Heyrət etdiyim iki qadın
Aydın Caniyev
I yazı
Elə
qadını hər bir kişi arzulayar, rastına çıxsa, deməli, allahın sürprizi olar.
Yox, bəxtinə çıxsa, allahın hədiyyəsi!
***
Azərbaycanda
xəyanət olmayan ailələr milyonlarladır, amma xəyanət üstündə dağılan ocaqlar
ildə minlərlədir. Sevgi çatışmazlığı, maddi-məişət problemləri və s. və s. - bu
ayrı yazımın mövzusudur. İndi mən milyonlarla qadınlardan biri haqqında yox,
milyondabir qadından danışacam. Niyə? Yazı bitəndə billəcəksiniz...
***
Kişiləri
peyğəmbər göndərən allah qadınlara bu haqqı tanımayıb. Bir sadə səbəbdən -
Allahın yanında qadın olmayıb! Allah bilir ki, Qadın qarşısında özü də nəfsinə
sahib olsaydı belə, qadın Onu da sevgisinə görə şərləyərdi, sındırmaq
istəyərdi. Yusif-Züleyxa söhbəti nağıl deyil təkcə, həm də həqiqətdi! Sevən
qadın hər şeyə qadirdi! Sevməyən kişi də - bütün əclaflıqlara! Kişi qadını Tanrı
bilməz! Yataq ona xoş olsun, yemək dadlı olsun, qadının qayğısı, diqqəti bol
olsun deyə özünə Məkkə də saydığını deyər, lap fb-də status da yazar, amma və
lakin... bir daha və yenidən xəlvət odalarda özünə istirahət də verər, hətta "Tanrıya
səcdə bildiyi Məkkədə" sevdiyi qadının yatağında ayrısıyla da "modern
Quran ayələri" də vəhy edər.
Qadın isə...
kişini Tanrı kimi sevər. Yemək-içməyi, hegemonluğu, hər şeyi kişiyə verən Allah
sevməyi özünə saxlayıb, odur ki... hələ də həqiqi sevgilər faciəylə bitir.
Hansı sevginin həqiqi, xas olduğunu isə Allah bilir! Bu sevib evlənmək,
aşiq-məşuqluq xoşbəxtlikləri sıradan bir aktdı! Həqiqi sevgi... bax bu ayrı
məsələ!
***
Mən
özümü tanıyandan eşidirdim ki, nənəmin qırx hörüyündən yeddisi qopub onu döyən
babamın əlində qalıb, gəlinlik sandığında saxlanılır. Amma məni heç mələklər də
inandıra bilməz ki, nənəm babamı sevdiyindən ona dözmüşdü - yaşı keçmiş yetim
babama nökəri olduğu bəy evinin qarımış qızını soxuşdurmuşdular. O vaxtı da fb
yox idi ki, nənəm Merilin Monronun şəklini profilə qoyub özünə oğlan tapa
biləydi.
Amma
nənəmlə babam həyatını ən yaxşı yaşayanlardan oldular - biri 126 il, o biri 96
il yaşadı. Nəvə, nəticə, kötücə toylarını gördülər.
Mən
sonradan bildim ki, adamları bir-biriylə evləndirməkdən başqa, həm də sevib
evlənmək variantı da varmış.
Mən lap
sonralar bildim ki, sevənləri bir-birindən ayırmaq da varmış.
Mən lap
sonralar bildim ki, kişilərin özləri edəndə adına "bazlıq" dediyi,
qadınlarda isə "xəyanət" deyə suçladıqları zina da var imiş.
Mən həmişə
kşiləri qınayardım. Amma lap axırda bildim ki...
YERİ
GƏLMİŞKƏN BİR HƏDİS:
Qadın
həyatını, xarakterini elmi işinin mövzusu edən alim kəndbəkənd dolaşır.
Son dəfə bir qapını döyür. Tək yaşayan
bir qadının qonağı olur. Qadın yemək-içmək hazırlayır, süfrəyə otururlar.
Sözarası soruşur ki, nə əcəb düşmüsən çöllərə, nə axtarırsan? Alim məqsədini
deyir. Qadın birdən qışqırır ki, ay aman, kömək edin... Tikə kişinin boğazında
qalır. Qonşular haraya gəlir... köməkləşib tikəni qonağın boğazından
çıxarırlar... və gedirlər.
