"Dedi ki, get, işıq idarəsinə zəng elə, bizlik deyil"

Tibb bacısına dedim ki, bu uşaq qusur. Uşaqlar öləcək.
 
Axar.az xəbər verir ki, bu sözləri Salyan Rayon Mərkəzi Xəstəxanasında elektrik enerjisinin kəsilməsi ucbatından ölən iki körpənin nənəsi Şəlalə Abdullayeva deyib. O, hadisədə həkimləri günahlandırıb:
 
"Dedi ki, get, işıq idarəsinə zəng elə, bizlik deyil. Mən gecə vaxtı işıq idarəsinin nömrəsini haradan tapım axı. Bəs işıq yoxdursa, xəstəxanada generator niyə yoxdur?”
 
Məsələ ilə bağlı Region TV-yə danışan Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, 31 həftəlik hamiləlikdən dünyaya gələn üçəmlərin çəkisi çox az olub. Onlara intensiv yardım göstərilib. Bütün yardımlara baxmayaraq, körpələrdən biri 01:00-da, digəri isə 01:10-da vəfat edib. Onun sözlərinə görə, rayonda işıqlar 01:30-da sönüb. Elektrik enerjisinin kəsilməsinin körpələrin ölümünə heç bir aidiyyəti olmadığını deyən Səfayə Əhmədova qeyd edib ki, xəstəxananın reanimasiya, doğum şöbələrində generatorlar var.
 
Hansı tərəfin haqlı olub-olmadığı rayon prokurorluğunda aparılan araşdırmalardan sonra məlum olacaq.
 
Fakta bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, ölümün səbəblərinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertizaları təyin edilib.
 
Xatırladaq ki, dünən Salyan Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində Salyan şəhər sakini, 21 yaşlı Mirzabitə Abdullayeva üçəm körpə dünyaya gətirib. Yaxınlarının dediyinə görə, doğuşdan 30 dəqiqə sonra xəstəxananın işıqları sönüb və üçəm uşaqlardan ikisi oksigen çatışmazlığından küveyzdə boğularaq ölüb.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az