Flora Hüseynova: "Düşünürəm ki, qızım məni cəzalandırır” – Müsahibə

Flora Hüseynova: "Düşünürəm ki, qızım məni cəzalandırır” – Müsahibə

“Mən həyatda digər aktrisaların etmədiyini etmişəm və peşman deyiləm”.

Bu dəfə müsahibim Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzinin direktoru, gözəl və istedadlı aktrisa, həyatını qızlarına həsr etmiş ana Flora Hüseynovadır.

- Flora xanım özünü oxucularımıza necə təqdim edər?

- Mən sənətə aktrisa kimi başlamışam. 4 il Naxçıvan Dram Teatrında işləmişəm. Sonra ailə qurdum, iki qız övladım dünyaya gəldi. Mən aktrisaların və aktyorların uşaqlarının necə əziyyət çəkdiyini görmüşdüm. Ona görə bu əziyyəti uşaqlarıma yaşatmaq istəmədim. Qızlarım mənə deyir ki, sən manyak anasan. Böyük qızım ailəlidir, kiçik qızımın toyu olacaq. Baxmayaraq ki, sənətim üçün ürəyim gedir, istəmədim qızlarımın uşaqlığı mənsiz keçsin. Ona görə Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində direktor olaraq işə başladım. Mən yaradıcı insanam. Bir gün nəsə yaratmasam, elə bilirəm bir gün itirmişəm. Amma nə vaxtsa qayıdacağımı bilirdim. Qızlarımı böyütdüm. Keçən il serial çəkilişi başlayanda xalq artisti və rejissor Vaqif Əsədov mənə zeng etdi ki, uşaqlar böyüdü, qayıtmaq istəmirsiniz? Dedim, niyə istəmirəm və başladım “Sirr” serialına çəkilməyə. Profesionalizm içimdə qalıb. Mən ilk addımlarımı xalq artistləri ilə atmışam. Mədəniyyət Mərkəzində teatr truppası yaratmışam. Tamaşada oynayan uşaqların paltarlarını öz əllərimlə tikirəm. Şeir yazıram, monoloqlar yazıram. 

Bax sən getdin mən cox sakitəm,

Heç üzülmədimdim,fikir eləmə,

Sənsiz nə edəcəm nə bilim bəlkə,

Çox uzaqlara çıxıb gedəcəm,

Gedəcəm yenidən qayıtmaq üçün

Səninsə, necə olduğunu deyə bilmərəm,

Doğrusu, heç bilmək də istəmirəm

Gənclərlə işləməyi sevirəm. Ona görə də qocalmıram. (Gülür). Gənclər safdır, təmizdirlər. Konfilikti sevmirəm. Söz-söhbətlər olan yerdən qaçıram həmişə.

“Mən düşünürəm ki, qızım məni cəzalandırır”


 
- Aktrisalığı özünüz seçmisiniz. Ailənizdə bu sənətə qarşı çıxanlar olubmu?

- Mən çox qapalı insan olmuşam. Onda heç kəsin ağlına gəlməzdi mən aktrisa olum. Evdə bu istəyimə qarşı çıxdılar. Ona görə mən ilk olaraq texnikuma daxil oldum. O zaman atam xəstəxanada yatırdı. Anam dedi ki, bir o qalıb aktrisa olasan. Sənədlərini Bakı Dövlət Universitetinə ver. Bizim nəsildə tendensiyadır. Hər kəs buranı bitirir. Mən də gedib fırlanıb gəldim ki, sənədlərimi götürmədilər. Atam xəstəxanadan çıxanda soruşdu ki, bu uşaq sənədlərini hara verib. Anam dedi ki, başı xarab olub aktrisa olmaq istəyir. Atam dedi qoy ürəyi hara istəyir versin. Mən də texnikuma verdim. Dərsdən sonra fərdi saatlara qalırdım, evdə danlanırdım hər gün. Mən İncəsənət Universitetinə qəbul olanda artıq iki qızım var idi. Bu sənəti seçdiyim üçün peşman deyiləm. Lakin qızımı İncəsənət Universitetini seçməyə qoymamışam. Mənim kiçik qızımın çox gözəl səsi var. Mən razı olmazdım ki, qızım indi 3-4 manatdan ötrü şou proqramlara çıxsın. İndi qızım məni cəzalandırır və mənim yanımda oxumur. Şükür Allaha indi seriallar çəkilir, səsləndirmələr var. Aktyorlarımız normal pul qazana bilir. Bunu da qeyd edim ki, bizdə səsləndirməyə də dublyaj deyilir. Dublyaj başqa dildən tərcümə edilib səsləndiriləndir. Əgər biz film çəkiriksə, sonra onun üzərinə səsimiz yazılırsa, bu səsləndirmədir. Bizim aktyorlarımız, aktrisalarımız hər şeyin yaxşısına layiqdir. Çünki onlar fədaidirlər.

- Canlandıırdığınız obrazlara baxanda nə hiss edirsiniz?

- Acınacaqlı hiss keçirirəm. Fikirləşirəm ki, bu obraz bir də olmayacaq, daha bu obrazı oynamayacam. Bütün ürəyini, canını qoyursan bir obraza və daha o rol qayıtmır. Həm də fərəhlənirəm ki, bunu bacarıram. Hər kəs aktrisalığı bacarmır. Həmişə mənə deyirlər ki, Flora xanım, qeyri-adi cavablar verirsiniz. Mən yaşadığımı dilə gətirirəm.

- Seriallarda rol alırsınız. Düşünmürsünüzmü indiki seriallarda sünilik, təkrarçılıq var?