Alim-qonaq
meyitə dönür. Mal kimi qadının üzünə baxır. Qadın:
- Mən
deyə bilərdim ki, sən məni zorlamaq istəyirdin, amma mən naməhrəm olduğun üçün
sənə əl vurmayım deyə sizi köməyə çağırdım dedim. Görürsənmi? Get, ağlını
başına yığ, özünə iş tap. Qadın xarakterin öyrənənə bax...
Hə,
beləcə, qadın dünyası və qadın cazibədarlaşdı... Fatmanisədən ta Anna
Kareninayacan!
Hətta
Volter əclafın dediyini də razılıqla qəbul edəsi oldum: "qadın hətta
anamdısa belə, ona şübhə ilə yanaşıram".
***
Həyata,
qadına bu cür münasibət ən yaxşı halda şizofreniyaya gətirib çıxarır,
depressiyalar davamlı olur, qısqanclıq artıq cinayətə təhrik edir.
Çıxış
yolu... çıxış yolu olmasa, tapılmasa, heç bir işə əl yatmır, beyin işləmir!
Miskin bir durum yaranır, hamıdan maddi və mənəvi yardım ummalı olursan!
Üstəlik də bu hal sənin növbəti sevgilin səni tərk etməyindən və yaxud da
xəyanətinin, yalanının üzə çıxmağından sonradısa. Ən pisi də odur ki, öz
xilasın üçün başqasına yalan deyirsən!
***
Onların
ikisini də eyni vaxtda tanıdım - birindən yazıram. Mənim jurnalistlikdən irəli
gələn gözəl bir xüsusiyyyətim var: müsahibimi diqqətlə dinləyir, demək istədiyi
ən incə məqamı özündən belə tez tutur, belə deyək, zəif damarını ilk
saniyələrdəcə üzə çıxarıram. Hələ də olmayıb ki, ya redaksiya tapşırığı olsun,
ya öz istəyim, verdiyim sualın istədiyim cavabını almayım. Çatışmayan cəhətim
əldə etdiyim "sərvətdən düzgün istifadə bacarığı"mın olmamasıdı, yəni
xəzinəni xammal kimi dağıdıram. Ən yaxşı cəhətim isə müsahibimə müqəvvadan
başqa bir təsir bağışlamıram - bunu da bacarıram. Danışan adam münasibətimi
bəyan etməyincə, məni zərərsiz bilir. Müqəvva kimi...
***
İki eyni
düşüncəli qadına bəlkə də yer üzündə məndən başqa rast gələn olmayıb.
Bütün
qadınların içində cəsarət var! - istisnasız...
Bütün
qadınların heyrətləndirici hissləri, duyğuları var! - istisnasız...
Bütün
qadınların sevmək məharəti var! - istisnasız...
Bütün
qadınların qatillik damarı var! - istisnasız...
Bütün
qadınların kişiləri dəyərləndirmək, şanslandırmaq mərhəməti var! -
isitisnasız...
Və...
yandıqları yer də elə budu!
Dünyada
heç bir fatehin belə qalib gələ bilmədiyi Qadın şans verdiyi, mərhəmət
göstərdiyi kişiyə uduzur!
Sevgi ilahidən
olmadığı üçün, İlahiyə təyinləndiyi üçün heç zaman uğur gətirməyib,
gətirməyəcək də. Artıq alimlər də bu qənaətə gəlir... Tərəf-müqabillik sırf
akta çevrilməyincə normal ailə düzəni olmayacaq!
Sevgi
diqqətdi, qayğıdı, nəvazişdi, hər an aramaqdı, hər gün fəth etmək, fəth
olunmaqdı və son nəfəsən. Bu isə mümkün deyil! Açmasına yüzlərlə səhifə lazım.
Sadəcə deyirəm.
Həə... o
Qadını tanıdım. O qadın da dinlədiyim minlərlə qadın kimiydi. Amma və lakin...
bir məqamda milyonlarla qadından fərqlənirdi!
Yüzlərlə
qadının sevgi simfoniyalarını dinləmişəm. Kişi bilib danışıblar. Kişi kimi də
qulaq asmışam. Hamısına da Stefan Sveyqin "Naməlum qadının məktubu"nu
oxutmuşam - təkcə Ona oxutmadım, ehtiyac olmadı. Mən onları gözəl, doğru başa
düşdüyümü, artıq tanıdığımı bəyan etmişəm, fəqət heç biri bunu anlamayıb!
Dəhşət bundan sonra başlayıb. Özlərini bu hekayədə görənlər Eldar Baxışın
"Sərçə balası" şeiri qədər bayağılaşıb, ucuzlaşıblar!
