İmişlidə prokurorluq işçilərinin peşə bayramı qeyd edilib
Vətəninfo.az - tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi
önünə çiçək dəstələri düzərək dahi rəhbərin xatirəsini ehtiramla yad
ediblər. Sonra İmişli rayon icra hakimiyyətinin başçısı cənab Vilyam
Hacıyev çıxış edərək ölkəmizdə hüquqi dövlət quruculuğunda, insan hüquq
və azadlıqlarının qorunmasında, qanun pozuntusu hallarına və
cinayətkarlığa qarşı mübarizədə prokurorluq orqanlarının rolundan
danışıb, dövlətçiliyimizin möhkəmləndirilməsində, qanunçuluğun təmin
edilməsində prokurorluq işçilərinin əməyi yüksək qiymətləndirilib.
Vilyam Hacıyev bildirib ki, prokurorluq orqanlarına həmişə diqqət və
qayğı ilə yanaşan ümummilli lider Heydər Əliyevin 1998-ci il 17 iyul
tarixli Sərəncamı ilə ölkəmizdə hər il oktyabrın 1-i prokurorluq
işçilərinin peşə bayramı kimi qeyd edilir. Bu gün isə Prezident İlham
Əliyevin rəhbərliyi ilə hüquq mühafizə, ədliyyə, məhkəmə və xüsusi
xidmət orqanları, o cümlədən prokurorluq öz inkişafının məzmunca və
keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub. Həyata keçirilən
qanunvericilik islahatları nəticəsində respublikada qanunçuluğu və
vətəndaşların azadlığını hərtərəfli təmin edən vətəndaş cəmiyyəti
yaradılıb. Çıxış edən İmişli rayon prokuroru, baş ədliyyə müşaviri cənab
Pənah Abbasov Azərbaycan prokurorluq orqanlarının keçdiyi şərəfli
yoldan danışıb. O qeyd edib ki, prokurorluq orqanları işçiləri bundan
sonra da ölkəmizdə formalaşmış dayanıqlı ictimai-siyasi sabitliyin,
dövlətçiliyimizin və milli maraqlarımızın, xalqın mənafeyinin cinayətkar
qəsdlərdən qorunmasında əzmlə çalışacaqlar.