Tahir Kərimli: “Mühacirlərin Prezidentə qarşı hər hansı hörmətsizliyi Almaniya dövlətinin adına yazıla bilərdi”
"Xaricdəki radikal mühacirlər işlərinə çox ciddi düzəliş verməlidirlər. Onlar ümid edirdilər ki, Avropa dövlətləri Azərbaycan dövlətinə, hakimiyyətinə çox pis münasibət bəsləyəcək. Bunun üçün çox çalışırdılar. Dünyanın ən böyük ölkələrindən biri, Avropanın ən böyük dövləti Almaniya Azərbaycan Prezidenti İlham Əliyevi qəbul edib. Prezidentə qarşı mitinq keçirilməsini Almaniya qadağan edib, polis buna imkan verməyib. Yalnız sivil qaydada bir-iki nəfərin yaxınlaşmasına imkan yaradıblar. Gördüm ki, Prezidentin köməkçisi Hikmət Hacıyevlə xaricdəki blogerlərdən biri müsahibə aparır... Onlar çox düşünməlidirlər. Azərbaycan dövlətinin gücü imkan verir ki, Avropa ölkələri ilə yaxşı münasibətlər saxlasın”.
Bu sözləri Pravda.az-a açıqlamasında sabiq deputat Tahir Kərimli deyib.
T.Kərimli qeyd edib ki, güclü dövlətlər Azərbaycanla münasibətləri pozmamağa çalışır: "Almaniya və Azərbaycan arasında imzalanan Bəyannamədə iqtisadiyyatla yanaşı, siyasi məsləhətləşmələr keçirilməsi də nəzərdə tutulub. Yəni dövlətlərarası münasibətlərin diplomatik yolla, siyasi zəmində qurulması həyata keçiriləcək. Buna görə də diqqətli olmaq lazımdır. Radikal mühacirlər başa düşməlidirlər ki, Azərbaycanın dövlət başçısı gəlir və Prezidentə qarşı hər hansı hörmətsizlik Almaniya dövlətinin adına yazıla, bu da dövlətlərarası münasibətlərə mənfi təsir göstərə bilərdi. Buna görə bir daha deyirəm ki, radikal mühacirlər fəaliyyətlərində müəyyən düzəlişlərə yol verməlidirlər”.