"Təzadlar" keçmiş ABU rektorunun 1997-ci ildə özünün müəllifliyi ilə çap etdirdiyi "Müqayisəli inzibati hüquq» kitabını və tamamilə oğurlanmış Fransız alim Gi Brebanın "Fransanın inzibati hüquq" kitabını bu gün Fransanın Azərbaycandakı səfirliyinə təqdim edəcək…
"Təzadlar"ın bu dəfə təqdim etdiyi araşdırma yazısı Azərbaycanın elm ictimaiyyətini həqiqətən də şoka salacaq səviyyədədir. Kimin ağlına gələr ki, hansısa bir professor və ya özünü alim adlandıran kəs uzun illər tələbələrinə özünün müəllifi olması adı altında öyrətdiyi hansısa dərs vəsaitini kimdənsə oğurlasın, öz adına çıxsın?! Bununla da həm tələbələr aldadılsın, həm də elm ictimaiyyəti, aidiyyəti dövlət qurumları, bir də bu saxta dərs vəsaitinin tədris olunması üçün dərs vəsaiti kimi onun kütləvi nəşrini tövsiyyə etmiş Təhsil Nazirliyi…
Elşad Abdullayev Fransız alimin kitabını necə çırpışdırıb?
"Təzadlar"ın ötən sayında E.Abdullayevin doktorluq elmi dərəcəsinin saxta olması səbəbindən Rusiya Təhsil Nazirliyinin işçi qrupunun rəyi əsasında ləğvindən yazmışdıq. Xatırladırıq ki, "Təzadlar"ın göndərdiyi müqayisəli materiallar əsasında 2011-ci ilin dekabrında Rusiya Təhsil Nazirliyində xüsusi işçi qrup və komissiya yaradılmışdı və komissiya araşdıraraq "Təzadlar"ın gəldiyi nəticəni təsdiqləmiş, E.Abdullayevin doktorluq elmi işinin plagiat olduğunu təsdiqləmişdi. Komissiya müəyyən etmişdi ki, E.Abdullayev professor A.N.Kozırinin ümumi redaktəsi ilə hazırlanmış və 1996-cı ildə Moskvanın "SPARK" nəşriyyatı tərəfindən çap edilmiş "Administrativnoe pravo zarubejnıx stran" dərsliyini öz adına çıxaraq Azərbaycanda dərslik kimi nəşr etdirmiş, sonra bu dərsliyin əsasında isə doktorluq işini müdafiə etmişdir…
***
İndi isə ortaya başqa bir şok məsələ çıxır. Əli elmi oğurluğa, yəni plagiatlığa öyrəşmiş keçmiş ABU rektoru bu dəfə indi müvəqqəti sığındığı Fransanın tanınmış aliminin dərslik vəsaitini-kitabını oğurlamış, öz adına çıxmaqla onun kütləvi tirajla çapına və ali məktəblərdə dərs vəsaiti kimi tədris olunması üçün hətta Təhsil Nazirliyindən də rəy almağa nail olmuşdur… Beləliklə, məlum olur ki, tanınmış fransız alim, professor Gi Brebanın "Franüuzskoe administrativnoe pravo" kitabı başdan-ayağa Elşad Abdullayev tərəfindən oğurlanıb…