Nəbi Soytürk: "Biz istiqlal prinsipinə var gücümüzlə sarılmasaq, fars ovinizminin planlarından siğortalana bilməyəcəyik"
Müsahibimiz sosioloq Nəbi Soytürkdür.
- Nəbi bəy, indiki mərhələdə Güney Azərbaycan Milli Hərəkatında prosesləri uğurla apara biləcək qüvvə varmı?
- Azərbaycanın Milli Hərəkatı açıq və gizli fəaliyyət göstərən müxtəlif qurumlar, təşkilatlar, partiyalar, kütləvi informasiya vasitələri, fiziki şəxslər və s. qüvvələrin fəaliyyəti nəticəsində bügünkü səviyyəyə çatıb. Təbii ki, müxtəlif qüvvələrin müxtəlif dərəcədə də təsirləri olub. Ancaq Milli Hərəkatın aparıcı qüvvəsi elə Milli Hərəkatın özüdür. Son zamanlarda Xürrəmilər, Qızılbaşlar və digər tarixi hadisələrlə bağlılığı olan qırmızı rəngin Milli Hərəkatın Ortaq Simgəsi kimi seçilib və demək olar ki yekdilliklə dəstəklənməsi, bəzi qurumlara mesaj olmaqla yanaşı, bu hərəkatın mahiyyətcə bütöv və ayrılmaz olmasını ortalığa qoydu.
O halda ki, Milli Hərəkat Azadlıq simvolu kimi götürülən Babək Xürrəmdin, Azərbaycançılıq, Türkçülük, Demokratiya, İstiqlal və s. kimi mehvərlərin ətrafında cərəyan edir, özünüz təsəvvür edin, bu, hərəkatın üfüqləri haralara qədər gedir! Bu terminlər Güney Azərbaycanda gedən Milli Hərəkatın məzmunuqu göstətən meyarlardır. Belə bir halda, Milli Hərəkatın aparıcı qüvvəsi elə özü ola bilər.
- Narahat olduğum tarixi məqamlardan biri də odur ki, İranda baş verən inqilabi dəyişikliklərdə soydaşlarımız detenator rolunu oynasa da, sonrakı proseslərdə “aldadılmış toplum” vəziyyətinə gəliblər. Hansı addımları atmaq lazımdır ki, bir daha belə tarixi anları yaşamayaq?
- Mənə elə gəlir ki, lazım gələndə, başqalarının gözü ilə özümüzə baxsaq, onda baş verən hadisələri daha düzgün analiz edə bilərik. Farslar bizi əsasən iki sifətlə tanıyırlar: birincisi onlar inanır ki, azərbaycanlılar qeyrətli, mübariz və əyilməzdilər. İkincisi isə inanırlar ki, azərbaycanlıları aldadıb və zərərsizləşdirmək mümkündür. Sizin də qeyd etdiyiniz kimi, farslar bu qənaətə tarixi faktlara görə gəliblər. Keçən əsrdə İran və Güney Azərbaycanda yaşanan savaşların hamısının qalibi Azərbaycan olsa da, mübarizənin qalibi farslar olub. Daha doğrusu, Azərbaycan fəallaşıb, maddi-mənəvi enerji qoyub və şəhidlər fəda edib, amma fars millətçiliyi öz hədəfinə çatıb.
Eramızdan 500 il öncə San Tse deyirdi ki, bütün mübarizələrdə savaşa qovuşmaq üçün birbaşa yolla gedilər, ancaq qələbəyə çatmaq üçün dolayısı yolla gedilər. Təəssüflər ki, türk millətinin milli ideologiyası tarixin dərinliyində itib-batdığı üçün siyasətimizin qlavuzu ola biləcək ideologiyamızın olmaması bizi San Tsenin dediyi dahiyanə məntiqin tətbiqində aciz qoyub. Keçmiş mübarizələrdə milli hədəfimizin yetəri qədər doğru qoyulmaması, farsların isə strateji hədəflərinin olması bizim enerjimizi onların xeyrinə bada verib. Demək ki, hədəfimizi doğru qoymalıyıq.
