Fikrət Sadıqov: "Başa düşmək olmur ki, Rusiyanın Xankəndidə Baş konsulluq açmaqda hansı maraqları var?"
"Qriqori Karasin Rusiyanın keçmiş xarici işlər nazirinin müavini olub. Çox güman ki, Xankəndidə Baş konsulluq açmaq onun və hansısa dairələrin mövqeyidir. Hər bir diplomatik nümayəndəlik qarşılıqlı razılıq əsasında açılmalıdır. Baş konsulluq da həmçinin. Həqiqətən, başa düşmək olmur ki, Xankəndidə Baş konsulluq açmaqda hansı maraqlar var? Orada Rusiya vətəndaşları yoxdur. Rusiya vətəndaşlığı olan erməniləri nəzərdə tuturlarsa, artıq Xankəndidə ermənilər də qalmayıb. Burada məqsəd, maraq nədir? Başa düşmək mümkün deyil”.
Bu sözləri Pravda.az-a açıqlamasında politoloq, sabiq diplomat Fikrət Sadıqov deyib.
"Hər hansı ölkənin şəhərində Baş konsulluq açılırsa, onda bunu qəbul edən ölkənin də yeni Baş konsulluğu həmin ölkənin hansısa şəhərində açılmalıdır. Çünki bu proses həmişə qarşılıqlı şəkildə edilir. Bu məsələni də Rusiya və Azərbaycanın Xarici İşlər Nazirliyi müzakirə edib, bir qərar çıxarmalıdır. Bu, Karasinin öz uydurması, kəşfi olmamalıdır. Çoxmərhələli prosesdir və qarşılıqlı maraqlar əsasında qurulmalıdır. Karasin hazırda Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəridir. Baş konsulluq açmaq məsələsi isə Federasiya Şurası yox, yüksək rəhbərlik səviyyəsində həll edilir. Karasin həmin qurumların nümayəndəsi deyil”, - F.Sadıqov bildirib.