İncirlikdəki nüvə bombaları düşmənlərin əlinə keçə bilər
Türkiyənin Suriya sərhədi yaxınlığında yerləşən İncirlik bazasındakı ABŞ nüvə silahlarını "terrorçuların və digər düşmən qüvvələrin” ələ keçirməsi riski var. Bu iddiayla Vaşinqtonda mənzillənən bir beyin mərkəzi çıxış edib. Məlumatı
«Frans Press» agentliyi yayıb.
Tənqidçilər çoxdandır, Türkiyənin Suriya ilə sərhədinin 110 kilometrliyində yerləşən İncirlik bazasındakı 50 nüvə bombasının taleyindən narahat idilər. Ötən ay Türkiyədə baş verən çevriliş cəhdindən sonra bu narahatlıq daha da artıb. Bazanın türk komandiri çevriliş cəhdindəşübhəli bilinərək saxlanıb.
«Türkiyədə vətəndaş münaqişəsi uzanardısa, ABŞ silahlara nəzarəti saxlaya bilərdimi, bu sual cavabsız qalır», Stimson Mərkəzinin hesabatında deyilir.
İncirlik İraqda və Suriyada İslam Dövləti (İŞİD) silahlı qruplaşmasıyla savaşan ABŞ koalisiyasından ötrü vacib baza sayılır. Bu baza İŞİD hədəflərinə sürətli çıxış yaradır.Pentaqon martda Türkiyənin cənubundakı ABŞ əsgərləri və mülki personalına göstəriş verib ki, təhlükəsizlik problemlərinə görə regiondan çıxsınlar.
«İncirlikdəki 50 Amerika silahının təhlükəsizliyi ilə bağlı proqnoz vermək çətindir», hesabatın həmmüəllifi Laicie Heeley agentliyə deyir.«Çevriliş zamanı nəzarəti əldə saxlaya biləcəyimizi əminliklə deyə bilmərik».
Agentlik qeyd edir ki, Pentaqon nüvə silahlarını harada yerləşdirdiyini açıqlamır. Amma İncirlikdəki bombaların Rusiyanı əngəlləmək və Amerikanın NATO öhdəliyinə sadiq qaldığını göstərməkdən ötrü saxlandığı güman edilir.
«İndiyədək fəlakətdən yayına bilmişik, amma Türkiyədə saxlanan ABŞ nüvə silahlarının təhlükəsizlik məsələsinin bir gecənin içində dəyişə biləcəyinə dair xeyli dəlil –sübut var», 1993-2001-ci illərdə Ağ Evin Milli Təhlükəsizlik Şurasının müdafiə siyasəti və silahlara nəzarət üzrə direktoru olmuş Stiv Anderson ötən həftə «Los Angeles Times»da yazırdı.
Amma Kaliforniyadakı Hoover İnstitutundan Kori Schake «New York Times»da vurğulayırdı ki, «Amerika nüvə silahlarını kodsuz işə salmaq mümkün deyil. Nüvə silahlarının Türkiyədə yerləşməsi o demək deyil ki, onlar asanlıqla ələ keçirilə, yaxud istifadə oluna bilər. Hətta bu ölkə Birləşmiş Ştatların düşməninə çevrilsə belə, bu, mümkün deyil».
Pentaqon Stimson mərkəzinin hesabatını şərh etməyib. «Strateji avadanlığın yerini müzakirəyə çıxarmırıq. Müdafiə Nazirliyi personalımızın, onların ailələrinin, eləcə də obyektlərimizin təhlükəsizliyindən ötrü uyğun addımlar atıb və bu işi davam etdirəcəyik», bəyanatda deyilir.
Həmin hesabatda, əslində, Pentaqonun nüvə silahlarını modernizasiya proqramı müzakirə olunur. ABŞ atom arsenalını yeniləməyə yüz milyardlarla dollar xərcləyir.Müəlliflər yazırlar ki, xüsusi bomba növü olan B61 dərhal Avropadan yığışdırılmalıdır. 180 bomba Belçika, İtaliya, Almaniya və Türkiyədə saxlanır. ("Azadlıq” radiosunun xülasəsi)
Miq.az