“Biz bəzi “sürüşkən” müxalifətlə bir yerdə deyilik”

“Biz bəzi “sürüşkən” müxalifətlə bir yerdə deyilik”

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin Avrasiya.net-ə müsahibəsi.

- 14 illiyini qeyd etdiyiniz partiyanın sədir kimi ötən fəaliyyətinizi necə qiymətləndirirsiz?

- Keçmişi təhlil edib, gələcəyə ümidlə baxıram. Çünki 14 il ərzində yürütdüyümüz siyasətin nə dərəcədə düzgün olduğunu gördük. Komanda uzvlərinin gənc olduqlarına baxmayaraq, apardığımız siyasət bizim uzaqgörənliyimizi, situasiyanı düzgün təhlil edib ən uğurlu qərar verə biləcəyimizi göstərdi. Bu illər ərzində güclü beynəlxalq əlaqələr gurmusuq və bu əlaqələri daha da genişləndirmişik. Respublikada keçirilən bütün seçkilərdə iştrak etmişik və bir sözlə, hər bir keçirilən seçkidən biz ancag irəli addım atmışıq. Seçki təcrübəmizi təkmilləşdirmişik.

- Seçkilərə az bir müddət qalıb. Müxalifət yenə da birliklərdən danışır. Yeni birliklərə nə dərəcədə ehtiyac var, çünki müxalifəti birləşdirən ən böyük qurum bu gün Məşvərət Məclisidir. Əqər bu quruma ehtiyac yox idisə, niyə Məşvərət Məclisini tələsik elan etdilər?

- Hesab etmirəm ki, Məşvərət Məclisinə bu gün ehtiyac yoxdur. Bunun adından görsənir ki, bu məşvərət tipli bir qurumdur və qəbul olunan qərarlar tövsiyə xarakteri daşıyır. Bu nə siyasi, nə də ki, seçki blokudur. Bilirsiz ki, bu günə qədər ALDP iki blokda olub və əsasən də müstəqil siyasət yürüdüb. Amma 14 partiyanın təsis etdiyi Məşvərət Məclisi tamamilə başqa bir yerdir. Məclisin iclaslarında çox maraqlı diskussiyalar olur. Baxmayaraq ki, bizi bir məsələ – seçkilərlə baglı məsələ birləşdirib, iclaslarda respublikada baş verən bütün hadisələri müzakirə edirik. O ki qaldı müxalifətin daha da qeniş bir koalisiyasına nail olmaq istəyinə, hesab edirəm ki, bu artıq gecdir.

- Bəs onda Ziyalılar Forumunun nümayəndələri üçüncü qüvvənin ortalığa çıxmasını, “El” hərəkatının və Milli Şuranın yaradılmasını bəyan edirlər. Hüquqşünasların hazırladığı seçki ilə bağlı memorandum sənədin bəzi partiyalar tərəfindən imzalanması. Bu haqda nə deyə bilərsiniz?

- Biz olmayan yerdən nə deyə bilərik, heç nə. Bu 14 il ərzində müşahidə etdiyim bir mənzərəni görmüşəm. Seçkilər yaxınlaşdıqca, siyasəti inhisara alan, özlərindən başqa heç kimi müxalifət hesab etməyən eyni adamlar, özləri üçün bir qurum yaradırlar və adını da goyular üçüncü güvvə. Çox hörmət etdiyim Rüstəm İbrahimbəyovdan başqa hamısı köhnə simalardır. Digər tərəfdən bəlkə də yaxşıdır ki, biz bəzi “sürüşkən” müxalifətlə bir yerdə deyilik. Buna baxmayaraq bizsiz yaranan butun qurumlara uğurlar arzulayıram, təki bizim hamımızın istəyi çin olsun – Azərbaycanda azad, demokratik və şəffaf seçkilər nəticəsində demokratik bir ölkə gurulsun.

- Yanvar ayı bölgələrdə etirazlar ay kimi yadda qaldı. Sizcə bunun davamı olacaqmı?

- Bunun davamı olacaq. Seçkilər yaxınlaşdıqca belə hadisələr baş verəcək, çünki iqtidar komandasında daxili problemlər həll olunmayıb, qeyri-müəyyənlik hələ də var. Nazir-oliqarxlar respublikanı bir neçə yerə bölüblər və rayonları istədiyi kimi idarə edirlər. İcra başçısı, polis rəisi və digər rayonda olan vəzifələrə öz adamlarını təyin edirlər. Nəticədə həmin adamlar rayonlarda at oynadırlar. Keçən il Qubada, bu il İsmayıllıda olan hadisələr onu göstərir ki, onsuz da sosial problemlərlə boğulan bir xalqla, bunlar necə rəftar edirlər. Son hadisələr onu göstərdi ki, bu iqtidar daxilində gedən çəkişmələr nəticəsində baş verib, bunlar bir-birlərinə güc nümayiş edirlər. Necə olur ki, 4-5 il bundan qabaq Nardaran camaatı öz hüquqlarını müdafiə edəndə, işsizliyə, işığın, qazın olmamasına görə, yerli adamların torpagları ABŞ-ın keçmiş səfiri Eskudero tərəfindən zəbt edildiyinə görə etiraz aksiyalar keçirəndə onlara başqa bölqələrdən dəstək olmadı. Bəyəm hamı işlə təmin olunmuşdur, qaz, işıq problemi yox idi?

- Siz deyirsiz ki, bu hadisələr iqtidarda daxili çəkişmələrə qörə baş verir, oliqarxlar bir-birlərinə güc göstərirlər. Amma bəzi politoloqlar hadisələrin kənardan idarə edildiyini deyirlər və xüsusilə də Rusiyanın adını çəkirlər. Nə dərəcə də bu doğrudur?

- Qətiyyən bununla razı deyiləm. Onda belə çıxır ki, icra başçılar xarici kəşfiyyata işləyir və lazım olanda onlara göstəriş verilir ki, xalqı, milləti təhqir et. Axı niyə görə biz problemi özümüzdə axtarmırıq. Problem iqtidarın özündədir, bu harınlanmış oliqarx-məmurlardadır. Amma Azərbaycanın qeopolitik yerinə görə burda böyük dövlətlərin maraqları da var və istisna etmirəm ki, onların kəşfiyyatı burada “işləyir”. Amma bu hadisələrlə bağlamaq lazım deyil.

- Artıq ALDP prezident seçkilərində Sizin namizədliyinizi irəli sürməyə qərar verib. Müxalifətin digər partiyaları da iştirak etmək qərarlarını bəyan ediblər. Müxalifətdən bu qədər namizədin oluması son olaraq nəticəyə mənfi təsir etməyəcək? Və ümumiyyətlə, müxalifətin qələbəsinə inanırsızmı? 

- Əksinə. Bu bir prosesdir. Mərhələləri keçdikçə güclülər galacaq. Və bu mərhələ üçün biz öz təklifimizi vermişik. Bu mərhələyə qəlib çıxanlar və çıxmayanlar bir komanda olaraq bir namizəd ətrafında birləşib onun namizədliyini müdafiə edirlər. Müxalifətin qələbəsinə inanıram. Beynəlxalq təşkilatların köməyi ilə eks-spiker Rəsul Quliyev seçki marafonunda iştrak etsə və müxalifət qüvvələri onu dəstəkləsə, onda mütləq qələbə olacaq.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az