Hər kəs bir gün dünyasını dəyişir. Hamının gedişi ağrılı olur amma bəziləri insanda ömürlük iz buraxır. Son itkimiz də eləcə...
Geridə qoyduğumuz bayram həftəsində dəyərli alimimiz Əli Kərimbəylini itirdik. Nədənsə bu məqamda xalqımızın adətən rəhmətə gedən adam haqqında işlətdiyi bir ifadə yadıma düşdü: “O ölüb, haqq dünyadadır, biz isə nahaq...”
Əli müəllim ölümünün də yaşamının da haqqını verərək ayrıldı aramızdan. Bu sətirləri yazmaq mənim üçün çox ağrıdıcı olsa da bu da mənim dəyərli dostumuz Əli müəllimimizə son borcum olsun.
Azərbaycanda və eyni zamanda Türkiyədə, sözün əsl mənasında bütün Türk dünyasını əhatə edəcək, təzəcə yazıb yekunlaşdırdığı bir kitabının nəşrinə hazırlaşırdı Əli müəllim (təbii ki, o kitab çap olunacaq). Və istəyi də bu olmuşdu ki, o kitaba Türk Hərəkatı İctimai Birliyinin sədri Həbib Ələkbərsoy, birgə fəaliyyətləri müddətində, Əli Kərimbəylinin nə verə bildiyini aça biləcək ön söz əvəzi yazsın.
Təqdim edəcəyim material həmin ön söz əvəzidir. Tanrıya şükür ki, bu fikirlərin əlyazmasını oxumaq alimin özünə qismət oldu. Hələ dünyadan gedəli bir neçə həftə olsa da telefonlarımızın yaddaşından ona aid olan nömrəni silməyə əlimiz gəlmir. Bu yazını çapa hazırlayanda Həbib bəy dolmuş gözlərini gizləyib: “Öldüyünə inanmıram ki. Elə bilirəm nə vaxtsa görüşəcəyik...”
Bəli, bir Türk kişisinə yaraşar şəkildə yaşamağı bacaran Əli müəllim elə o şəkildə də yaşamını sonlandırdı. Bir bayram səhəri dünyamızdan köçdü. Yeri behişt, ruhu şad olsun! Haqq dünyasında rahat yatması diləyilə
Bir millətin dövlətini qurma yolunda informasiyanın rolu çox önəmlidir. Bu mənada güclü qəzetçiliyin inkişaf etdirilməsi vacib məsələdir.
Aydın məsələdir ki, bir mətbu orqanın düzgün, doğru və qərəzsiz xəbərçiliyində o orqanın kimliyinin tamlığını imzalar təşkil edir. Məhəmməd Hadi nahaq demir ki,
“var millətimin imzası, imzalar içində...”
Mənə elə gəlir ki, Azərbaycan Milli Elmlər Akademiyasının üzvü, türkçü alim, folklorşünas, nurlu simasıyla, səhhətində problemlərin olmasına baxmayaraq hələ də araşdırmaqda, yazmaqda davam edən, gənclərə yol göstərən Əli müəllim bir imzadır, möhürdür. Azərbaycan tarixinin müasir qəzetçiliyə atdığı imza. Sanki köklü bir çinar qol-qanad gərib və hər kəsə düzgün yolu göstərir. Necəmi?
Bax, elə əsl məqam da burdadır. Dövrü mətbuatda çap etdirdiyi tarixi həqiqətlər vasitəsilə Əli müəllim alim, araşdırmaçı kimliyini ortaya qoyur.
Bir elm adamının ən böyük üstünlüyü onun ifadə şəklinin necə təzahür etməsindən asılıdır. Diqqət edin, çox ağıllı və yüksək elmə sahib biri nə yaza, nə da danışa bilir və ya ifadə şəkli yanlışdır. Bu halda onun sahib olduğu elm demək olar ki, heç nəyə yaramır. Bu anlamda dilin üstünlüyü şəksizdir.
