NATO Gürcüstanda hərbi təlimə başladı
Vətəninfo.az ANS PRESS-ə istinadla xəbər verir ki, hərbi təlimlər NATO-nun paytaxt Tiflisdən 20 kilometr aralıda yerləşən hərbi bazada keçirilir.
Vaziani hərbi bazasında təlimlər iyulun 7-dən başlayıb və iki həftə
davam edəcək. Təlimlərə Gürcüstandan başqa, ABŞ, Latviya, Litva,
Rumıniya və Bolqarıstan da ölkələr də qatılıb.
Daha əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko NATO-nun Şərqi Avropada fəallığı haqqında narahatlığını söyləyib.
Ümumiyyətlə, NATO Gürcüstanın müdafiə qabiliyyətini gücləndirməyə
qərar verib. Bu məqsədlə Tiflisdə NATO-Gürcüstan təlim-tədris mərkəzi
də yaradılıb. Təşkilatın Baş katibi Yens Stoltenberq deyib ki, biz bunu
Gürcüstanın müstəqilliyinə hörmətimizə görə edirik. Biz təlim-tədris
mərkəzini yaratmağa qərar verdik və bu, yaradılır. Bu tədris mərkəzi
NATO-ya məxsus olmayacaq, sadəcə hərbi təşkilat bunun yaradılmasında
Gürcüstana kömək edəcək.
Onun sözlərinə görə, NATO Gürcüstanın Avropaya inteqrasiya
prosesini davam etdirməsini, bu yola sədaqətini alqışlayır. Bu, çox
əhəmiyyətlidir və birmənalı yanaşmadır. Eyni zamanda, NATO-nun 2008-ci
ildə keçirilən Sammitində qəbul olunan qərara uyğundur. O zaman qərar
qəbul etdik ki, Gürcüstan NATO-nun üzvü olacaq. Buna görə, biz
Gürcüstanın bu kursa sədaqətini alqışlayırıq.
NATO-Gürcüstan komissiyasının bu il fevralın 5-də iclası
keçirilib. İclas Şimal-Atlantika Məsləhət Şurasının dəstəyi ilə NATO
ölkələrin müdafiə nazirləri səviyyəsində baş tutub. Komissiyanın
iclasında hərbi ittifaqa üzv olan dövlətlər və təşkilatın tərəfdaşları
üçün Gürcüstanda NATO-nun Təlim Mərkəzinin yaradılması planı müzakirəyə
çıxarılacaq.
Hələ bu ilin martında Alyansın baş katibinin Cənubi Qafqaz və
Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay bildirilib ki,
NATO və Gürcüstan bu ilin yayında birgə təlimlər keçirəcək. Bu ölkə ilə
əməkdaşlıq çərçivəsində Gürcüstanda müntəzəm təlimlər keçirməyi
planlaşdırırıq.
Gürcüstanın NATO ilə əməkdaşlığı 1994-cü ildən - Gürcüstanın
"Sülh naminə tərəfdaşlıq" proqramına qoşulandan sonra başlayıb. 2004-cü
il inqilabından sonra isə bu əməkdaşlıq daha da intensivləşib. 2008-ci
ilin aprelində isə Buxarest sammitində Gürcüstan və Ukraynanın NATO üzvü
olmasının mümkünlüyü təsdiqlənib. NATO himayəsi altında təlimlər ilk
dəfə 2014-cü ilin noyabrında Litvada keçirilib.
Ümumiyyətlə, NATO-nun Cənubi Qafqaz regionunda yaranmış
vəziyyətlə bağlı narahatlığı 1994-cü ilin yanvarında Şimali Atlantika
Şurası tərəfindən qəbul edilmiş Bəyannamədə öz əksini tapıb. Bəyannamədə
ərazi ələ keçirmək məqsədilə gücdən istifadə edilməsi pislənir və
Cənubi Qafqaz dövlətlərinin ərazi bütövlüyünə, müstəqilliyinə və
suverenliyinə hörmət regionda sülhün, sabitliyin və əməkdaşlığın
bərqərar olmasının vacib elementi kimi səciyyələndirilir.
Azərbaycan-NATO əlaqələri 1994-cü ildən başlayır. Belə ki, həmin
il yanvarın 10-11-də Brüsseldə keçirilmiş NATO Şurasında Sülh naminə
tərəfdaşlıq (SNT) proqramı bəyənildi. SNT proqramına dəvət ŞAƏŞ-də
iştirak edən bütün tərəfdaş dövlətlərə, o cümlədən ATƏT-in üzvü olan
dövlətlərə göndərildi. 1994-cü il mayın 3-4-də Belçikaya rəsmi səfəri
zamanı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev NATO-nun
Brüsseldəki mənzil qərargahında NATO Sülh naminə tərəfdaşlıq proqramının
Çərçivə sənədini imzaladı. Bununla, Azərbaycan NATO ilə genişmiqyaslı
əməkdaşlığı nəzərdə tutan SNT proqramını imzalamış 15-ci dövlət oldu.