Gömrük Komitəsinin ləğvi: “Heç bir problem yaratmır”

Gömrük Komitəsinin ləğvi: “Heç bir problem yaratmır”
"Azərbaycanda maliyyə əməliyyatları aparan bütün qurumlar ya Maliyyə Nazirliyi qarşısında hesabatlı, ya da ona bağlıdır".

Bunu "Yeni Sabah”a Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu bildirib.

O, Dövlət Gömrük Komitəsinin (DGK) ləğv edilməsi və funksiyalarının digər dövlət qurumlarına verilməsi ilə bağlı müzakirələrə qoşulub.

Xatırladaq ki, müzakirələrdə DGK-nın maliyyə, yaxud İqtisadiyyat Nazirliyinə birləşdirilməsi ilə bağlı müxtəlif təkliflər səsləndirilir.

S. Cəlaloğlu qeyd edib ki, Azərbaycan kiçik dövlət olsa da, ABŞ və Çin kimi nəhəng idarəetmə strukturlarına malikdir:

"Bu, dövlət aparatının saxlanılmasında böyük xərclər tələb edir. Bu baxımdan, digər ölkələrin təcrübəsində də müşahidə olunur ki, Azərbaycanda ayrı-ayrı sahələr üzrə fəaliyyət göstərən bir çox nazirlik və komitələr başqa ölkələrdə vahid təşkilatlarda birləşdirilərək idarə olunur. Bu, idarəetmənin təkmilləşdirilməsi baxımından çox vacibdir.

İkincisi, ayrı-ayrı və çoxlu dövlət idarələrinin mövcudluğu korrupsiyanın genişlənməsi üçün zəmin yaradır. Həddindən artıq çoxlu idarələrin mövcudluğu onların bir-biri ilə əlaqəsini məhdudlaşdırır və bu idarələrə nəzarət imkanını çətinləşdirir. Nə qədər az idarəetmə mərkəzləri olarsa, onlara nəzarət bir o qədər düzgün və effektiv olar.

Üçüncüsü, bir çox təşkilatların fəaliyyəti bir-biri ilə əlaqəlidir. Bu təşkilatların ayrı-ayrı olması isə öz sahələrində fəaliyyətinə ciddi əngəl törədir.

Dördüncüsü, demək olar ki, heç bir risk yaranmır. Onsuz da gömrüyün əsas vəzifəsi dövlət büdcəsinə gəlirləri toplamaqdır. Maliyyə Nazirliyi isə maliyyə və büdcə məsələlərini, yəni pulların toplanmasını və xərclənməsini təmin edən əsas dövlət orqanıdır. Ona görə də DGK-nın Maliyyə Nazirliyinə tabe edilməsi, yaxud İqtisadiyyat Nazirliyinə birləşdirilməsi heç bir problem yaratmır. Azərbaycanda maliyyə əməliyyatları aparan bütün qurumlar ya Maliyyə Nazirliyi qarşısında hesabatlı, ya da ona bağlıdır”.

Partiya sədri vurğulayıb ki, Azərbaycanda ciddi iqtisadi problemlər mövcuddur və dövlət aparatının ixtisarı vacibdir:

"Azərbaycanda ciddi iqtisadi problemlər mövcuddur və bu problemlər dövlət büdcəsinin doldurulmasında əngəl törədir. Dövlət aparatının ixtisarı, sadələşdirilməsi və mümkün qədər korrupsiya imkanlarının məhdudlaşdırılması baxımından idarəetmə islahatlarının aparılması vacibdir. Bu islahatların ləngidilməsi isə həm dövlət, həm də xalq üçün ağır nəticələrə gətirib çıxara bilər”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az