Tamaşaçıların yaddaşında daha çox Şaban kimi qalan məşhur türk aktyoru Kamal Sunal 1944-cü ildə Malatada anadan olmuşdur. Anası evdar qadın, atası isə supermarketdə fəhlə işləyən Kamal görünüşcə atasına bənzəyirdi. Aktyorun uşaqlığı Kiçik bazar deyilən yerdə keçib. Liçeydə oxuyarkən o, öz gülərüzlüyü ilə hamının diqqətini özünə cəlb eləyirdi. Kamal teatr aktyoru olmaq istəyirdi. İlk dəfə bu oğlanın teatra olan həvəsini onun fəlsəfə müəllimi Belkis Bəkir hiss edir. O, peşəkar aktyor olması üçün Kamala kömək edəcəyinə və bu məqsədə onu lazımlı adamlarla tanış edəcəyinə söz verir. Kamalın atası isə oğlunun aktyor olmasını istəmirdi. Nəhayət, Kamalın atasını yola gətirən Bəkir onu “Kenter” teatrına gətirir və məhz burada Kamal öz yaradıcılıq fəaliyyətinə start verir. Onun teatrda ilk rolu “Dəli İbrahim” tamaşasında olur. Bir müddət “Kenter” teatrında işlədikdən o, “Penlik” teatrında yaradıcılığını davam etdirir. Bir müddət sonra “Penlik” teatrının bağlanması səbəbindən Kamal bir neçə aktyorla “Dəvəquşu Kabaresi”nə keçir.
1973-cü ildə rejissor Ərdəm Əyilməz “Dadlı dilim” filmində Kamala rol təklif edir. Bu filmdə ifa etdiyi rol uğurlu alındığına görə o tez-tez filmlərə dəvət almağa başlayır. Kamal filmlərə Xalid Ağcatəpə, Şenər Şən və Minür Yezgül kimi istedadlı aktyor ansamlı ilə birlikdə çəkilir. Kamalın çoxsaylı uğurlu rollarından biri onun dörd seriyalı “Hababam sinfi” filmindəki sadəlöhv İnək Şaban roludur. Bu roldan sonra o bütün Türkiyədə və onun hüdudlarından kənrarlarda da Şaban təxəllüsü ilə məşhurlaşır. Kamal Sunal Şaban adı ilə çoxsaylı filmlərə çəkilir və geniş tamaşaçı auditoriyasının sevimlisinə çevrilir.
Kamal Sunal sonuncu dəfə tanınmış rejissor Sinan Çətinin “Propaqanda” filmində gömrük işçisi rolunda çəkilib. 1999-cu ildə lentə alınan bu filmdə o, oğlu Əli Sunal ilə birlikdə çəkilib. Əslində bu film Kamal Sunalın son filmi olmamalıydı. Belə ki, o, 2000-ci ildə “Balalayka” filmində baş rolda çəkilməli idi. O, filmin çəkilişlərində iştirak etmək üçün 3 iyul 2000-ci il tarixdə təyyarə ilə Trabzona getməyə hazırlaşır. Daim təyyarəyə minməkdən qorxan Kemal Sunal bu dəfə risk edərək öz qorxusuna qalib gəlməyə çalışır. Amma çox təəsüf ki, səhnədə heç zaman həyəcanın nə olduğunu bilməyən istedadlı aktyor təyyarədə həyəcanını cilovlaya bilmir və bu həyəcan nəticəsində o, təyyarə qalxmamışdan əvvəl ürəktutmasından vəfat edir.
Türkiyə mətbuatında Kamal Sunarın 82 filmdə rol aldığı qeyd olunur. Həyat yoldaşı Gül Sunalın sözlərinə görə, Kamal öz rollarını çox sevər və bəlkə də bu səbəbdən çox vaxt evdə roldakı geyimlərdə gəzməyi xoşlayardı. Kinoda ona uğur gətirən “Hababam sınıfı” filmindəki Şaban rolu ilə Kamalın öz həyatı arasında müəyyən qədər oxşarlıq var idi . Belə ki, Şaban kimi Kamal Sunal da 9 illik sinifi 11 il müddətinə bitirmişdi. O, 1995-ci ildə 51 yaşında olarkən Mərmərə Universitetinin bakalavr pilləsini, 1998-ci ildə 54 yaşında olarkən isə həmin Universitetin magistr pilləsini bitirib. Onun bu yaşda Universitet bitirməyi mətbuatda əməlli-başlı səs-küy saldı. Türkiyənin əksər mətbu orqanları bu xəbəri manjetlərə çıxardı : “İnək Şaban Master Yaptı”.
Həyatda olduqca ciddi adam olan Kamal Sunal olduqca əxlaqlı bir həyat tərzi sürüb. O, publika arasına az-az çıxardı. Kamalın özünün və ailəsinin həyatı “sarı mətbuat” üçün tam qapalı idi.
Kamal Sunal Kamal Sunal əvvəllər spirtli içkilər qəbul etsə də, sonralar bunu tərgidib. Bəzən süfrə başında dostları onun azacıq içməyini israr etsələr də, Kamal daim onları aldadaraq, badədə araq əvəzinə adi su içərdi.
Kamal Sunal 1974-cü ildə Gül Sunalla ailə həyatı qurub. Onların bu nigahdan Əli və Ezo adlı iki övladları var. Yeri gəlmişkən, onların hər ikisi atalarının yolunu davam etdirən istedadlı aktyorlardır.