Elman Nəsirov: “Almaniyada məskunlaşan cılız insanların siyasi oyunbazlığının heç bir mənası yoxdur”

Elman Nəsirov: “Almaniyada məskunlaşan cılız insanların siyasi oyunbazlığının heç bir mənası yoxdur”

"Azərbaycan Prezidenti cənab İlham Əliyevin Almaniyaya uğurlu səfəri çərçivəsində bu ölkədə məskunlaşan sapı özümüzdən olan baltalar çaşqınlıq yaratmağa cəhd edib, mitinq ab-havası formalaşdırmaq istəyiblər. Ancaq onların bütün cəhdləri nəticəsiz qalıb. Alman polisi buna imkan verməyib, onların qarışıqlıq yaratmaq istədikləri əraziləri boşladıb. Necə deyərlər, arzuları gözlərində qalıb. Mitinqdə iştirak edənlərin əksəriyyətinə qarşı Azərbaycanda cinayət işi açılıb. Onlar cinayətkardırlar. Konkret cinayət əməlləri ilə ittiham olunurlar. Qabaqadangəlmişlik edir, Almaniyanın paytaxtında siyasi şou yaratmaq, guya təzyiq altında olduqlarını Almaniya ictimai fikrinə yeritmək istəyirlər. Bunlar mənasız cəhdlərdir. Azərbaycan dövləti demokratik inkişaf yolunu seçmiş dövlətdir, Prezident həmin siyasəti həyata keçirir. Almaniyada da bunu görürlər”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

 

Deputat bildirib ki, Prezident İlham Əliyevin Almaniya səfəri çərçivəsində hər iki dövlətin mətbuata açıqladığı bəyanatlar münasibətlərin strateji xarakter kəsb etməsindən xəbər verir: "Bu bir daha göstərir ki, fundamental məsələlərdə mövqeyimiz tam üst-üstə düşüb. Xüsusilə, siyasi dialoq, iqtisadi-ticari əməkdaşlıq, enerji təhlükəsizliyi, nəqliyyat, loqistika sahəsi və digər istiqamətlər üzrə əməkdaşlığın kifayət qədər geniş potensialı var, imkanlardan maksimum istifadə edilməlidir. Xüsusilə, Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması ilə biznes investisiyaları sahəsində əlaqələrin inkişafı üçün yeni imkanlar pəncərəsi açılacaq. Hazırda ikitərəfli iqtisadi münasibətlərimizi xarakterizə edən rəqəm 1,5 milyard dollara bərabərdir, amma potensial daha böyükdür. Almaniyanın Azərbaycanda iki yüzdən çox şirkəti fəaliyyəti göstərir. Eyni zamanda Azərbaycan Almaniyaya həm neft, həm də qaz ixracını reallaşdırır. Azərbaycanın ən çox neft ixrac etdiyi on ölkə sırasında Almaniya yer alır. Ölkəmiz 2026-cı ildən Almaniyaya qaz ixracını da həyata keçirib. Almaniyanın illik qaza olan tələbatı 77-79 milyard kubmetrdir. Azərbaycan bu baxımdan Almaniya üçün yeni alternativ enerji mənbəyi funksiyasını həyata keçirir və hazırda on altı dövlətə qaz ixracını reallaşdırır. Bunun 10-u Avropa İttifaqı ölkələridir. Bu baxımdan Almaniyanın xüsusi çəkisi var. Həm də Almaniya Avropa İttifaqının lokomotiv dövlətidir, ən böyük iqtisadiyyata malikdir, ümumi daxili məhsulu 5 milyard avrodan çoxdur. Bu göstərici ilə Almaniya bütün Avropa ölkələrini üstələyir. Təsadüfi deyildi, Almaniyanın Prezidenti Frank Valter Ştaynmayer bildirdi ki, həm Azərbaycan, həm də Almaniya dünyada sabitlik adasıdır. Bu, ən yüksək qiymətdir. Eyni zamanda Azərbaycan Prezidentinin səfərini yüksək qiymətləndirdi. Azərbaycanın son illərdə bütün istiqamətlər üzrə qazandığı uğurları təqdir etdi. Xüsusilə, Ermənistanla Azərbaycan arasındakı sülh prosesində əldə edilmiş razılaşmaları yüksək qiymətləndirdi. Prezident Ştaynmayer bu prosesdə Azərbaycan Prezidentinin roluna da böyük dəyər verir. Bütün bu reallıqlar fonunda Almaniyada məskunlaşan cılız insanların siyasi oyunbazlığının heç bir mənası yoxdur. Artıq qatar gedib, onun dalınca baxa-baxa qalıblar. Yəqin ki, müəyyən konkret zaman çərçivəsində onlar Azərbaycana gətirilib hüquqi müstəvidə öz layiqli cəzalarını alacaqlar. Azərbaycanda kim cinayət törədibsə, o, azadlıqda qala bilməz. Ölkəmizdə qanunun aliliyi hökm sürür. İstər Almaniyada, istərsə Fransada olsun, özünü "bloger” kimi təqdim edib, cənab Prezident İlham Əliyevin köməkçisi Hikmət Hacıyevin təbiri ilə desək, vətənə xəyanət etmiş insanlara adamın yazığı gəlir. Doğrudan da, bu insanlar yazıq insanlardırlar. Siyasi yalquzaq həyatı yaşayırlar və bir gün özlərinin qazandıqları cəzanı hüquqi müstəvidə çəkəcəklər”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az