Və bu
yüzlərlə qadından onlarcasıyla başladığım yol ancaq əzab verib! Mənə də,
mənimlə bu yolu gedənlərə də - dəhşət odur ki, adamlar məni anlamaq
istəməyiblər. Ki... Stefan Sveyqin qəhrəmanına tay tutulan qadının sevgisi
məndə ikrah doğurur!
Çünki
mən o qadında mənə danışdığı insana sevgini yox, psixoloji asılılığı görmüşəm.
Hətta elə olub ki, sevgililərinə zəng eləmişəm, görüşüb danışmışam, kişi olmağa
dəvət etmişəm, onlara onları sevən qadına həqiqəti deməklərini məsləhət
bilmişəm ki, hardasa bir qadın onlara görə əzab çəkməsin, aldanmasın, ailəsi
dağılmasın. Buna kişiliyi çatanı görmədim: laqeydcəsinə, nakişicəsinə "qoy
sevsin də, qoy ümidlə yaşasın da" deyənlər oldu!
Mə saxta
sevgilərin düşməni, qatili olmuşam!
Mən
ərinə xəyanət edən qadınlarla ən ağır problemləri yaşamışam! Mənə aid olmasa
da, heç bir halda istəməmişəm ki, ərinə xəyanət edən qadının ailəsi olsun -
ərinə peysər kimi baxsınlar. Əvvəllər yazmışam, bir də təkrar edirəm, qadın
kişinin xəyanətini həmən bilir, kişi qadını çox nadir hallarda duyur, tutur,
xəyanət edən kişiylə qadın həyatına davam edə bilir, xəyanət edən qadın onu
bağışlayan kişiylə... daha yaşaya bilmir, iyrənir, baxmayaraq ki, bağışlanan
özüdü!
Və...
mən bütün bu ağrılı-acılı hissləri, düşüncələri, sarsıntıları yaşayan adam hər
dəfə bu burulğanlara düşməkdən qaçmırdım. İşim lap o alimin dissertasiyasına
dönmüşdü.
Etiraf
edirəm, mən bu qadını tanımasaydım, Volter demişkən, hətta anama da... pis
baxardım!
Nə yaxşı
ki, mən o qadını tanıdım!
Tanıdım
və ömrümdə ik dəfə olaraq... hətta xəyalımda belə əl uzadıb əllərini tutmağa
cəhd eləmədim! Onunla lap dost kimi belə üz-üzə oturub bir stəkan çay içməyi
özümə rəva görmədim - mən öz qadınıma, qızıma, gəlinimə rəva görmədiyimi ona da
rəva görmədim!
Həzrəti-Əlinin
iki dünya xanımı Fatimeyi-Zəhranın dediyini deməkdən məhrum olmasın deyə, belə
mövqe tutdum: "Mən hətta xəyalımda belə sənə müxalif olmadım, ya
Əli!" Qoy o Qadın özü öz xəyalında yaşatdığı sevginin gözü qarşısında
alnıaçıq, üzüağ olsun!
Bəli,
mən heç vaxt heç kimi sevmədiyim kimi bu qadını sevə bilərdim, dünyanın heç bir
kişisinin deyə bilmədiyi, ağlına belə gətirmədiyi xoş sözləri deyə bilərdim,
hətta şahın etdiyi ənamlardan da gözəl görünən hədiyyələri bağışlayardım,
sadəcə desək, çox kreativ bir sevgi performansı sərgiləyərdim, zatən də bu qadın
ən adi şeylərdən xoşbəxt olan birisiydi! Amma və lakin...
Bu Qadın
sevdiyini sevirdi!
Bu Qadın
"insan bir dəfə sevər!" prinsipinin ən bariz mücəssəməsiydi!
Bu qadın
nəinki yüzüncü dəfə həyatına gələnə yüzüncü dəfə sevgisini və həyatında
olanları danışıb üstündən də onu qəbul edən peysərə "mən İNDİ səninlə xoşbəxtəm" deməyi
özünə rəva görürdü, heç ... ikinci dəfə üçün belə düşünmürdü! Özünə bu şansı
vermirdi. Heç bir ikincinin və növbətisinin Onun - sevməyi bacaran və sevgisini
saf saxlayan vəfa, ruh, yaşantı sədaqətlisinin sevgisinə layiq olmadığını
sərgiləyirdi!
Əgər
zərrə qədər elə olmasaydı, tam səmimi deyirəm, mən onun ağlını başından
alardım! Bütün avantüralarla! Bütün olan və olmaz yollarla!
