GÜNÜMÜZÜN ELEGİYASI
Günel Novruzlu
Bakıda yanan binada dünyasını dəyişmiş
məsum körpələrin xatirəsinə ithaf edirəm ....
Dünənə kimi biz sabahları bəyaz dumana bürünmüş kimi görən insanlar idik. Xeyli illərdi ki, bəyaz günlərini yaşayan ÖZÜMÜZün sanki özünə bir qəzəbi vardı. "Bəlkə, bəsdir, yetər bu bəyazlıq ?!” deyə içində düşünürdü. Amma bu səssiz düşüncənin bir gün reallaşması, bu bəyazlığın bir an da qaralması ÖZÜMÜZü də çaşdırdı. Döğurdanmı insanlar gözəllikdən, bəyazlıqdan, yaxşılıqdan bezmişdi ? Yoxsa pisi görüb yamanlığı, yaxşılığı anlamaqdı, anlatmaqdı məqsədləri ?...
Bu günlərdə şəhərimizdə bir məşəl yandı. Yox, bu paytaxtımızda keçiriləcək Avropa yarışmasının məşəli deyildi. Bu məşəl heç əvvəlki məşəllərə də bənzəmirdi. Bu məşəl ətrafa nur, işıq kimi saçmadı, əksinə ətrafdakı nuru, işığı yox etdi, ürəklərə, qəlblərə qaranlıq saçdı, əlimizi, ayağımızı isitmədi, əksinə soyutdu, günümüzə, güzaranımıza bir bədbəxlik, bədnamlıq gətirdi...
Saxta yaraşıq üçün həyatımızı risqə atdıq. Yadları məmun etmək üçün özümüz özümüzə düşmən olduq. Keyfiyyətsiz, ölüm saçan üzlüklərlə binalarımıza bəzəkli kəfəntək saxta gözəllik bəxş etmək istədik...
Vicdanını pulla alıb stanlar, haram yeyib harınlayanlar, soydaşlarımızın həyatını zibil qutusuna atılan kibrit qutusu kimi heç edənlər, bu dünyanın dadını, duzunu dadmayan, həyatın şirinliyini hələ anlamayan günahsız, məsum körpələri oda, alova atanlar, torpağın altına gömürənlər, doymayan nəfsinə görə neçə-neçə ailəni gözü yaşlı qoyanlar, nə qazandınız ? Nifrət, axirətin cəhənnam əzabını...
Başın sağ olsun, Vətən ! Göz yaşlarını gizlət, qəddini əymə, qürurunu uca tut, ətrafında bu qədər düşmənin var ikən, ayıq ol, sayıq ol, səni içindən yeyən düşməninə aman vermə, Azərbaycan...