- Biz bu gün Milli Hərəkatın hədəfləri ilə bağlı müxtəlif fikirlər eşidirik. Bəzi insanlar var ki, hazırda cərəyan edən hərəkatın düzgün xətt tutmadığını, digər insanlar isə bunun əksini düşünürlər. Sizcə, indiki mərhələdə milli hərəkat strateji xəttini düzgün apara bilirmi?
- Fikrimcə, günümüzə qədər gedən proseslərdə ciddi bir xələl yoxdur. Milli Hərəkat yaşıl hərəkatın sınağından elə məharətlə keçdi ki, artıq bir çox bədbin təhlillərə son qoyuldu. Solçuların cəhdlərinə qarşı müqavimət göstərib və milli hərəkatın prinsiplərinin çürüməməsi də digər uğurlu sınaqlardan biri kimi sayılmalıdır. Milli hərəkatı qat-qat oluşduran yeni dalğaların ortaya çıxması, “Traxtur” futbol komandasının yarışlarında şüurlu və olduqca mənalı şüarların səsləndirilməsi, qırmızı rəngin ortaq simgə kimi seçilib və dəstəklənməsi milli hərəkatın doğru bir nüvəyə kökləndiyini göstərməkdədir. Ancaq yuxarıda qeyd etdiyimiz kimi, fars şovinizmi də bu arada rahat oturmayıb. Onların mövqeyi qələbəyə hesablandığı üçün biz ancaq inqilaba yönəlik toparlansaq. keçmişdəki problemlər təkrar ola bilər.
- Bu arada fars şovinizminin bizlərə qarşı etdiyi fəaliyyət nədən ibarət ola bilər?
- Mənim fikrimcə, azərbaycanlılar üçün Azərbaycanı və üstəlik, Tehranı da fəth etmək çox rahatdır, nəin ki, fars şovinizmi tərəfindən gələn bir hiyləni dəf etmək. Ən azı keçən əsr boyu belə olub. Azərbaycanın qarşısında iki cəbhə var. Birincisi, Azərbaycanın qarşısında duran şəraiti dəyişmək. İkincisi, şəraiti dəyişəcək olan insanları dəyişmək. Birinci cəbhə kiçik, ikincisi isə böyük sayılmalıdır. Fars şovinizminin Azərbaycana yatırım qoymaması, Urmu bölgəsinə digər etnikləri yerləşdirməsi və bununla da, Azərbaycan və türk dünyası ilə Türkiyənin arasını kəsməyə çalışması, Dağlıq Qarabağın işğalda qalması üçün Ermənistana əlindən gələni etməsi və s. bütün bunlar Azərbaycanın qarşısında duran şəraitdir. Bu şəraitə qarşı mübarizə lazımdır və mübarizə də gedir. Ancaq biz o zaman şəraitə qalib gələcəyik ki, ikinci cəbhə də böyük uğur qazanaq. Yəni millətimizin və xüsusilə, milli fəalların üzərində elə bir dəyişiklik olmalıdır ki, artıq fars şovinizminin bacarıqlı təbliğatına və siyasi hiylələrinə tab gətirə bilsin. Fars şovinizmi tarix boyu əsasən bu sahədə bizi üstələyib. Məsələn, Qacar dövründən çıxmış bir çox Azərbaycan türkü Məşrutə inqilabının istəmədiyi bir nəticəsi kimi Pəhləvilər zamanı Qacarlıqdan İranlılığa, Firqey-i Demokrat inqilabının təsiri altında İranlılıqdan Azərbaycanlılığa, indi isə bir ideal hədəf kimi Azərbaycanlılıqdan Türklüyəyə tərəf yaxşı və ya pis mənada ona görə yönəlir ki, repressiyalara tab gətirəcək standart bir milli kimliklə yetəri qədər sifətlənməyib. Fars şovinizmi bütün tarixi həqiqətləri təhrif etdiyi üçün hər bir tarixi həqiqət öz üzərində bir şübhə daşıyıb və türk, azəri, iranlı, fars, ariyayi (ari), müsəlman kimi terminlərin biri o birisini etibardan salıb. Bu da milli kimlik üçün ağır zərbə deməkdir.
