“İmişlidə iş adamı, “univermaq Kamil” kimi tanınan, Abşeron rayon polis şöbəsində rəis müavini işləyən Famil Kərimovun qardaşı Kamil Kərimov qeyri-qanuni olaraq yaşıllıqları məhv edərək vətəndaşların gediş-gəliş yolunu bağlayıb özünə böyük bir ticarət obyekti tikdirib”.
Bu məlumat “Vətəninfo.az”-a İmişlidəki mənbədən daxil olub. Mənbənin verdiyi xəbərdə daha sonra bildirilir ki, bu azmış kimi adı çəkilən şəxs sovetlər dönəmində tikilmiş köhnə "UNİVERMAQ" binasının da profilini dəyişərək onu şadlıq sarayı kimi istifadəyə verib.
Tikinti mütəxəssisləri isə bildirirlər ki bu binanın bünövrəsi artıq karroziyaya uğrayıb və binadan şadlıq sarayı kimi istifadə etmək insanların həyatı üçün təhlükəlidir. Birdən-birə 100-lərlə insanın binaya daxil olması və orada əylənməsi tikilinin konstruksiyalarının tab gətirməməsinə və binanın uçmasına səbəb ola bilər. Bu da öz növbəsində çoxsaylı insan tələfatı ilə nəticələnə bilər. Məlumata görə, dəfələrlə İmişli sakinləri FHN-ə və digər aidiyyatı qurumlara müraciət etsələr də, KAMİL KƏRİMOV bəzilərini öldürməklə, bəzilərini də tutdurmaqla hədələyir. Mənbənin sözlərinə görə, K.Kərimovun həyat yoldaşı Əzizə Məmmədova isə İmişli rayon mərkəzi xəstəxanasında mama-genekoloq kimi ana və uşaq ölümündə ad çıxarıb. Belə ki, onun əlində onlarla ana və uşaq dünyasını dəyişib.
Çoxsaylı şikayətlərdən sonra Səhiyyə Nazirliyi tərəfindən həkimlik səlahiyyəti əlindən alınan Əzizə Məmmədova yenə də qanunsuz olaraq öz işində işləyir və ölümlərin sayını artırmaqla məşğuldur. Artıq söz hüquq-mühafizə orqanlarınındır.
Redaksiyadan: Məlumatda adı hallanan iş adamının, eyni zamanda Əzizə Məmmədovanın da səslənən fikirlərlə bağlı mövqeyini KİV haqqında qanunun müvafiq bəndlərini əsas tutaraq dərc etməyə hazırıq.