“Bişkek protokolu” - ermənilərin saziş kimi təqdim etmək istədiyi fırıldaqdır...”

“Bişkek protokolu” - ermənilərin saziş kimi təqdim etmək istədiyi fırıldaqdır...”
"Rəsul Quliyevin xəyanəti var idisə, nədən ibarət idi?..”
"Azərbaycan tərəfi Rusiyanın irəli sürdüyü təmas xəttini əks etdirən xəritəni qəbul etməyib...”

Sabah - mayın 12-də Azərbaycan və Ermənistan arasında  atəşkəs barədə razılaşmasından 25 il ötür. O vaxtdan bu günədək "Bişkek protokolu” kimi gündəmdə qalan həmin razılaşma haqda müxtəlif, ziddiyyətli versiya və iddialar səslənir. 

Moderator.az əməkdaşı 1994-cü ilin yazında Xarici İşlər nazirinin müavini və Prezidentin səlahiyyətli nümayəndəsi kimi Qarabağ haqda rəsmi danışıqlarda iştirak etmiş  sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarovla qısa telefon söhbətində  bu mövzudakı bir neçə suala cavab almağa çalışıb.

-Tofiq müəllim, bilirik ki,   25 il öncə imzalanmış "Bişkek protokolu” deyilən razılaşmanın heç  bir  hüquqi əsası olmayıb, bu, sadəcə,  parlamentlər səviyyəsində razılaşma olub. Siz  həmin razılaşmanın mahiyyətini necə izah edərdiniz?

-"Bişkek protokolu” barədə yanlış fikirlər davam edir. Əslində mayın 12-də tamam başqa bir razılaşma əldə olunub. Və onun "Bişkek protokolu”yla heç bir əlaqəsi yoxdur. Parlamentlər səviyyəsində çağırış olub. Həmin vaxt Azərbaycan və Ermənistan müdafiə nazirlikləri tərəfindən faksların mübadiləsi baş verib.  Minsk qrupunun həmsədri və vasitəçi olan Rusiyaya faks göndərilib ki, biz Azərbaycan tərəfi olaraq atəşkəsə əməl etməyə hazırıq. Rusiya  Ermənistan tərəfdən də bu cür faksları toplayıb və elan edib ki, artıq atəşkəs haqda razılaşma əldə olunub. Sadəcə, ermənilər "Bişkek protokolu” fırıldağını atıblar ortalığa ki, guya  həmin "sənəd”də Dağlıq Qarabağ tərəf kimi iştirak edib. Hər yerdə yayırlar ki, biz "atəşkəs sazişi”nə nail olmuşuq. Halbuku, belə bir sənədi göstərə bilmirlər, çünki ortalıqda saziş yoxdur...
-Bəs mayın 5-də  Bişkekdə, mayın 8-də isə Bakıda imzalanan razılaşmalar nədən ibarətdir?

-Yenə deyirəm. Həmin vaxtlar atəşkəs razılaşması əldə olunmayıb. Ondan əvvəl də bəlkə 20 dəfə atəşkəs barədə müzakirələr gedib. Hər bir rayonun işğalından öncə ermənilər həmin atəşkəs rejimini pozurdular və s. Ona görə də xahiş edirəm, o "Bişkek protokolu”nu yada salmayın...

- Yəqin, yadınızda olar, 1994-cü ilin mayın 12-dən sonra ictimaiyyət arasında, mətbuatda belə fikirlər dolaşırdı: "Afiyəddin Cəlilov getdi Bişkekdə imzalamadı. Ali Sovetin sədri Rəsul Quliyev Bakıda imzaladı- xəyanət etdi”. Xahiş edirəm, bu söhbətlərin mahiyyətini izah edin. Rəsul Quliyevin xəyanəti var idisə, nədən ibarət idi?..

-Siz atəşkəslə maraqlanırsız, yoxsa o hadisələrlə? Atəşkəs razılaşmasını mən sizə izah etdim. Kim kimdən inciyib, kim nə edib, o başqa mövzudur...  

-Sadəcə, maraqlıdır ki, Afiyəddin Cəlilovun mayın 5-də Bişkekdə imzalamaqdan imtina etdiyi, amma sonradan mayın 8-də Bakıda Rəsul Quliyevin imzaladığı  razılaşma nədən ibarət idi?
- Bilirsiz, o proseslər parlament səviyyəsindən olan müzakirələr idi. Biz Xarici İşlər Nazirliyi olaraq onlarda iştirak etməmişik. Ona görə də ətraflı məlumata malik deyiləm... Onlar müxtəlif bəyanatlar imzalaya bilərdilər, qəbul edə bilərdilər. Amma bilirsiz ki, parlament icra orqanı olmadığından heç zaman icra orqanlarının səlahiyyətində və məsuliyyətində olan qərarlar qəbul edə bilməz. İcra orqanı, məsələn, Müdafiə Nazirliyidir və bizim Müdafiə Nazirliyi də 1994-cü il mayın 12-də  Moskvaya razılaşma barədə faks göndərib.  O vaxtkı razılaşmalar barədə çox versiyalar, əfsanələr dolaşır. Mən sizə faktları danışdım...

-Bəs bu "Bişkek protokolu" kimi təqdim olunan sənəd, razılaşma nədən ibarətdir? Bunun  hansı qurumun arxivində tapıb tanış olmaq olar?

-Mən sizə 1994-cü il mayın 12-də baş verənlərdən danışdım. Əslində Bişkek  görüşü mayda yox, aprel ayında olub...

-Axı bu günədək KİV-də gedən  informasiyalarda, müsahibə və açıqlamaların çoxunda Bişkek görüşünün mayın 5-də imzalandığı bildirilir?

- Həmin informasiyalar erməni tərəfin və biz tərəfdən irəli sürülmüş bəzi versiyalar əsasında yaranıb. Mən sizə atəşkəs razılaşamasının necə əldə olunmasını dedim. Müdafiə nazirimiz Moskvaya - həmsədr, vasitəçi Rusiyaya faks göndərib və dövlət adından atəşkəs öhdəliyini öz üzərinə götürüb... 
Rusiya tərəfi də bəzi internet məlumatlarında bu razılaşmanı saziş kimi təqdim etmək istəyir. Amma bu, absurddur. Çünki hər bir rəsmi sazişin altında "alternat” deyilən bir imzalar olmalıdır. Bu, xüsusi qayda ilə tərəflərin bərabərhüquqlu olmasını əks etdirir. Amma 12 mayda tərəflər vasitəçiyə razılıq barədə fakslar göndərib, heç bir sənəd imzalanması olmayıb. Deməli bu, saziş yox, razılaşmadır.

-Tofiq müəllim,  yadınızda olar,  o vaxt  guya Bişkekdə Rusiyanın vasitəçiliyi ilə razılaşdırılmış ermənilərlə  təmas xəttinin keçdiyi bütün məntəqə və yüksəkliklərin əks olunduğu  xəritə də ortalığa çıxdı və orada bizdə olan bəzi məntəqə və yüksəkliklərin qəsdən erməni tərəfə salınması haqda söhbətlər də dolaşdı...

- Düzdür, o zaman vasitəçi olan Rusiya təmas xəttinin təsdiqlənməsi üçün xəritələri qəbul etdirmək istəyirdi. Lakin Azərbaycan tərəfi bunu verilmiş formada qəbul etmədiyindən o xəritələr təsdiqlənməyib. O ərəfədə və sonrakı dövrdə XİN-in apardığı danışıqlarda  iştirak etdiyim üçün mən bunu sizə dəqiq deyirəm...

Söhbətləşdi:  Sultan Laçın




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az