Biz bilməliyik ki, Azərbaycanı nə Məşrutə İnqilabının xatirəsi, nə Azərbaycanın 35 milyon olması və nə də türk dünyasının mövcud olması qurtaracaq. Son məqamda Azərbaycanı bir qurtarası vasitə varsa, oda sarıldığı prinsip olacaq. O, prinsip şüurlara tam işləməlidir.
- Siz söhbətimizin başından bəri hansısa prinsipi vurğulayırsınız. O prinsip nədir və necə olmalıdır?
- Bilirsiniz, qeyd etdiyim kimi, mən şəraiti dəyişməkdən çox, şəraiti dəyişəcək olan qüvvələrin dəyişməsi və onların yetkinliyini önəmsəyirəm. Fikrimcə, biz istiqlal prinsipinə var gücümüzlə sarılmasaq, fars şovinizminin planlarından siğortalana bilməyəcəyik. Bizim şüarımız kəskin və radikal olmasa, farslarla türklərin mənəvi sərhədini bərpa etməsə, milli hərəkatın gələcəyi risk altına düşə bilər. Fars şovinizmi İrançılıq düşüncəsi ilə hər an qapının önündə hazırdır, o ancaq “İstiqlal” tablosu və “znakından” keçə bilməz. İstiqlal məfkurəsi İran və fars mədəniyyəti ilə çulğalanmış zehinləri şəffaflandırır. Bu o deməkdir ki, Güneyin istiqlalı bir prinsip kimi milli mübarizənin nəticəsindən çox sığortası kimi başa düşülməlidir.
Məsələni biraz da açaq. İstiqlal prinsipi yalnız ona görə mühüm olmamalıdır ki, sonra bizə nəsə verəcək. İstiqlal prinsipi vacibdir ona görə ki, indi bizə nəsə verir. Bir misal gətirəcəm. Əgər bir insan özünə hədəf götürsə ki, 5 il sonra idman üzrə çempion olmalıdır, o şəxs artıq həyat tərzini dəyişir. Yeni dostlar tapır, yeni işlərlə məşğul olur, gündəlik proqramını dəyişir və artıq yeni bir şəxsiyyətə çevrilir. 5 il sonra çempion olursa, nə yaxşı, amma olmursa belə, artıq yeni bir şəxsiyyətə çevrilir.
Hədəf bir milləti yenidən formalaşdırır. Əgər ermənilərin hədəfi dənizdən-dənizə Emənistan qurmaq olmasaydı, bu gün ermənilərin belə bir diasporu olardımı? Əgər fəal kürdlərin hədəfi böyük Kürdistan olmasaydı, bugünkü uğurları olardımı? Həmçinin yəhudilərin buraya qədər gəlib çatması məhz götürdükləri hədəfdən irəli gəlir. Bu təbii qanun bizim üçün də keçərlidir.
- Maraqlıdır ki, bir əsrdə dörd dəfə inqilab edən və böyük bir mübarizəçilik təcrübəsinə yiyələnmiş bir toplum nədən azadlığını çətinliklə əldə edir?
- İranın siyasi-ictimai vəziyyəti çox adamları təəccübləndirir. Yəqin ki, bunu həm türk millətinin əsrarəngiz tarixi, həm də İranın son dərəcə reallıqdan uzaq bir romantika içində idarə olunması ilə izah etmək olar. Hətta bu barədə böyük qərb mütəfəkkiri Albert Surel yazır ki, iki şey var ki, onlar hər zaman məchul qalacaq: coğrafiyada qütblər və tarixdə türklər. Həmçinin yazır ki, iki məsələ məni çox düşündürür. Nəcə olur ki, İran regionunda əsasən türk xanədanları hökmranlıq edib, ancaq bir çox halda fars dili rəsmi dil olub?! Bununla belə, fars dili dövlət tərəfindən dəstəkləndiyi bir halda, türk dilinə tab gətirməyib və müxtəlif tarixi dövrlərdə əriməyə başlayıb.
