Qürbətin maraqlı, bəzən də çox həyəcanlı günləri var... Vətəndən aldığın bir şad xəbər bəzən səni günlərlə sevindirər, xoş ovqat yaradar, bir bəd xəbər isə illərlə səni kədər, qəm dəryasına atar... Ulu Tanrı hamınızı bəd xəbərdən uzaq eləsin! Amin!
Birinə vətəndən bir sovqat gələrsə, ailənin, dostların, qonşuların sevincinə səbəb olar. Sükür, indi gediş-gəliş çoxalıb, ancaq əvvəllər belə deyildi...
Amsterdamda qonşumuz Bəhruza Bakıdan sovqat gəlib, bütün qonşular və dostlar sevinirlər. Çunki hamımız sevinc və təbəssümlə KVN PARNI IZ BAKU-nun yeni proqramlarını seyr edəcəyik...
Bəhruz bəyin evində ailəlikcə qonagıq. KVN PARNI IZ BAKU-nun Moskva çıxışını seyr edirik. Proqram olduqca zəngin və məntiqlidir. Finalda isə cüt bacıların ifası sanki zalı yerindən oynadır...
Bəhruz bəylə konyak içə-içə seyr etdiyimiz bir zamanda, gordüm ki, o, cox kövrəlib. Maraqlandım ki, nə olub axı, bəlkə konyak səni tutub?.. Dedi, bu gözəl və istedadlı bacılar avtomobil qəzasında həlak olublar... Bu xəbər məni çox sarsıtdı. İnanın ki, adını belə, bilmədiyim bu cüt bacılara nə az, nə çox, düz 5 il yas saxladım. Onları nə vaxt proqramda görəndə çəkilib bir kənara gözlərimin yaşını silərdim...
Günlərin birində Rotterdamda dostum Yaqub bəy gildə qonaq olanda, Bakıdan yenicə gəlmiş bir konsert proqrammı kasetini seyr edirdik. Bu zaman yenə həmin cüt bacını gördüm, kədərləndim... Yaqub bəy soruşdu ki, nə olub? Hadisəni ona danışdım... O isə məni inandırdı ki, yalandır. “Bu qızlar sağ-salamatdırlar, özləri də Gülyaz və Gülyanaq Məmmədova bacılarıdır. Yəqin Bəhruz bəy bu qızları kimlərləsə səhv salıb”, - deyə dostum bildirdi.
Bundan sonra Bəhruza zəng edib bir neçə “şirin komplimet” söylədim... Kaş, hamınızın mənim kimi kədərləriniz və qüssələriniz yalan cixa...
Elman Mustafazadə
Təzadlar.az