Dağılmış VƏTƏNİN dağı: Hər qarışına bir igidin qanı tökülmüş müqəddəs VƏTƏN torpaqları
-Aqil, sən həzrət Abbas, ağzı dağa sarı sur... – deyib, baş redaktor dostuma başqa heç nə demədim. Aqil "Prado”un yönün dağa - dağlara sarı yönəltdi...
Aqil Alışov Qarabağ bölgəsinə səfər edib. Kişini bir ağdamlı, QARABAĞLI kimi Ağdamda qarşılayıb icra başçısı Vaqif Həsənovun təşəbbüsü ilə təmir edilmiş Ağdam məscidinin oxşarı, Raqub Məmmədovun ticarət məqsədi ilə inşa etdirdiyi "Ağdam Çay evi”nin "klonu”, Qasım Bəy Zakirin evini uçurub yerində yarıtmaz musiqi məktəbi binası tikdirən Nizami Sadıqovun şah əsəri olan "Ağdam Şəhidlər Abidə kompleksi” ilə tanış edib, sonra ona hər üç başçının biganə qaldığı Rahib Məmmədov adna Döyüş Şöhrəti muzeyinə aparıb məyus edirəm. Sonra da götürüb Tərtər rayonuna aparıram...
Rayonla tanış olur, gəldiyini xəbər tutan rəsmilər şanlarına laiq şəkildə qarşılayır və Tərtər haqqında ətraflı məlumat verirlər. Biz Tərtərdə gecələyirik. Rayon mərkəzində yerləşən müasir standartlara cavab verən "Elit Hotelin” qonağı oluruq...
Günəş Tərtər səmasının zülməti üzərində əzmkar qələbə çalıb. Dan yeri sökülüb... Qəhrəman rayonun qoçaq sakinləri rayon mərkəzində qaynayıb-qarışmağa başlayanda şəhərdən gələn qonaq məni oyadır: - Elgün, oyan gedək "Seyidin Xaş xanası”na... – Adam Bərdə rayon Şirvanlı kəndini nəzərdə tutur. Daha doğrusu, kənddə olan məşhur xaşxananı...
Oteldən bir fincan çay içib ayrılırıq. Hava o qədər təmizdir ki, işğalda olan dağlar lap adama gəl-gəl deyib, sızladır vicdanı olan hər kişinin sol parasını...
Maşına oturub yola düzələndə arxamı dağa soykəyib özümü mənən dağlamaq istəmirəm. Üzümü dostuma tutub: -Aqil, sən həzrəti Abbas, ağzı dağa sarı sur... – deyib, baş redaktor dostuma başqa heç nə demədim. Aqil "Prado”un yönün dağa, dağlara sarı yönəltdi... Şıxarx qəsəbəsinə çatanda vətənpərvərliyinə heç bir şübhəm olmayan dostum dağlara zillənib maşının əyləcin basdalayıb gözlərini maşının alın şüşüsənə, daha doğrusu, şüşənin o tayınından bizə baxan mənzərəyə zillədi... Mirov; Kəlbəcər, Ağdərə, Ağdam, Laçın bizə baxırdı düşmən tapdağından. Bizdə onlara... aramızı kəsən təkcə maşının alın şüşəsi deyildi. Qarşıda səngər, səngərin qarşısında minalanmış ərazi, minalanmış ərazinin tam qarşısında düşmən səngəri var idi. Sonra da hər qarışına bir igidin qanı tökülmüş müqəddəs VƏTƏN torpaqları...
-Qağa, bax-bax ora haradır? – deyib qəmin dəryasına yelkənli qayıqla açıldı eləbil. Təssəvvür edin: Dağların küləyi o qayığı hara aparmaz ki?..
-Qağa, ora "Camış” , o qəlbi yer "Koroğlu” onnan beləki "Ömər” bu üzə "Sibir” bax o aradan görunən "Elşən”dir... (Elşənlə Koroğlu Azərbaycan əsgəri olub. Müharibə vaxtı həmin zirvələri düşməndən tək başına qoruduğu üçün adları zirvədə qalıb) Aqil, bax bu sol tərəfə sarı Ağdərə, Ağdam dağlarıdı. Üzü ayna (Sol tərəfi göstərirəm) Xocavənd, Şuşa, Laçın dağları boylanır bizə tərəf...
Ehtiyatda olan zabit Aqil Alışov əsində hərbi xidmətini ən ağrılı mənzərəmizlə üzbə-üz dayanan səngərdə keçib – Gülüstanda, "Sibir"də...
