"Dayım yalan deyir, məni Türkiyədə aldatdılar...”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada qanunsuz silahlı birləşmələrə qoşulmaqda təqsirləndirilən Telman Bəkirov və Mübariz Tahirovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Vətəninfo.az-ın Virtualaz.org-a istinadən əldə etdiyi xəbərə görə, prosesə hakim Səbuhi Hüseynov sədrlik edir.

Prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən şəxslər onlara qarşı verilən ittiham üzrə özlərini təqsirli bilməyib.

Təqsirləndirilən Telman Bəkirov ona elan olunmuş ittihamların uydurma olduğunu deyib: "Mən əqidə adamıyam. Suriyaya ayağım belə dəyməyib. Amma məni Suriyada döyüşməkdə ittiham edirlər. 2011-ci ildən əhli-sünnə namazı qılmağa başlamışam. Əslən İsmayıllı rayonundanam. Bakıya köçüb burada yaşayıram, qaynaqçı işləyirəm. Burada heç kimlə əlaqəm olmayıb. Müşfiqabadda yalnız cümə namazlarına gedib-gəlmişəm.

Sosial şəbəkədə Hasan adlı Türkiyə vətəndaşı ilə tanış olmuşdum, uzun zamandır ki, onu qiyabi tanıyırdım. Hasan Türkiyəyə işləməyə dəvət etdi. Ailəmi rayona apardım. Özüm Türkiyəyə getdim. Türkiyədə qapı-pəncərə sexində işləmişəm. Cəmisi bir ay olmuşam orada. Sənədlərim itdiyindən polisə, Ankarada olan səfirliyimizə müraciət etmişəm. Sonra sənədlərimi qaydaya salıb Bakıya qayıtmışam”.

Təqsirləndirilən şəxsin ibtidai istintaqa verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadəsi arasında ziddiyyətlər yarandığından hakim ibtidai istintaqa verilən ifadəni məhkəmədə elan etdi.

İstintaqa verdiyi ifadəsində Telman Bəkirov Suriyaya getdiyi, ordakı azərbaycanlılardan ibarət silahlı birləşmələrdə iştirak etdiyi və sənədlərinin də həmin şəxslər tərəfindən alındığı göstərib.

Təqsirləndirilən Mübariz Tahirov da ittihamlarla razılaşmayıb, heç vaxr Suriyaya getmədiyini deyib: "Namaz qılmağı Türkiyədə öyrənmişəm. Məni orada təsir altına salıblar. Yazıb-oxumağı bilmirəm, savadsız adamam.

Qaziantep şəhərinə getmişdim. Oradakıların terrorçu olduğu görüb, Suriyaya getməkdən imtina etmişəm, peşman olmuşdum. Həmin şəhərdə dustaq kimi məni evdə saxlayıblar, təzyiqlərə məruz qalmışam, Suriyaya getməyimi tələb ediblər. Məni Qaziantepəyə Mahmud Rəsulov adlı şəxs aparıb. O, özü isə Suriyaya gedib. Sonradan həmin şəxsdən xəbərim olmayıb”.

Təqsirləndirilən şəxs prokuror və hakimin suallarını cavablandırıb. O, suallara cavab olaraq bildirib ki, Bakıda Şirxan adlı şəxsin işlətdiyi internet kluba gedib: "Orada çoxu saqqallılar idi. Ancaq YouTube videosaytında Suriyadakı videoçarxlara baxırdılar. Onda mən onlarla heç bir əlaqə saxlamışam. Anam xəstə idi, 13 yaşından işləməyə məcburdum. İşləyib anama baxmışam. Elə Türkiyəyə də işləməyə getmişəm. Savadsız olduğumdan məni aldadıblar”.

Şahid qismində Telman Bəkirovun dayısı Tahir Hüseynov ifadə verib. O, ifadəsində bacısı oğlundan gec xəbər tutduğunu bildirib: "Eşitmişdim ki, Telman Suriyaya gedib. Bacıma zəng vurdum, o da ağlaya-ağlaya bunu təsdiq elədi. Oradan gələndən sonra görüşə bilmədim. Sonradan mənə zəng vurub MTN-ə çağırdılar. İbtidai istintaqa verdiyim ifadəmi təsdiqləyirəm”.

Telman Bəkirov dayısının ifadəsinin yalnış olduğunu, anasının ona elə bir söz demədiyini bildirib.

Məhkəmə prosesi oktyabrın 13-də davam etdiriləcək.

Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyinin bu ilin aprel ayında keçirdiyi əməliyyatla saxlanılan 1988-ci il təvəllüdlü Bəkirov Telman Əvəz oğlu və 1990-cı il təvəllüdlü Tahirov Mübariz Əmən oğlu 2014-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya və İraq ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən İŞİD terrorçu təşkilatının fəaliyyətində iştirak ediblər.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az