Ermənistan işğala son qoysa... - Keçmiş millət vəkili
Keçmiş millət vəkili Aydın Abbasov Prezident Rəcəb Tayyib Ərdoğanın Rusiya-Türkiyə-Azərbaycan üçlü formatının yaradılması yönündəki təklifinin əhəmiyyətli olduğunu bildirərək, bunun regionda sülh, sabitlik və əmin-amanlıq üçün çox vacib amil olduğunu bildirib.
Miq.az xəbər verir ki, Putin-Ərdoğan görüşünü dəyərləndirən sabiq millət vəkili "Sputnik"ə açıqlamasında ikincinin Azərbaycan-Rusiya-İran liderlərinin birgə görüşünü gündəmə gətirərək, Putinə mühüm təklif verdiyini qeyd edib:
"Rusiya-Türkiyə-Azərbaycan üçlü əməkdaşlıq formatı bölgənin inkişafını əngəlləyən, əmin-amanlığı, sabitliyi pozan Dağlıq Qarabağ probleminin də həll edilməsinə ciddi təkan verər. Həmçinin Rusiya, Türkiyə, Azərbaycan və İran beynəlxalq terrorizm başda olmaq üzrə xarici təhdidlərə qarşı birgə hərəkət edə bilər".
Ermənistanın regiondakı beynəlxalq layihələrdən kənarda qalmasına diqqət çəkən Aydın Abbasov Dağlıq Qarabağ münaqişəsindən danışıb:
"Bəs regionda belə üçlü formatlar və nəhəng beynəlxalq layihələr reallaşdırılarkən Ermənistan niyə bu layihələrə qatılmır? Bu, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsindən qaynaqlanır. Bu günə qədər BMT 4 qətnamə qəbul etdi, qərarda birmənalı şəkildə "Dağlıq Qarabağ və ətrafındakı 7 rayon Azərbaycan Respublikasının ayrılmaz hissəsidir və erməni ordusu bu bölgələri tərk etməlidir", - deyildi. Təəssüf ki, Ermənistan bu qətnamələrə heç bir şəkildə tabe olmadı. Məhz bu səbəbdən Ermənistan özünü regionda təcrid edib. Bu da təbii ki, Ermənistan iqtisadiyyatına çox mənfi təsir göstərir. Ermənistan işğalçı siyasətini sona çatdırsa və regiondakı layihələrə qoşulsa, çox qazanclı çıxar. Buradan böyük maddi və geosiyasi dividentlər əldə edə bilər. Bəlkə də yaxında Ermənistan rəhbərliyində bəzi dəyişikliklərin baş verməsinin şahid olacağıq. Erməni mətbuatının iddialarına görə, bəzi nazirlər vəzifədən kənarlaşdırıla bilər. Bəlkə də bu xəbərlər cəmiyyətin hirsini sakitləşdirmək üçün şüurlu olaraq aparılır".
Azərbaycan rəhbərliyinin xarici siyasətinə də toxunan Abbasov "Azərbaycan hakimiyyətinin uğurlu xarici siyasəti nəticəsində regionda fərqli bir vəziyyət yaranıb. Dünya ictimaiyyəti Azərbaycan torpaqlarının işğalının sona çatdırılmasının vacib olduğuna inanır və ərazi bütövlüyümüzü dəstəkləyir", - vurğulayıb.
Miq.az