Azərbaycan dilinin səlisliyi mübahisəolunmazdır. Əli müəllim bunun ən gözəl tərəfindən istifadə edir. Günümüzdə dırnaqarası alimlərin baş alıb getdiyi, savadsızlığı gizləmək naminə anlaşılmaz terminlərlə zəngin nitqlərin dilimizi işğal elədiyi bir məqamda məhz Əli bəyin üslub səmimiliyi diqqəti cəlb edir. Tarixi həqiqətləri, kəskin faktları oxunaqlı dildə qələmə alır, bu yazıları oxuyan zaman adama elə gəlir ki, hansısa bir el ağsaqqalı bunları nəql edir, sən də dinləyirsən. Sənin millətinin, xalqının başına açılan oyunları yanğılı bir şəkildə sənə çatdırır. Əslində mahiyyət də elə burdadır. Əli müəllim duyğularını yazılarına həkk edə bilir. Elə buna görədir ki, Azərbaycan həqiqətlərinin yazılı tarixdə düzgün şəkildə əks olunmasında onun əməyi sonsuzdur. Qərəzli məqsədlərə xidmət edən qalaq-qalaq tarix kitablarından üstümüzə axışan yanlış təbliğatın qarşısını almaq üçün bu xidmət tutarlı bir həmlədir. Və Əli müəllim bunu bacarır.
Əli Kərimbəyli bir alim kimi Azərbaycan elminə böyük töhfələr vermişdir. Ola bilsin ki, Əli müəllim çoxsaylı kəşflərin müəllifi deyil. Ancaq onun əsərləri bir türk kişisinə layiq şəkildə, bir çoxlarının toxunmağa cəsarət etmədiyi mövzulardır. Əli Kərimbəyli həqiqətlərin üzə çıxarılması üçün bütün gücünü sərf edəcək bir yazar, milli dəyərlərimizin əhəmiyyətini ortaya qoya biləcək bir folklorşünasdır.
Bu elm adamı ilə bir kollektivdə çalışmaq həm şərəflidir, həm zövqlüdür, həm də çox asandır. Bilisinizmi niyə? – bu adam ölkəmizdə və bölgəmizdə kifayət qədər tanınmış bir yazar və çox hörmətə sahib bir alimdir. Bu səbəbdən də Əli Kərimbəyli ilə işləmək qürurvericidir.
Yaşından asılı olmayaraq hər zaman ağsaqqallığı bacardığı üçün, təbiətcə həssas və dürüst, qeyd etdiyim kimi, kollektivində gözəl bir ağsaqqal olduğu üçün onunla işləmək çox zövqlüdür.
Asandır ona görə ki, Əli Kərimbəylini kollektivimizdə canlı ensiklopediya adlandırırıq. Vəzifəsindən və elmi dərəcəsindən asılı olmayaraq media yaradıcılığımızda və ideoloji təbliğatda kim “harda ilişdisə” çəkinmədən və çox səmimi şəkildə dəyərli alimimizə müraciət edir, o da öz növbəsində, harda olmasından asılı olmayaraq dərhal həmkarının köməyinə çatır.
Media yaradıcılığında Əli Kərimbəyli tutarlı araşdırmaçıdır. Onun yazılarının gücü ortaya qoyduğu faktların çoxluğu və dəqiqliyindədir. İranın molla rejiminin ölkəmizə qarşı yürütdüyü media təxribatı siyasətinə tutarlı cavab olaraq “İranda Türk soyqırımı” başlıqlı silsilə yazısında Əli Kərimbəyli elə faktlarla çıxış etdi ki, qəzetimiz “qonşumuzun” “qara siyahısı”na düşdü...
Eyni zamanda imperialist Qərbin “erməni soyqırımı” davasına cavab olaraq “qondarma erməni soyqırımı hardan qaynaqlanır” başlıqlı yazısı ilə tarixdə baş verməmiş bir hadisəni imperialist Qərbin uydurması və təbliğ etməsi barədə tarixi tutarlı faktları ortaya qoydu və sübut etdi ki, bu gün Qərbin oynadığı oyun həmin siyasətin davamıdır ki, bu da məhz Türk millətinə qarşı təzyiq vasitələrindən biridir. Açıq şəkildə və net olaraq ortaya qoyulan bu faktlarla əsas yazarımız qəzetimizi Qərbin də “qara siyahısı”na saldırdı...
Qeyd edək ki, qəzetimizin “Fakt” rubrikasında “qondarma erməni soyqırımı”nın necə uydurulması ilə yanaşı ermənilərin törətdiyi Türk soyqırımları da konkret faktlarla, sənədlərlə oxuculara təqdim olunurdu. Yanaşı dərc edilən “qondarma erməni soyqırımı” ilə Türk soyqırımları arasındakı dəhşətlər oxucuya bu istiqamətdə geniş düşünmə və informasiya bolluğu vermiş oldu.
