İlham Əliyevdən Gürcüstana - Hədiyyə

İlham Əliyevdən Gürcüstana - Hədiyyə
SOCAR prezidenti Gürcüstana səfəri çərçivəsində bir sıra tədbirlərdə iştirak edib.

Miq.az xəbər verir ki, Gürcüstana səfəri çərçivəsində SOCAR prezidenti Rövnəq Abdullayev azərbaycanlıların kompakt yaşadığı Kvemo Kartli regionunda olub, qubernator Paata Xizanaşvili ilə görüş keçirib.

Şirkət rəhbəri ötən ilin noyabrında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Gürcüstana səfəri zamanı bölgə əhalisi ilə görüşdə kənd təsəsrrüfatının inkişafı və daha da genişləndirilməsi üçün bütün köməkliklər göstəriləcəyi haqda fikirlərini xatırladaraq bildirib ki, bu gün Azərbaycan Prezidentinin hədiyyəsi olaraq yeni kənd təsərrüfatı texnikası Kvemo Kartli əhalisinin istifadəsinə vermək üçün təqdim edilir. SOCAR prezidenti Gəncə Avtomobil Zavodunun istehsalı olan 10 ədəd traktor və kotanı Kvemo Kartli quberniyası adminstrasiyasına təqdim edib. Görüşdə SOCAR və Kvemo Kartli qubernatorluğu arasında Əməkdaşlıq Memorandumu da imzalanıb. 

Daha sonra SOCAR prezidenti Rövnəq Abdullayev, şirkət rəhbərliyi təmsilçilərinin, Gürcüstanın elm va təhsil naziri Tamar Sanikidzenin, Kvemo Kartli bölgəsinin qubernatoru Paata Xizanaşvilinin, Gürcüstan parlamentinin azərbaycanlı deputatlarının, habelə Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseynin iştirakı ilə Marneuli rayonunun Ləjbəddin kəndində orta məktəbin əsaslı təmirdən sonra təntənəli açılışını həyata keçirib. Bildirilib ki, məktəbdə təmir işləri SOCAR-ın Gürcüstan nümayəndəliyinin həyata keçirdiyi xeyriyyə layihəsi çərçivəsində reallaşdırılıb.

Əsaslı təmir işlərinə 2015-ci ilin iyun ayında başlanmış, dərs ilinin əvvəlinə - sentyabr ayına sona çatdırılmışdır. İki mərtəbəli, 19 sinif otağından ibarət məktəbdə kitabxana, müəllimlər otağı, direktor kabineti, informatika kabineti, bufet fəaliyyət göstərir. Hazırda məktəbdə 130 şagird təhsil alır. Qeyd olunmuşdur ki, təmir zamanı məktəbin qızdırıcı, santexnika, elektrik, su təchizatı sistemləri yenidən qurulub.

Məktəb bütün lazımi tədris inventarı ilə təchiz edilib, ərazidəki futbol meydançası, Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə ucaldılan abidə və Ləjbəddin kəndinin yetirməsi, Azərbaycanın Milli Qəhrəmanı Səfərov Cəlil Əziz oğlunun abidələri rekonstruksiya olunub. SOCAR rəhbərliyi əsaslı təmirdə iştirak edənlərə minnətdarlığını bildirib, məktəb kollektivinə pedaqoji fəaliyyətlərində uğurlar arzulayıb. 

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az