Həbsxanada dəhşət-Xocalı əsirinə Soyqırım günü işgəncə verildi
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı cəzaçəkmə müəssisəsində daha bir işgəncə faktı qeydə alınıb.
Miq.az veteninfo.az saytına istinadən xəbər verir ki, işgəncəyə məruz qalan şəxs ikinci dərəcəli Qarabağ Müharibəsi əlili Məmmədov Əhməd Məmməd oğludur.
Məlumata görə, Əhməd Məmmədov həbsxananın rəis müavini Şakirin (soyadını dəqiqləşdirməyə çalışırıq – red.) göstərişi əsasında karsa salınaraq işgəncəyə məruz qalıb.
Məlumatı dəqiqləşdirmək üçün Əhməd Məmmədovun ailəsi ilə əlaqə saxlanılıb. Məhkumun anası Narxanım Məmmədova faktı təsdiqləyib. Onun sözlərinə görə, onlar məsələ ilə bağlı 2 saylı cəzaçəkmə müəssisəsinin rəis əvəzi polkovnik-leytenant Elçin Əlicanovla görüşüblər: "Elçin müəllim martın 7-də bizi qəbul etdi. Bütün işçiləri otağına yığdı, təkcə Şakir adlı müavinindən başqa hamı orada idi. Əhmədi də karsdan çıxartdırıb otağına gətizdirdi. Orada hamıdan Əhmədin özünü dustaq kimi necə aparmasını soruşdu, bütün işçilər bildirdilər ki, 6 ay ərzində Əhmədin nə məhkumlara, nə də həbsxana heyətinə qarşı hər hansı bir qanunsuz hərəkəti olmayıb. Belə olduqda oğlumun hansı əsaslarla karsa salındığı və karsa salınmazdan əvvəl Xocalı soyqırımı günü ağır işgəncəyə məruz qaldığını soruşdu. Həbsxana işçiləri də bunun səbəbini yalnız və yalnız Şakirin bildiyini və onun göstərişi ilə karsa saldıqlarını qeyd etdilər.Yəni mənim övladıma verilən işgəncənin və karsa salınmasının arxasında Şakir dayanır. Bunu isə kimlərin sifarişi ilə edir, bilmirəm. Bildiyim odur ki, oğlumu mənə ölü qaytarmaq istəyir”.
Narxanım Məmmədova daha sonra qeyd edib ki, oğlu Ə.Məmmədov həbsxanada sarılıq xəstəliyinə yoluxub: "Əhmədi həbsxananın tibb məntəqəsinə aparmaq əvəzinə,ona işgəncə verərək karsa sakıblar. Bu da onun xəstəliyinin daha da şiddətlənməsinə səbəb olub. Oğlum birbaşa polkovnik-leytenant Elçin Əlicanovun yanında bildirdi ki, xəstəliyi ilə bağlı həkimlərin yazdığı dərimanlar belə karsda qaldığı gün ərzində ona verilməyib. Bu məlumatdan sonra rəis elə oradaca göstəriş verdi ki, Əhməd karsdan buraxılsın və həkimlər tərəfindən yazılan dərmanları verilsin. Rəisin sözü ilə Əhməd dərhal karsdan buraxılsa da, səhəri gün rəisin orada olmadığından istifadə edərək Şakir öz niyyətini yenidən həyata keçirib, yəni dərmanlar Əhmədə verilməyib, əksinə, o, yenə işgəncələrə məruz qalıb”.
Narxanım Məmmədova məsələ ilə bağlı Prezident İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, Ədliyyə naziri Fikrət Məmmədova, Milli Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevə və ölkənin baş prokroru Zakir Qaralova müraciət ünvanlayıb və oğluna qarşı edilən işgəncələrə son qoyulmasını istəyib.
Məlumat üçün bildirək ki, Əhməd Məmmədov adıçəkilən çəzaçəkmə müəssisəsində 6 aydan çoxdur məhkumluq həyatı yaşayır.
O, Xocalı rayonu Ermənistan təfərindən işğala məruz qalan zaman ailəsi ilə birlikdə əsir düşüb. Ermənilər tərəfindən əsirlərin gözü önündə əlindən güllələnib. Onun karsa salınaraq işgəncə verildiyi gün isə Xocalı soyqırımının 24 illiyinə təsadüf edib.
Miq.az