Mən
müqəddəs sevginin şahidiydim. Hətta Ona "sən sevimlisən" deməyə
utanırdım - Onun sevdiyi vardı. Onun sevdiyinə hörmət etməyə mən borcluydum!
Yeri gəlmişkən deyim ki, sevən insanların sevgisinə şahid olmaqdan güc alıram,
gözəl yazılar yazmağa ruhlanıram, yeri düşəndə haşiyə kimi qeyd edirəm
yazılarımda.
Dəqiq bilirdim
- hamı sonda ona eşq elan etmək üçün dost olurdu.
Amma
o... bir gülü dərməyi belə özünə rəva görməyən, dərsə kolu ağrıdacaq deyə
bundan vaz keçən o boyda mərhəmət yiyəsi hər gün qırılırdı - hamı ona eşq elan
edirdi. Hamı onun sevgilisi olmaq istəyirdi.
Bu
danalar anlamaq istəmirdi ki, o bir dəfə sevib və bu dünyaya bir dəfə gəldiyi
kimi yaşayır bu sevgisini!
Harda o
qadın desəniz, deyərəm - Azərbaycanda! Hər gün həyasızcasına inboxlarına
soxulub "xanım səninlə tanış olmaq olar? xanım, şəklinə baxdım, bayıldım,
xanım, qəşəng gözləriniz var, xanım, fikirləriniz çox maraqlı və düşündürücüdür..."
deyə yazdığınız, ələ keçirmək istədiyiniz Azərbaycan xanımlarının içində!
Sevgisini
üfürə-üfürə, əzizləyə-əzizləyə yaşayır!
Vəfasına
sadiq qala-qala!
Mənə
"konstitusiyasız adam" deyirlər!
Mənə
dostlarım "sən məscidə də ayaqqabı ilə girirsən, sənin qadağaların yoxdur" deyirlər!
Mənə
dəli deyənlər də var - arxamca!
Amma o
qadın məni konstitusiyaya - sevgi konstitusiyasına hörmət etməyə yönləndirə
bildi!
Amma o
qadın məscidə - bir insanın dünyasına nəinki ayaqqabıyla girməyi, hətta
qapısını belə döyməməyin vacibliyini anlatdı - o məsciddə Tanrı da onun özününküydü,
ibadət etdiyi də tək özüydü!
O qadın anlatdı ki... həyat dəlilər və dəlilik
üçün deyl!
Və mən o
qadına görə... İlqar Rəsulun "Yalnız bir səs susurdu" hekayəsini
paylaşdım.
Bir az ayılın,
əfəndilər. Nə demək isədiymi, açıq yazıram: siz ki fb-də və həyatda bu sürətlə,
bu sayla belə "sevə-sevə" gizli-açıq profillərlə "aşk"
yaşamaq istəyirsiniz, bir də bir gün ayılacaqsınız ki,
"sevdikləriniz" qapınızda gəlindi - sizin yox, qardaşınızın, əminiz
oğlunun, bəd ayaqda dostunuzun arvadı qismində.
Murdarlamyın
qadınların dünyasını!
Murdarlamayın
sevən insanların ovqatını - onsuz da həqiqi sevən insanların həyatına girə
bilməyəcəksiniz. Girə bildiklərniz isə... ocağınızın xanımları olacaq!
Bəli,
xanımları!
Utanmaqdan
məhrum etdiklərinizin qabağınızda oynamaq lüksları var!
Unutmayın!
Mənə
gəldikdə isə, mən xoşbəxt sayıram özümü: tam depressiyadan çıxdım, bunun üçün
mənə sevgisinə sadiq bir Qadına rast gəlməyim yetdi. Mən yenidən həyata
başladım, həyata davam dedim. Çünki başa düşdüm ki, bu həyatda elə qadınlar var
ki, onların sevgisi adama etiraf edirir: sən bu sevgiyə layiq deyilsən!
Layiq
olduğunuz sevgiləri yaşayın, lütfən!
p.s. Son
vaxtlar yazılarımın motivi dəyişib. Bəlkə də mən indi yazdıqlarımı heç üç il
qabaq da yazmazdım. Amma indi yazıram - artıq mənim yaşımın itirmək
mərhələsidi. Nəyi allah alıb itirəcək məndən ona da hazıram, nəyi də özüm itirə
bilərəm, ona da. Bu yazılar məndən çox şeyi alır. Amma mən bunları başqaları
itirməsin deyə yazıram. Volontirliyim tutub!