Hafiz Hacıyev: "Mənə qoçu dəstələri ilə hədə-qorxu gəlirlər"

Hafiz Hacıyev:


Özünü sadiq göstərib prezidentə xəyanət edən insanlara imkan verməyəcəyik.

Bu barədə Milli.Az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev prezident İlham Əliyevin dövlət qurumları qarşısında ölkədə inhisarçılıq, korrupsiyaya qarşı mübarizə, həmçinin böhran vəziyyətindən çıxmaq məqsədilə qoyduğu tapşırıqların icrası ilə bağlı mövcud vəziyyəti şərh edərkən deyib.

Partiya sədrinin fikrincə, indiki hökumətdə təmsil olunanların arasında mənim də dostlarım var, amma hökumətin bəzi üzvləri yalan danışmaqla məşğuldurlar: "Bunlar real iş görməyə qabiliyyətləri olmayan adamlardır. Amma millət və dövlət ayrı şeydir. Dövlət anlamı dostla, kirvə ilə, qohumla, tanışlıqla keçmir. Görürsünüzmü, dövlətin iqtisadiyyata baxan nazirlikləri, bankirləri bir-birini təkzib edir. Məsələn, nazir bir söz deyir, onun dalınca başqa söz deyirlər. Yəni koordinasiya olunmur. Mənə belə gəlir ki, onun da bir səbəbi var -  hökumətə rəhbərlik edən adamın enerjisi artıq tükənibdir. Bu gün artıq Azərbaycanda insanları aldatmaqla iş keçmir. Ola bilər ki, müəyyən müddətə nəyəsə nail olmaq olar, amma insanları həmişə aldatmaq olmaz. İnsanların evində yeməyi, çörəyi yoxdursa, boş vədlərə kimdir inanan? Bu baxımdan cənab prezident çox ciddi tapşırıqlar verib. Özü də deyib ki, tapşırıqlarım niyə yerinə yetirilmir? Bəziləri prezidentin tapşırıqlarına əməl eləmək istəmirlər. Onlar başqa qruplarla bir yerdə olmaq istəyirlər, onlarla əlbirdirlər. Məsələn, elə qruplar var ki, deyirlər ki, artıq bu hakimiyyət tükənibdir. Görək gələcəkdə hansı qüvvələrlə əməkdaşlıq edə bilərik. Yəni dövlət başçısına hər an xəyanət edirlər. Mən də açığını deyim, artıq yorulmuşam. Nə qədər mübarizə aparmaq olar bunlarla? Mübarizə aparıram, zəng edib məni hədələyirlər, təhqir edirlər. Elələri var ki, öz qoçu dəstələrini ortaya salıb mənə hədə-qorxu gəlirlər. Amma biz dilimizi kəsəsi deyilik. Biz bu millətə müstəqilliyini qazandıran insanlarıq. Belə insanlar həmişə pis vəziyyətdə qalıblar. Rəhmətlik Əbülfəz Elçibəy nə zülmlə öldü, Məhəmməd Əmin Rəsulzadə nə vəziyyətdə ölkədən kənarda qalıb öldü. Yəni xalqını, millətini düşünənlərin hamısının aqibəti belədir ki, ya ac ölməlidir, ya da ki xaricdə Vətənsiz ölməlidir. Amma bu gün Vətəninə xəyanət edən, xalqına zülm edən insanların hamısı eyş-işrət içində yaşayır".

