Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, “İnsan Haqları Uğrunda” İctimai Birliyinin sədri Eynulla Fətullayevin Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvelle ilə münasibətləri son dərəcə kəskinləşib. E.Fətullayev Almaniyada insan hüquqlarının pozulması ilə bağlı hesabat açıqladıqdan sonra keçirdiyi mətbuat konfransında bəyan etmişdi ki, Almaniya XİN-i hesabatın təqdimatı ilə bağlı Brüsseldə keçirilən tədbir iştirakçılarına təzyiq göstərib. Hüquq müdafiəçisi həmçinin Almaniya fondlarının onunla əməkdaşlıqdan imtina etdiklərini və bu ölkənin Azərbaycandakı səfirliyinin ona münasibətinin dəyişdiyini demişdi.
Mənbə bildirib ki, Almaniyanın Azərbaycandakı səfiri H.Kvelle hakimiyyət və müxalifət nümayəndələri ilə əlaqə saxlayaraq ondan əl çəkməsi üçün E.Fətullayevə təsir göstərmələrini xahiş edir. Görünür, Fətullayev həqiqətən də Almaniya səfirliyi ilə bağlı vədinin üstündə duraraq cənab Kvelleyə ciddi problemlər yaradır.
Aldığımız məlumata görə, hətta səfir Fətullayevin həbsi xahişi ilə hakimiyyətə müraciət edib. Hansı şərtlərə razı olduqlarını deyə bilməsək də, görünür, Eynulla Fətullayev tək səfir üçün deyil, həm də Almaniya üçün ciddi baş ağrısına çevrilib.
Xatırladaq ki, hüquq müdafiəçisi konfrans zamanı müəyyən yazışmaları göstərmişdi. O bildirmişdi ki, “Amnesty İnternational” təşkilatının nümayəndəsi Maks Taker ona yazıb ki, sən ikinci dəfə tutulsan, səni müdafiə etməyəcəyik: “Tüpürüm sizin müdafiənizə. Belə müdafiə heç mənə lazım deyil. Burda bunu da açıqlayıram ki, “Amnesty İnternational”ın əsas maliyyəçisi Almaniya dövlətidir. Mən Angela Merkelə də müraciət edəcəyəm ki, bunu edənlər cəzalandırılsınlar”.
Görək kim-kimi cəzalandıracaq.
Vətəninfo.az-ın informasiya mərkəzi