Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”
Milli Məclisin deputatı Aydın Mirzəzadə Ermənistan və Gürcüstanda keçirilən seçkilərdə demokratiya nümunəsi ortaya qoyulduğu, Azərbaycanın isə hələ bu mərhələyə keçə bilməməsi barədə səslənən fikirlərə münasibət bildirib.
Deputat Pravda.az-a açıqlamasında deyib ki, Azərbaycanın bu məsələdə öz təcrübəsi var.
A.Mirzəzadə qeyd edib ki, demokratiya, insan hüquqları, azad mətbuat Azərbaycan dövlətçiliyinin baza prinsiplərindəndir və bundan sonra da belə olacaq: "Azərbaycanda radikal siyasətçilərin bir böyük qüsuru var ki, onlar heç vaxt Azərbaycan cəmiyyətini, seçicisini istinad etmirlər. Həmişə kənardan dəstək gözləyirlər, kənarın hansısa mexanizmini heç nəyi nəzərə almadan Azərbaycana tətbiq etməyə çalışırlar. Bununla belə açıq şəkildə Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var. Demokratiya olmayan yerdə açıq tənqid, fərqli mövqe ortaya qoymaq yoxdur. Azərbaycanda demokratiya, insan hüquqları Konstitusiya ilə elan edilib, real həyatda da əksini tapır. Müxalif yönümlü partiyalar var, parlamentdə qızğın mübahisələr gedir, mətbuat azadlığı mövcuddur, sosial şəbəkələr tamamilə sərbəstdir. Kimsə fərqli mövqeyinin üstün olduğunu düşünürsə, qoy dəstəyi cəmiyyətdən alsın. Cəmiyyətə arxa çevirərək xaricdə hansısa situasiyanı Azərbaycan üçün mütləq nümunə elan etməsin!”