Dağımız olan dağlarımıza baxıb yollanırıq Bərdəyə. Orada çox qalmaq bir o qədər mənən yüklənmək deməkdir. Hər dəqiqəsi elə bil dağlar ağırlıqda dağ yüklənirsən. O yük ki, nə daşımaq olur, nə çəkmək... O dağ ki nə çəkdirmək olur, nə də çəkilməsinə etiraz etmək... VƏTƏN dağıdır – Dağılmış VƏTƏNİN dağıdır axı...
Bərdəyə çatıb yoldaş baş redaktorun xaş arzusunu həyata keçiririk. Üzümüz Qarabağa sarıdır, Xocavənd rayonuna... Amma yol boyu Aqil müəllimlə müzakirə mövzumuz Tərtər rayonu, rayonda görülən işlər, ölkə rəhbərinin uğurlu təyinatı olan icra başçısı və onun rayon sakinləri ilə qaynayıb-qarışmağıdır. Necə deyərlər: "Kor-kor, gör-gör...”
Nəysə...
Bərdədən Xocavənd ərazisinə uzanan yol Ağcabədi və Beyləqan rayonları ərazisindən keçir. Dolaması, kəskin döngələri, uçurumu olmasa da, o yol Dağlıq Qarabağın bizdə olan yeganə ərazisinə aparır. Yol boyu maşının sağ yan şuşəsindən bizi Kəlbəcər, Ağdam, Xocavənd, Şuşa, Laçın dağları müşayət edib mənzil başına az qalmış özünə tərəf döndərir. Xocavənd qəsəbəsinə çatırıq...
Qəsəbənin girişində rayon icra hakimiyyətinin başçısı Eyvaz müəllim ayaqüstə dayanıb ərazidə gedən tikinti işlərinə şəxsən nəzarət edir. Düşüb görüşürük. Bizi xoş əhval-ruhiyyə ilə qarşılayan rayon rəhbəri fəxrlə gördüyü iş barəsində məlumat verir. Məlum olur ki o, 2017-ci ilin fevralında düşmən təxribatının qarşısını alarkən ŞƏHİD olmuş 5 nəfər hərbi qulluqçumuzun şərəfinə abidə kompleksi insa etdirir. Açılış isə məhz igidlərin qanı bahasına tarixə yazıldıqları gün qeyd ediləcək...
Fürsət yaranır, gözünü dağlardan çəkə bilməyən Aqilə yaxınlaşıb deyirəm:
-Qardaş, görürsən, burada hər şey düşündüyün kimi deyil. Hər dəfə zəngimdə mənə bəxtəvərçilik verirsən ki, mən hər gün "çəkmə” içib Qarabağ kababı yeyirəm. Görürsənmi uzadan görünən o dağlara kənardan baxmaq hər şeyi adama zəhər edib, burnundan gətirir?... – dostum cavabında heç nə demir. Susur... susur... susur... – Bizdən bir az kənara çəkilib işçilərə göstəriş verən icra başçısı yanımıza qayıdanda Aqil Alışov Eyvaz Hüseynova üzünü tutub deyir: Müəllim, bu dağlar...
Eyvaz Hüseynov qonağın sözünü kəsib dillənir: Aqil müəllim, şəxsən bir döyüşçü kimi mən hər səhər o dağlara baxıb yaşayıram. Ümidlə yaşayıram... O dağlar sözün hər iki mənasında bizim dağımızdır. Əminəm ki, biz o dağları azad edib, dağlardan azad olub, o dağlara qovuşacağıq. Bir döyüşçü kimi, bir icra başçısı kimi məni yaşadan ümid bax odur, o dağlardır...
Bu sözlərdən sonra görüş haqqında daha heç nə yazmaq istəmirəm. Əlbəttə Xocavənd və Tərtərdə qarşılanmamız ürəkaçan idi. Amma onu vurğulamaq istəyirəm ki, nə qədər ki, o dağlar bizə qonağımız gələn cəbhə bölgəsindən baxır və biz qonağımızı o dağa apara bilmiriksə, deməli...nə bilim...nəysə...
Əlbəttə, yoldaş başçının fikri ilə razıyam: İnsanı yaşadan ümidləri və o ümidlərin doğrulanacağına olan səmimi əminlikdir. Mən də bir vətəndaş kimi əminəm ki, Qarabağ bölgəsinə gələn qonaqları dağlamamaq şərti ilə dağlara aparacağımız gün heç də uzaqda deyil...
Elgün Gəncimsoy