Elmira Süleymanovanın təklifi dəstəklənir

Elmira Süleymanovanın təklifi dəstəklənir

Ombudsman Elmira Süleymanovanın Milli Məclisdə (MM) Ailə, Qadın və Uşaq Problemləri üzrə komitənin yaradılması barədə təklifinə hüquq müdafiəçilərindən və millət vəkilindən cavab gəldi. “Vətəninfo.az”a Novella Cəfəroğlu bununla bağlı bildirib ki, parlamentdə belə bir komitənin yaradılması verilən qəraraların qanunla icrası yönündə mühüm addım ola bilər: “Hazırda dövlət komitəsi qadınların və uşaqların hüquqlarının qorunması istiqamətində yetəri qədər iş görür. Komitənin nümayəndələri regionlardakı problemli ailələrlə də görüşlər təşkil edirlər. Onların qarşılaşdıqları çətinliklərin aradan qaldırılması istiqamətində də müxtəlif layihələr həyata keçirirlər. Təbii ki, bütün sahələrdə olduğu kimi, bu yöndə də müəyyən çmatışmazlıqlar var. Lakin onların da aradan qaldırılması və boşluqların doldurulması  üçün işlər davam etdirilir. Zənnimcə, edilən hər yeni təklifi və qəbul edilən hər yeni qərarı dəyərləndirmək lazımdır ki, görülən işlər öz bəhrəsini versin. Lakin ilk növbədə mövcud sahədə çatışmazlıqlara nəzər salmaq və onların da qismən aradan qaldırılması yönündə işlər görülməlidir”. 

Millət vəkili Elmira Axundovanın sözlərinə görə də parlamentdə eyniadlı komitənin yaradılması qanunvericilk bazasının təkmilləşməsi baxımından mühüm rol oynaya bilər: “Dünyada insan hüquqları, onların müdafiəsi, xüsusilə qadın və uşaqların hüquqları ilə bağlı aparılan tədbirlər bu gün önəmli yerlərdən birini tutur. Azərbaycanda da bu istiqamətdə, onların hüquqlarının müdafiəsinin genişləndirilməsi yönündə intensiv işlər görülür. Bundan başqa, Azərbaycan qadınlarının hüquqlarının qorunmasına dair qanunvericilik bazası yaradılıb və tam həcmdə fəaliyyət göstərir. Lakin xüsusən rayon və kənd yerlərində qadınların hüquqi maarifləndirməsi sahəsində xeyli işlər görülməlidir.

Nəzəriyyədə bizdə bu istiqamətdə hər şey yüksək səviyyədə ola bilər, amma düşünürəm ki, təcrübədə maarifləndirmə işlərinə böyük ehtiyac var. Na görə də bu problemlərin icrası qanunla tənzimlənməlidir ki, müsbət nəticədən danışmaq mümkün olsun. Elə ona görə də Ombudsmanın təklifini məqsədəuyğun hesab edirəm”.

Hüquq müdafiəçisi İradə Cavadova bildirdi ki, yeni komitənin yaradılmasındansa, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin səlahiyyətlərini və gördüyü işləri təkmilləşdirmək daha məqsədəuyğundur: “Hazırda parlamentdə insan hüquqları, sosial siyasət komitələri bu istiqamətdə işlər görür. Ona görə də yenə eyniadlı komitənin yaradılmasına bir o qədər də ehtiyac görmürəm. Lakin bu, o zaman baş verə bilər ki, hazırkı işlərdən daha mükəmməl və tam müsbət nəticə əldə olunacaq işlərin ortaya qoyulacağına zəmanət verilsin. Əslində səslənən fikirlər və təkliflər qulağa xoş gəlir, amma onların icarsı reallaşmadıqda, fikir olaraq da qaldıqda heç bir mənası qalmır. Elə buna görə də ilk növbədə mövcud sahələrdəki işi inkişaf etdirmək lazımdır”.

Sevda



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az