PA rəsmisi nüfuzlu beynəlxalq qurumları topa tutdu.
Bir neçə gün əvvəl “Yeni Azərbaycan” qəzeti bəzi Qərb diplomatlarını “topa tutan” geniş məqalə dərc etmişdi. Qəzet Azərbaycanda bir neçə QHT-nin başlatdığı “Demokratiya naminə incəsənət” kampaniyasına dəstək verdiyi üçün ABŞ, Britaniya, Fransa, Almaniya səfirlərinin ünvanına ittihamlar səsləndirmişdi.
Onun ardınca da mətbuatda Prezident Admnistrasiyası rəhbəri Ramiz Mehdiyevin həmin ölkələrin səfirlərini qəbul etdiyi və onları məlum təşəbbüsə dəstək verdikləri üçün tənbeh etdiyi ilə bağlı xəbər yayılmışdı. Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun “yap.org.az”a son müsahibəsi isə hakimiyyətin Qərbə hücumlarının artıq rəsmi müstəviyə keçdiyini göstərir.
Ə.Həsənov müsahibəsində bildirib ki, “Freedom House”, “Article 19", ”Human Rights Watch", “Amnesty International” və “Sərhədsiz Reportyorlar” kimi subyektiv məqsədlərə xidmət göstərən təşkilatlar Azərbaycana qarşı aparılan qərəzli kampaniyaların fəal iştirakçıları qismində çıxış edirlər: “Bu qurumlar davamlı şəkildə Azərbaycanda ifadə, sərbəst toplaşmaq azadlığının vəziyyətinin guya pis olduğunu sübut etməyə çalışırlar. Əgər onlar üçün azad ölkə meyarı bir qrup məsuliyyətsiz insanın anarxiya, xaos yaratmaq cəhdlərinə asayiş keşikçilərinin seyrçi mövqedə qalmasıdırsa, o zaman Avropa ölkələrində polisin o tipli aksiyaçılara tutduğu divana qiymət versinlər. Nəyə görə 2011-ci ildə Böyük Britaniyada 2000-ə yaxın insanın həbsi, bloqqerlərin məhkum edilməsi, internetin məhdudlaşdırılması haqqında heç nə demirlər? Nyu-Yorkda ”Uoll striti zəbt et!" kampaniyasının, Hamburqda şaxtaçıların etirazının, Yunanıstan, Ispaniya və digər ölkələrdə böhranla əlaqədar keçirilən aksiyaların necə qəddarlıqla dağıdıldığını, insanların atların ayağı altına atıldığını görmürlər? O ki qaldı vətəndaşları təhqir edən, onlara böhtan atan, qələm arxasında gizlənərək min bir oyundan çıxan “jurnalistin” cəzasız qalmasına, bu da bu gün Azərbaycan cəmiyyətinin istəyinə uyğun gəlmir. Hansı peşə sahibi olmasından asılı olmayaraq hər bir vətəndaş öz fəaliyyətinin məsuliyyətini dərk etməli və başqa insanların hüquq və azadlıqlarına hörmətlə yanaşmalıdır. Heç bir ölkədə qanun jurnalisti və ya hüquq müdafiəçisini cinayətdən sığortalamır və ya onlara digər vətəndaşlardan artıq imtiyaz vermir. Ancaq Azərbaycanda jurnalist vəsiqəsi arxasında gizlənərək konkret cinayət törətmiş insanlar dərhal siyahılara daxil edilir və onlardan az qala “qəhrəman” obrazı yaradırlar. Belə qərəzli yanaşmanın nəticəsidir ki, 2010-cu ildə “Article 19" təşkilatının koordinatorluğu ilə ”beynəlxalq əməkdaşlıq qrupu" adlı bir qondarma qurum yaradılıb və Azərbaycana qarşı bədnam kampaniya həyata keçirir. “Eurovision-2012" ərəfəsində həmin qrupun Avropa Şurasında döymədiyi qapı qalmadı, Avropa ölkələrində Azərbaycanın səfirlikləri qarşısında aksiyalar təşkil etdi. Məqsəd əlbəttə ki, heç də Azərbaycanda insan haqlarının qayğısına qalmaq deyildi. Onlar konkret sifariş yerinə yetirərək müsabiqəni siyasiləşdirməyə, dünya ictimaiyyətinin diqqətini uydurma məsələlərə yönəltməyə çalışırdılar.
Prezident Ilham Əliyev öz çıxışlarında Azərbaycana qarşı təşkil edilən kampaniyaların arxasında duran qüvvələri dəfələrlə ifşa edib".
Ə.Həsənov bu qurumların erməni lobbisinin təsiri altında olduğunu deyib: “Onlar erməni lobbisi və onun təsirində olan bəzi riyakar, rüşvətxor siyasətçilər, Azərbaycanın müstəqil siyasətini qəbul etməyən və ölkəmizin inkişafını həzm edə bilməyən dairələrdir. Çünki Azərbaycan tam müstəqil, heç kimdən asılı olmayan, öz daxili və xarici siyasətini özü müəyyən edən ölkədir və ona qarşı təzyiq cəhdləri heç vaxt baş tutmayacaq”.