- Bizdə seriallar yeni-yeni çəkilməyə başlayır. Düşünürəm ki, buna yumşaqlıqla yanaşmaq lazımdır, dəstək olmaq lazımdır. Çünki xaricdə çəkilən seriallar uzun yol keçib. Biz onların inkişaf yolunu görməmişik. Eləcə də onlar bizim inkişaf yolumuzu görmürlər. Bir ildir bu işə başlanılıb. Jurnalistlərdən xahiş edirəm ki, serialları bu qədər tənqid atəşinə tutmasınlar. Gəlib istənilən səviyyəyə çatılacaq. Düzdür, sünilik də var. İndi tanışlıqla seriallarda rol alanlar, təsadüfi insanlar var. Ona görə vaxt verməliyik ki, zaman hər şeyi yoluna qoysun və o zaman təsadüfi rol alanlar itəcək, hər şey qaydasına düşəcək. Biz də seriallarımızı xarici ölkələrə satacağıq. Bizim xalq istedadlı xalqdır.

“Xoşbəxt qadın deyiləm. Xoşbəxtlik nisbi anlayışdır”

- Özünüzü xoşbəxt qadın hiss edirsinizmi?

- Xoşbəxt qadın deyəndə ki, xoşbəxtlik nisbi anlayışdır. Mən sizinlə oturub xoş söhbət edirəm və xoşbəxt anlar yaşayıram. Övladımın xoş gününü görürəm, bu xoşbəxtlikdir. Xoşbəxtlik anlarladır. Xoşbəxt qadın, xoşbəxt insan, xoşbəxt aktrisa anlayışı yoxdur. Bu maddiyyata da bağlı deyil. Xoşbəxt qadın deyiləm. İncəsənətdə nəsə edə bilmişəm və edə bilirəm, buna görə xoşbəxtəm.

- Həyatınızda sevincli günləriniz çox olub, yoxsa kədərli günləriniz?

- Təbii ki, qəmgin günlər çox olub. Yer üzü 11 gün sulanır. Onların yalnız bir günü sevinc göz yaşları olur. 10 günü bədbəxtlik, kədər yaşlarıdır.

- Həyatda ən çox nədən qorxursunuz?

- İnsan itkisindən qorxuram. Mən atamı itirmişəm. Mən atamı itirəndə itkinin nə olduğunu başa düşdüm. Özünə yaxın və əziz insanları itirməkdən çox qorxuram. Əslində bu sualdan çox qorxuram. Çünki həmin an ürəyimə itki qorxusu dolur. Bir də insanların qarşısında aciz qaldıqları təbii fəlakətlərdən qorxuram. Xahiş edirəm jurnalistlər daha mənə belə sual verməsinlər.

“Həyatımda qızlarımın körpəliyi çatmır”

- Həyatınızda nə çatmır? Nəyin əskikliyini hiss edirsiniz?

- Həyatımda çox şey çatmır. Uşaqlarımın körpəliyi çatmır. Onlar körpə olanda daha yaxın idilər mənə. İndi mənim onlara ehtiyacım var, amma onların yoxdur.(Kövrəlir). Bu təbii haldır. Amma acınacaqlıdır. Onlar körpə olanda mən onları qucaqlayıb yatırdım. İndi də bunu etmək istəyirəm, amma onlara qəribə gəlir. Mənim ailəm tez dağılıb. Həyat yoldaşım çox yaxşı insan olub. Sadəcə biz bir-birimizi başa düşməmişik. Allah ona can sağlığı versin. Bizdən çox uzaqda yaşayır və ailəlidir. Bütün ömrümü övladlarıma vermişəm. Onlar körpə olanda başım o qədər məişət problemlərinə qarışdı ki, körpəliklərini istədiyim kimi görə bilmədim.

- İkinci dəfə niyə ailə həyatı qurmadınız?

- Cəhd etdim alınmadı. Çox qəliz və çətin şeydir. Əgər qadının övladları varsa, ikinci dəfə ailə həyatı qurmaq lazım deyil. Həyatını daha çətin etmək istəmirsənsə, lazım deyil. Ən əziz adamların arasında qalır adam. Mənə deyirlər sən cəhənnəm odunda yanacaqsan. Qorxmursan belə sözlər danışırsan? Amma istəyirəm bu fikrimi oxucular da bilsin. Biz yaradandan bir zərrəyik. Yalnız biz dünyaya uşaq gətirə bilirik. Nə qədər övladımız pis olsa da, onu yandırmarıq. Bizi də Tanrı yaradıb. İnanmıram ki, o bizi yandırar. Biz onun zərrələriyik axı. Bu gülünc bir şeydir. Deməli biz övladımızı Tanrının bizi istədiyindən çox istəyirik? - Əsla. Mən ancaq Yaradana inanıram. Bunu deməkdən qorxmuram.

- Hal-hazırda hansı işlərlə məşğulsunuz? 

- Xaçmaz televiziyası məni dəvət edib. Orada veriliş aparıram. Çox yaxın dostlarım bir dəfə mənə dedilər ki, sizdən yaxşı aparıcı olar. Sonra da mənə təklif gələndə bu təklifi dəyərləndirdim. Dedilər “Nəğməli ləpirlər” adlı verilişi apararsınız. Dedim ki, bu qısa mövzudur. Gəlin adını “İncə sənət” qoyaq. Neçə veriliş gedib. Artıq Bakıda da yayımlanacaq o veriliş. Yeni seriallar var. Məni də ora dəvət ediblər, mən də sevə-sevə qəbul etmişəm. Artıq bir neçə fraqment çəkilib. Yazıram hər gün. Yazmasam dayana bilmirəm. Bundan sonrakı işim ancaq mənə yaxın olan gənclərə dəstək olmaqdır. 

- Səmimi müsahibə üçün təşəkkür edirəm.

- Mən təşəkkür edirəm.


Könül İbrahim 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az