İranda hər zaman zor, güc, təhlükə və basqı olub, Ancaq istisna halları çıxmaq şərti ilə vəhşilik bir o qədər olmayıb. Bu da səbəb olub ki, proseslər yumşaqca getsin və tədricən baş versin.
Dahilər incə məqamları görə bilsələr də, ancaq adi insanlar qabarıq nümunələri görə bilirlər. Fars şovinizmi Azərbaycanı bir qanlı savaş nəticəsində udmayıb. Fars şovinizmi aldadıcı şüarlarla yavaş-yavaş Azərbaycan və İranın siyasi, mədəni, iqtisadi, ictimai və s. sahələrini mənimsəyib. Üstəgəl, həm pəhləvilər və həm islam hakimiyyəti zamanı İranın içində şiddətlə asimilasyon siyasəti tətbiq edilib. Həm də vətəndaşlar dünya ictimaiyyətindən uzaq tutulub. Bu siyasətin əsas hədəfində isə Azərbaycan olub. Təbii ki, bütün bunlar təsirsiz ötüşməzdi.
Ancaq hər şeyin sonu olan kimi, artıq İranın da sonu görünməyə başlayıb. Belə görünür ki, İran bir kimlik və dəyər məkanı kimi öz məzmununu itirib, coğrafi və siyasi məzmunla kifayətlənməli olacaq. Bu da İran mərkəzli fars düşüncə sisteminin çöküşü deməkdir.
- Azərbaycanda bu gün bəziləri belə bir fikir ortaya atır ki, İran parçalanmamalıdır və onlar xüsusilə, türklərin hakimiyyətə gəlməsi ideyasını dəstəkləyirlər. Hazırda İranda belə bir prosesin başlanması üçün tarixi-siyasi və ictimai-sosial zəmin varmı?
- Molla Nəsrəddin son zarafat kimi vəsiyyət edib ki, qəbrinin üstünə kimsəni buraxmasınlar. Ona görə də məqbərənin qapısını böyük bir qıfılla kilidləsinlər. Ancaq qapıdan başqa məqbərənin dört tərəfi divarsız olsun.
Sizin qeyd etdiyiniz fikiri irəliyə doğru bir addım kimi hesab etmək olar. Ancaq qorxu ondadır ki, hakimiyyətə gələn türklər qanunlara təsir edib və fars şovinizminin üzünə qapıları bağlasınlar, amma divarları nə edəcəyik?!
Fars şovinistləri və ya onlara uyan soydaşlarımız Firdovsinin “Şahnamə”si, Əhməd Kəsrəvinin aldadıcı tarix əsərləri və digər vasitələrlə divarlardan aşmayacaqlarmı?! Gündəlik həyatdakı adətlər, millətimizdə yaranan psixoloji şərti reflekslər nəzərə alınıbmı? Yoxsa qadağa qoyacaqlarına inanırlar? Qadağa olsa, artıq bu, demokratiya olmaz. Heç mümkün də deyil. İndiki zamanda mədəni təsir daha rahatdır, ona görə ki, həm onun üçün vasitə imkanları çoxdur, həm də qadağa qoyulmur.
Duzdur, elə fikirləşənlər var. Onlar düşünür ki, tam tərsinə, biz farslara təsir edə bilərik. Ancaq mən buna inanmıram. Siz də əgər milli ideologiyamızın hansı yerdə olduğuna diqqət yetirsəniz, yəqin ki, mənimlə razılaşarsınız.
İki əsrdir ki, Azərbaycan parçalanıb. Bəs nəyə görə bu müddətdə ruslara və farslara təsir edib onları türk etmədik?! Nəinki onlara təsir etmədik, həm də genişmiqyasda təsir altına düşdük. Ancaq Quzey Azərbaycan müstəqil olduqdan sonra dünya azərbaycanlıları silkələnməyə başladılar. Bir millət kimi yeni düşüncə tərzinə keçdik. Budur istiqlalla, qeyri-istiqlalın fərqi.
Elnur Eltürk