"Hafiz Hacıyev özünü gicliyə qoyur, o, axmağın biridir"-Əli Mirəliyev


"Nazirlərin bəziləri işdən çıxarılmalı, həbs olunmalıdır” 

 Müğənni Əli Mirəliyev Cebhe.info saytına müsahibə verərək, sayt əməkdaşının suallarını cavablandırıb. 
 
Miq.az saytı həmin müsahibəni olduğu kimi sizə təqdim edir:
 
- Əli müəllim, Azərbaycan müxalifəti haqqında nə düşünürsünüz? 
 
- Azərbaycanda müxalifət yoxdu axı. Müxalifət o demək deyil ki, o düşməndir. Müxalifət Rusiyada var. Məsələn, Rusiya müxalifətinin, siyasi partiyalarının əksəriyyəti Putini dəstəkləyir, bəziləri də yox. Dövlət maraqları çərçivəsində müxalifət də, iqtidar da eyni mövqeni paylaşırlar. Rusiyada müxalifət liderləri telekanallara çıxa bilirlər. Demokratiya budur. Yoxsa bizdəki kimi? Bizdə xalqı aldadırlar ki, kredit faizləri aşağı düşəcək. Yuxarıda oturanlar xalqı aldatmaqla əslində özlərini aldadırlar. Xalqı 25 il aldatmaq olmaz. Hər şeyi öz adıyla tanımaq lazımdır. Guya ermənilərlə danışıqlara gedirlər, yaxud guya Avropaya gedirlər. Bəs bu müxalifət niyə danışmır? Niyə ermənilərin Qarabağı işğal etdiyini demirlər? Niyə bunları demirlər? Ermənilər Qarabağda yollar salırlar, evlər tikirlər. İnternet vasitəsilə bu məsələyə dair xəbərləri izləyirəm. Niyə bunlardan danışmırlar? Bu, necə ola bilər, belədirsə, hansı danışıqlardan söhbət gedə bilər? Bunların hamısı nəticə etibarilə bizi bu günə gətirib çıxardı. Müxalifətə də bilmirəm neynəyiblər, "skoç”la ağızlarını bağlayıblar, bilmirəm neynəyiblər? Müxalifətin səsini eşitmirəm. 

- Müxalifətdən kimləri tanıyırsınız? -
 
O vaxtı müxalifətdən xoşuma gələn siyasi liderlər var idi. İsa Qəmbər, Lalə Şövkət Hacıyeva öz sözlərini deyirdilər.  Deyəsən, Lalə Şövkət heç müxalifət də deyildi, vəzifədə işləyirdi. Lakin bu gün həmin şəxsləri efirlərdə görmürəm. Heç birinin səsini eşitmirəm. Etibar Babayev (AMİP lideri Etibar Məmmədovu nəzərdə tutur) vardı. Başqaları da var idi, Hafiz…

 - Hafiz Hacıyev?
 
- Hafiz Hacıyev yox. Hafiz Hacıyev özünü gicliyə qoyur. O, mənim üçün siyasətçi deyil, axmağın biridir. Onu demirəm Sabirabaddan biri var idi, sonra Arif…(düşünür) 

- Arif Hacılı? 

- Bəli, Arif Hacılı. Köhnə müxalifətdən yadımda qalan adlar var. Amma bilmirəm ki, bunların niyə səsləri çıxmır? Efirə buraxmırlarmı nədir, qadağa qoyublarmı? Amma belə olmaz. Bu qadağanı kim qoyubsa, düzgün etməyib. Demokratiya inkişaf deməkdir. Biz inkişafdan geri qalmışıq. Ev üçün nəzərdə tutub dörd divar qoyursan, sonradan bunu ev edə bilirsənsə, sən böyük adamsan. Nə qazı var, nə işığı. Bu camaatı aldadırlar. Bəli, Bakıda abadlıq işləri aparılır, yaxşı yollar salınır. Amma bunlara ac qarnına baxmaq olmur. Ac millət bu gözəlliyə baxa bilməz. Əhalinin 10 faizi işləyirsə, 90 faizi işsizdir. Yalandan deyirlər ki, iş yerləri açılır. Hardadır o iş yerləri? O gün uşaqlar deyirlər ki, Su İdarəsindən 2000 işçi çıxarılıb. Bu 2000 adamın ailəsi ac qaldı. Bunların hamısı yığılıb-yığılıb axırda partlayacaq, olacaq Ukrayna. Belə olmaz da. Aldatmaqla, camaata düzgün ifadə verməməklə, camaatı yatızdırmaqla, dolları səhər tezdən qaldırmaqla iş düzəlmir. Siqareti gətirib çıxardılar od qiymətinə. 20 ildir siqaret çəkirəm. Əvvəllər çəkdiyim siqaretin blokunu 20 manata alırdımısa, indi alıram 34 manata. Yəni demək istəyirəm ki, bu belə getməz. Mənim təqaüdüm 160 manatdır. Bunu siqaretə verim, çörək alım, işıq pulu, qaz pulu verim?! Bunları necə edim? 

