-mümkündür. Ermənistan anlamalıdır ki, onların maksimalist yanaşması, Dağlıq Qarabağ üçün müstəqillik tələb etmələri mümkünsüzdür. Bunu heç kim dəstəkləməyəcəkdir. Bu yaxınlarda Dağlıq Qarabağda keçirilən qondarma "seçkilər" beynəlxalq ictimaiyyət tərəfindən tanınmayıb, Dağlıq Qarabağı heç kim tanımır. Buna görə də Ermənistanın irəliləyiş əldə etmək üçün ən yaxşı variantı 2009-cu ilin sonunda ATƏT-in Minsk qrupunun təqdim etdiyi təkliflərə qayıtmaqdır. Azərbaycan bunları dəstəkləyir. Siz bu təkliflərin nədən ibarət olduğunu bilirsiniz: işğal olunmuş bütün ərazilər Azərbaycana qaytarılmalı, qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıtmalı, təhlükəsizlik təmin edilməlidir. Yalnız bundan sonra Ermənistan ilə əlaqələr təmin olunacaq, Dağlıq Qarabağın gələcək statusu hər iki tərəf hazır olduqda müəyyənləşdiriləcəkdir".
Dünyada cərəyan edən prosesləri dərindən təhlil edən dövlət başçısı, Ali Baş Komandan cənab İlham Əliyev haqlı olaraq demişdir: "Dünyada gedən proseslər onu göstərir ki, kim güclüdürsə, o da haqlıdır. Əfsuslar olsun ki, belədir. Amma bu, həqiqətdir və biz bu real dünyada yaşayırıq, biz virtual dünyada yaşamırıq. Hamı istəyər ki, qanunlar, beynəlxalq hüquq normaları işləsin, ədalət olsun. Ancaq biz bunu görmürük. Biz bu münaqişənin timsalında görürük ki, ədalətsizlik 20 ilə yaxındır davam edir və nə qədər də davam edəcək. Ona görə güclü olmaq üçün biz bütün imkanlarımızı səfərbər etməliyik".
Bu gün Azərbaycanda heç bir kənar təsir və diktə altında hərəkət etməyən, xalqın maraqlarını, mənafeyini müdafiə edə bilən hakimiyyət mövcuddur. Məhz bu amil ölkəmizə qarşı yönəlmiş "ikili standartlar"ı neytrallaşdırır, Azərbaycanı beynəlxalq səviyyədə söz sahibinə çevirir. Beynəlxalq hüquqa "Kim güclüdürsə, o da haqlıdır" mövqeyindən yanaşanlar isə bir həqiqəti unudurlar: Azərbaycan indiki durumda işğalçı Ermənistandan çox-çox güclüdür. Güclünün qarşısında duruş gətirmək isə işğalçı dövlətə çətin olacaq.
Rafael CƏBRAYILOV,
Milli Məclisin deputatı