Erməni generalın ikibaşlı Qarabağ etirafı

Erməni generalın ikibaşlı Qarabağ etirafı

Arkadi Ter-Tadevosyan: "Azərbaycanlılar iki istiqamətdə hərəkət edə bilərdilər”

Şuşanın işğalına rəhbərlik etmiş "Komandos” ləqəbli erməni general Arkadi Ter-Tadevosyan  öz "Facebook” səhifəsində yaydığı bir şəkillə Xocalı soyqırımının günahını az qala öldürülən dinc əhalinin boynuna yıxır.

 Arkadi Ter-Tadevosyan iddia edib ki, nümayiş etdirdiyi şəkildə Xocalı Ermənistan ordusu tərəfindən işğal edildikdən sonra ələ keçmiş bir sənədlərdən birinin surətidir:

"Sənədlərdən biri göstərir ki, azərbaycanlılar şəhəri iki istiqamətdə tərk edə bilərdilər ki, bunlar yalnız insanların deyil, həm də hərbi texnikanın hərəkətinə imkan verirdi”,- deyə Arkadi Ter-Tadevosyan bildirib.

Şəkildə guya Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı olan hansısa Bəxtiyarovun rusca yazdığı məktub təsvir olunub. 1992-ci il fevralın 17-də yazılmış məktubda deyilir ki, iki istiqamətdə hərəkət etməklə Xocalı sakinlərini Ermənistan ordusunun mühasirəsindən çıxarmaq mümkündür.

 Arkadi Ter-Tadevosyanın yaydığı "sənəd”

Təbii ki, şəklə baxan kimi onun kompüterdə "Courier” şriftləri ilə yığıldığı görünür. 1992-ci ildə isə kömpüterlər buna imkan yaratmırıdı. Yəni Arkadi Ter-Tadevosyanın təqdim etdiyi "sənəd” saxtadır və belə bir məktub olmayıb. Hətta belə məktub olsa belə, bu, Ermənistan ordusu tərəfindən bir şəhərin dinc sakinlərini qətlə yetirilməsinə bəraət verə bilməz.  

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərində etnik azərbaycanlılara qarşı baş vermiş soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Ermənistan əsgərlərinin gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Ermənistan bu faciədən sonra faktları gizləitməyə çalışırdı. Lakin Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin çəkdiyi kadrlar faciə barədə bütün dünyanı məlumatlandırdı. O, Ermənistan ordusunun soyqırım həyata keçirdiyini, insanları bilərəkdən qırdığını bütün dünyaya çatdırdı. Ermənistan tərəfi artıq etnik azərbaycanlıları  qətlə yetirdiklərini təkzib edə bilmirlər. Sadəcə, müxtəlif versiyalar irəli sürərək bunun soyqırım olmadığını iddia etməyə çalışırlar.

Arkadi Ter-Tadevosyanın yaydığı bu "sənəd” də həmin məqsədi güdür. Guya Ermənistan ordusu dinc əhalini xəbərdar edibmiş ki, çıxsınlar. Yəni özləri çıxmayıblar, çıxıb getsəydilər ermənilər onları qırmazdı. Bu cür yanaşma mədəni dünyanın tarixində həmişə faşizmlə eyni səviyyədə tutulub. Necə yəni insanlar evlərini tərk etsəydilər qırılmazdı? Evlərini niyə tərk etməliydilər? Əslində, Arkadi Ter-Tadevosyan bu açıqlaması ilə faciənin məhz Ermənistan Silahlı Qüvvələri tərəfindən törətdiyi etiraf edib. 

 Serj Sarkisyanın 15 dekabr 2000-ci ildə Britaniya jurnalisti Tomas de Vaala verdiyi müsahibəsindən bir hissə

Erməni mətbuatı indi iddia edir ki, Xocalıya hücum hava limanını ələ keçirmək üçün lazım imiş. Amma nə həmin vaxt, nə də ondan sonra hava limanı işləməyib. Əslində, Ermənistanın indiki prezidenti Serj Sarkisyan o vaxt iştirakçısı olduğu Xocalı soyqırımının həqiqi məqsədini 15 dekabr 2000-ci ildə Britaniya jurnalisti Tomas de Vaala verdiyi müsahibəsində qeyd edib. O vaxt Ermənistanın müdafiə naziri olmuş Serj Sarkisyan deyib:

"Xocalıya qədər azərbaycanlılar düşünürdülər ki, onlar (ermənilər - red.) sadəcə zarafat edirlər. Azərbaycanlılar düşünürdülər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən insanlardır. Bu fikri dağıtmaq lazım idi. Belə də oldu”.

Yəni şərhə ehtiyac yoxdur./İstiPress/

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az