H.Hacıyevin sözlərinə görə, yaranmış vəziyyət onu çox narahat edir: "Özünüz görürsüz, prezident tapşırıq verir ki, məmurların övladları, onların qohumları xuliqanlıq eləməsinlər, bunun üstündən heç bir saat keçməmiş böyük xuliqanlıq hadisəsi törədib onu-bunu orda-burda döyürlər. Yəni bunların hamısı cənab prezidentə qarşı yönəlmiş xəyanətdir. Ona yalan informasiya verirlər. Təsəvvür edin, deyirlər ki, öz taxılımız ehtiyacımızı ödəyir. Dalınca da ölkəyə taxılı gətirən biri çıxıb deyir ki, yox, Azərbaycanda istehsal olunan taxıl quş yemidir, mal yemidir, başqa yemdir. Görürsüz, nə qədər paradoksal vəziyyət yaranıb? Axı Azərbaycanda kifayət qədər ciddi, siyasətlə, analitik təhlillə məşğul olan insanlar var. Bunu ortaya qoyurlar, onlar da pis vəziyyətdə qalırlar. Mənim də çalışdığım nədir? Dediyim odur ki, bu gün bu dövləti, bu milləti xoş günə çıxardaq. Bu saat Azərbaycana böyük təzyiqlər var, bizi sanksiyalarla hədələyirlər. Özünüz gördünüz, Avropa Parlamentində Azərbaycana qarşı nə qədər böyük, qərəzli münasibət oldu. Bizim deputatlarımız Avropa Şurasında da heç bir iş görə bilmədilər. Bizimkilər deyirlər ki, hamısını erməni diasporu elədi. Bu cür məntiqsizlik olmaz axı. Nə olsa, deyirlər, erməni diasporası qoymadı. Onda bəs sizə müəyyən qruplarla iş aparmaq, Avropada təbliğat-təşviqat işləri üçün ayrılan bu qədər pullar necə oldu? Bu baxımdan bu gün Azərbaycandakı vəziyyət prezidentliyə 3 dəfə namizəd olmuş şəxs kimi məni çox narahat edir".

Siyasətçi məsələni belə qoymayacaqlarını və bununla bağlı artıq müəyyən tədbirlər görməyə başladıqlarını açıqlayıb: "Açığını deyim, mən də çox böyük qüvvələrlə danışıqlar aparıram. Biz məsələni belə qoymayacağıq və prezident İlham Əliyevin ətrafında olan yalançı, özünü ona sadiq göstərib, amma arxadan zərbə vuran, başqa dövlətlərdə oturub Azərbaycana prezident kimi gözünü dikən, xaricdə hökumət formalaşdırıb onun içində olan insanlara imkan verməyəcəyik. Düzdür, bu təhlükəli oyundur. Hər halda bu dediklərimə görə həyatım üçün böyük risk var. Amma mən imkan verə bilmərəm ki, Azərbaycanımın müstəqilliyi əldən getsin, Azərbaycan borc girdabına yuvarlansın, indiki məmurlar isə eyş-işrət içində yaşasınlar. Özünüz gördünüz ki, dövlət neft şirkətinin adicə işçisinin adına nələr çıxdı. Biz Rövnəq müəllimi ağıllı, bacarıqlı adam kimi tanıyırıq. Amma onun da ətrafında elə insanlar olmalıdır ki, dövlətə bu dərəcə utanc gətirməsinlər".

Sonda H.Hacıyev hökuməti bir daha tənqid edərək xalqı prezidentin ətrafında birləşməyə çağırıb: "Bu hökumət Azərbaycanın işləyən başları ilə bir araya gəlmək istəmir. Hökumət istəyir ki, dövləti kin-küdurətlə, intiqam almaqla, qisas almaqla idarə eləsin. Bu da mümkün olan şey deyil. Bununla 1 ay, 2 ay, 5 ay gedər, amma axırı yoxdur. Axırı olmayan işə biz heç vaxt qol qoya bilmərik. Hər halda bu gün danışıqlarımız gedir. İstəyirik, bu gün Azərbaycanı böhranlı vəziyyətdən çıxarmaq üçün müəyyən addımlar ataq. Hər halda yaxın vaxtlarda atılan addımları millətimizə elan edəcəyik, millətimizlə məsləhətləşmələr aparacağıq. Bugünkü vəziyyət bizi qane eləmir. Kim özünü aldadırsa, səhv edir. İstər hökumət olsun, istərsə də dövlətdə olan digər insanlar olsun. Yalan 40 gün gedər, amma axırı yoxdur. Mən istərdim ki, bu yöndə Azərbaycanı sevən qüvvələr, millətini sevən insanlar bir arada olsunlar və dövlət başçısına kömək edək ki, görək bu vəziyyətdən necə çıxa bilirik. Yoxsa bəzi insanlar yalan informasiyalar verib qoymayacaqlar ki, millətə gün ağlasınlar".

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az