Hanı o müxalifət, niyə qalxıb bunları demir?! Məmurlar, nazirlər, iş adamları yalandan deyirlər ki, hər şey yaxşı olacaq. Elə deyil. Nazirlərin bəziləri işdən çıxarılmalıdır, həbs olunmalıdır. İkisini-üçünü türməyə bassan, qalanları işləyəcəklər. Bütün bəlaların hamısı buradan başlayır. 18-20 il nazir işləmək olar?


- Banka kredit borcunuz var?
 - Mənim yox, yoldaşımın var.
 - Ödənişlərdə çətinlik çəkirsiniz?
 - Əlbəttə.
- Çətinlik nədədir? 

- Krediti manatla götürmüşük. Şəhərdəki oğlumun evini təmir etmək üçün götürmüşdük. Müəyyən hissəsini ödəmişik, 3000 manat borcumuz qalıb. Çətinlik çəkirik. Qalmışam belə. İnanın mənə ki, çıxılmaz bir vəziyyət yaranıb. Dünən oxuyanlara təqaüdlər verilir. 67 yaşım var, dəfələrlə müəyyən yerlərə müraciət etmişəm, amma cavab yoxdur. Mənim bu sənətdə əməyim var. "Dan ulduzu”nun, Dövlət Mahnı Rəqs Ansanblının solisti mən olmuşam. Brilliantı olsun, digəriləri olsun, harada oxuyublar? Harada işləyiblər? Kolxozçuların qarşısında, kəndlərdə, fermalarda mən oxumuşam. Şəraitsiz yerlərdə insanlara konsertlər vermişik. İndi budur bu gün mənə olan hörmət? Onlara hər şey verirlər, çünki onlar tərifləyirlər. İnsanlar var ki, onlar saray müğənniləri deyillər. Məsələn, Akif İslamzadə, mən. Biz xalqa, dövlətimizə qulluq etmişik, hakimiyyətə yox. 

- Sənətdə böyük yol qət etmisinizsə, bəs niyə qiymət verilmir? Məsələn, bu gün üzə çıxan müğənnilərin əksəriyyəti çox rahatlıqla gedib bahalı avtomobil ala, özlərini də kifayət qədər reklam edə bilirlər. 

- Mən heç maşınım da yoxdur. Bunu bilirsiniz? O vaxtı qızım üçün almışdım. İndi onlar da ailəlidirlər, öz işləri var. Deyə bilmərəm axı, maşınınızı verin mənə. Mərdəkanda, kəndin içində piyada gəzirəm. Şəhərə gəlmək lazım olanda, kürəkənim gətirir. Öz maşının olmaq başqa məsələdir. Olmayanda elə bil kiminsə evində qalırsan. İnsanın öz maşını olmalıdır. Baxıram bunlara şərəfsiz həyat sürürlər, Aygün Kazımovası olsun, o birisi, bu birisi olsun. Bunlar şərəfli yox, şərəfsiz yaşayırlar. Şərəfli yaşayan mənəm. "Babək” filmində deyilir e, 1il şərəfsiz yaşamaqsansa, 1 gün şərəfli yaşamaq yaxşıdır ("Bir gün azad yaşamaq, 40 il qul kimi yaşamaqdan üstündür”). Bu sözün mənası var. Biri əməkdar artistir, bir Şöhrət ordenli, biri də xalq artisti. İndi Şöhrət ordeni alanları AzTV vaxtilə efirlərə buraxmırdı. Çünki onlar Bədii Şuradan keçə bilmirdilər. Məsələ budur ki, həmin vaxt efirdə biz oxuyurduq. Hüseynağa Hacıyev, Akif İslamzadə, Əli Mirəliyev… Bu gün yer dəyişilib. Ara oxuyanlar olub xalq artisti, əsl oxuyanlar isə pis gündə yaşayırlar, adi insan kimi, sıravi əsgər kimi. Nə bilim, Allah götürür də bunları?! Belə çox qalmayacaq. 

- Aygün Kazımovanın sosial şəbəkədə izləyicilərini təhqir etməsi barədə iddialar ortaya atıldı. 

- Yaxşı edib. Belə adam xalqı da söyər, təhqir də edər. O xalq artisti adına layiq idi? Belə adama xalq artisti adı verəndə belə olacaq da. Çünki bu adı ona xalq verməyib. Xalq ad verib Qədir Rüstəmova, Əlibaba Məmmədova, Arif Babayevə. Xalq adı bunlara verib. İndikilərin çoxusu isə saray müğənniləridir. Oxumaqları da yoxdur, yaxşı edib söyürlər bu xalqı, düz edirlər. 
 
Miq.az
 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az