Avropanın qondarma soyqırım iddialarını əlində bayraq etdiyi bir vaxtda Əli müəllim inadkar bir əzmlə faktları üzə çıxarır və sübut edir ki, bu iddialar heç bir vəchlə qəbul oluna bilməz. Bu, eyni zamanda Əli Kərimbəylinin vətəndaşlığından xəbər verir. Yalnız vətənini, millətini sevən bir ziyalı bu cür davrana bilər.
Erməni qorxaq bir millətdir. Biz, eləcə də bütün dünya bunu yaxşı bilir. Amma biz kim olduğumuzu özümüz yaxşı bilirik deyə əlimiz qoynumuzda oturub meydanı onlara veririk. Qəhrəmanların heç bir yeri olmadığı bir dünyadan mərdlik iddiasındayıq. Bu bir həqiqətdir ki, Tanrının adını daşıyan bir milləti-biz Türkləri dünya heç vaxt qəbul etməyib. Müxtəlif yollarla tariximizi silməyə çalışıblar. Buqələmun kimliyinə sahib bir çox xalqların onsuz da mərdliyi dərk etmədikləri beyinlərinə erməni virusu yeridilir və bunun da nəticəsində dünya siyasətində söz sahibi olan bu miskinlər Azərbaycana zərbə vururlar. Bütün bunların tək səbəbi təbliğat maşınının ermənilərin əlində olmasıdır. Belə bir vaxtda Əli müəllimin durmadan bu tarixi həqiqətləri ortaya çıxarıb çap etdirməsi, bunun üçün mücadilə aparması həqiqətən təqdirəlayiqdir.
Ermənilərin Türk şifahi ədəbiyyatının parlaq nümunələrindən olan “Koroğlu”nu mənimsəmək və “özəlləşdirmək” niyyətində olduqları bir vaxtda Əli Kərimbəyli elmi işçisi olduğu Azərbaycan Milli Elmlər Akademiyasının folklorşünas alimlərini bu mövzuya cəlb etdi və qəzetimiz sözügedən mübarizədə aparıcı KİV rolunu oynadı. Beləliklə, Əli Kərimbəyli vasitəsilə qəzetimiz “Koroğlu”nun milli əsasları və genetik kodunu sadə dildə ictimaiyyətə açıqladı ki, bu da hər kəsin öz gücü daxilində mübarizəsini faktlarla apara bilməsi imkanını yaratdı.
Daha sonra “Ərəb baharı” kimi ifadə olunan ərəb dünyasını bürümüş inqilablara yeganə tərəfsiz mövqeni və gizlinləri açan silsilə siyasi yazıları ilə regionda diqqəti cəlb etdi.
Eləcə də bu inqilabın coğrafiyasında baş verən qətliamlarda türklərin verdiyi itkilər və onların yaşadıqları əraziləri araşdırdı, ictimaiyyətə təqdim etdi. Onu da qeyd edim ki, bu saydıqlarım Əli müəllimin qəzetimizdəki yazılarının sadəcə bir qismidir.
Yəni mənə görə alim, tədqiqatçı, folklorşünas, yazar, ideoloq, ictimai xadim, ağsaqqal və gözəl insan Əli Kərimbəyli həyatını milli dəyərlərin ortaya qoyulması və həqiqətlərin ictimaiyyətə təqdim olunmasına həsr edib.
Cəmiyyətimizin xarici separatizmlər nəticəsində ideoloji, dini və siyasi qütblərə parçalandığı bir vaxtda Əli Kərimbəyli sadaladığım bütün keyfiyyətləri ilə həqiqətin bayraqdarlarından biri oldu. O heç bir qütbdə yer almadı. Bizim fəaliyyətimiz də məhz bu səbəblərdən ortaqlaşdı. Türk dünyasının böyük ozanı, dəyərli dostum, sayın Ozan Arifin haqqımda dediyi bir ifadəni mən də Türk dünyasının dəyərli alimi Əli Kərimbəyli haqqında demək istərdim:
Onun-bunun köpəyi olmanın moda olduğu bu zamanda nə mutlu davasının adamı olan Əli Kərimbəyliyə!
Türk Hərəkatı İctimai Birliyinin sədri
Həbib Ələkbərsoy
'Qeyd: Müəllif Əli Kərimbəylinin yazıları “Davam” qəzetində dərc ediləndə sözügedən qəzetin baş redaktoru olub.