Əhəd Abıyevin müavini jurnalisti və ailəsini təhqir etdi
Tanınmış jurnalist, köşə yazarı Seymur Verdizadə köşə yazısına görə təhqir olunub.
Bununla bağlı Publika.az-a açıqlama verən jurnalist bildirib ki, Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Namiq Süleymanov ev telefonuna zəng edərək onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr səsləndirib:

"Mən 20 ildir peşəkar jurnalist fəaliyyəti ilə məşğulam. Həmişə tənqidçi mövqe tutmuşam. Obyektiv mövqeyimə görə dəfələrlə təzyiqlərə məruz qalmışam. Bu dəfə məni əsəbləşdirən Namiq Süleymanovun birbaşa ev telefonuma zəng vurması oldu. O zəng edəndə mən evdə idim və dəstəyi də özüm qaldırmışam. Əhəd Abıyevin birinci müavini Namiq Süleymanov əvvəl mənə hədə-qorxu gəldi, sonra isə özümün və ailə üzvlərimin ünvanına nalayiq ifadələr işlətdi. Qarşı tərəf hesab edir ki, "Əsa ilə gəzən icra başçısı, işsiz gənclər" adlı məqaləmdə Əhəd Abıyevin şərəf və layəqətini təhqir etmişəm. Mən heç kimi təhqir etməmişəm, yumşaq dildə desək, Əhəd Abıyevi tənqid etmişəm. Məni və ailə üzvlərimi təhqir edən şəxs icra başçısının birinci müavinidir, üstəlik, dövlət telefonu ilə mənə zəng vurub. Dünən isə Əhəd Abıyevin özü dostlarıma zəng vuraraq, onları narahat edib”.
Jurnalist özünün və ailə üzvlərinin təhqir edilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etməyəcəyini bildirib:
"Mən jurnalist fəaliyyəti ilə məşğul olmaqla yanaşı, həm də QHT rəhbəriyəm. İşlərim çoxdur, Əhəd Abıyev kimi adamlara ayırmağa vaxtım yoxdur. Əsas odur ki, cəmiyyət Əhəd Abıyevin hansı səviyyənin sahibi olduğunu bir daha gördü. Hesab edirəm ki, bu cür nalayiq hərəkət edən dövlət qulluqçusu mütləq cəzalandırılmalıdır. Əminəm ki, həmkarlarımın dəstəyi ilə biz buna nail olacağıq”.
Miq.az