
Tural Abbaslının sözlərinə görə, istənilən halda generalların korrupsiya faktları ilə bağlı həbsi müsbət haldır: "Çünki cəzasızlıq sindromu anlayışı aradan qaldırılmalıdır. Heç kəs toxunulmaz olduğunu düşünməməlidir. Hər kəs etdiyi əmələ görə cavab verəcəyini bilməlidir. Eldar Mahmudovun isə yaxın zamanlarda həbs olunacağını düşünmürəm. Bəlkə də generalların həbsi Eldar Mahmudova bir xəbərdarlıqdır. Biz pərdəarxası hansı hadisələrin baş verdiyini dəqiq bilmirik”.
Mövzu ilə bağlı saytımıza açıqlamasında politoloq Ərəstun Oruclu da maraqlı məqamlara diqqət çəkib. O bildirib ki, "gözəgörünməz əl” tərəfindən müdafiə olunan Eldar Mahmudovun cəzasız qalması Şıxəliyevin də toxunulmazlığını təmin edirdi: "Amma belə görünür ki, cinayətkarların immuniteti artıq tükəndi. Bu isə istənilən halda müsbət dinamikadır və inanaq ki, davam edəcək. Ümid edirəm ki, həbs olunan generalların istintaqı həbslərin və ifşaların davamına yol açacaq. Amma bu heç də o demək deyil ki, biz rahatlaşıb gözləməliyik. Xeyr, bunu heç bir halda etmək olmaz.

Əvvəl də qeyd etdiyim kimi, Azərbaycan Ordusuna qarşı törədilmiş silsilə cinayətlər təkcə kriminal çətənin deyil, həm də onun arxasında dayanan xarici xüsusi xidmət orqanlarının fəaliyyətinin nəticəsidir. Elə buna görə də düşmən öz casus şəbəkəsini qorumaq üçün əlindən gələni edəcək. Onun Azərbaycanda qurduğu casus şəbəkəsi isə nəhəng infrastruktura malikdir. Odur ki, indi "Buz sındımı?” sualının cavabı ilk növbədə sizin atacağınız addımların ardıcıllığından və səmərəliliyindən asılı olacaq, möhtərəm külli-ixtiyar sahibləri. Bunu edəcəksinizsə, dəstəyimizi arxanızda, etməyəcəyiniz halda isə təpkimizi qarşınızda görəcəksiniz”.