Sümeyyənin (r.a.) Türk olduğunu İslam və Qərb dünyası tərəfindən böyük rəğbətlə qarşılanan professor doktor Məhəmməd Həmidullah bir sıra tarixi qaynaqlara əsaslanaraq sübut edib.
Bu fikirləri “Vətəninfo.az”a «Oğuz» Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri Dr. Vüqar Zifəroğlu bildirib: “Onun bu tarixi qaynaqlara istinad edərək ortaya qoyduğu faktlara əsasən, Taif şəhərində Haris bin Xalid adlı son dərəcə savadlı və elmli loğman həkim yaşayırmış. Bütün bölgələrdən, o cümlədən İrandan zəngin adamlar, valilər bu həkimin yanına şəfa tapmaq üçün gələrmişlər. İranda yaşayan və türklərin məskunlaşdığı bölgələrdən birinin valisi (mənbələrdə Übüllə valisi deyə keçir) də həkimin yanına gəlir. Onun yanında Pamuk (Pambıq) adlı gözəl bir cariyə xanım da olur. Vali həkimin yanında şəfa tapdıqdan və həkimdən razı qaldıqdan sonra Pamuku cariyə olaraq həkimə bağışlayır. Və beləliklə də Pamukun adı Sümeyyə olur. Sümeyyə isə əslən Həmədandandır. O, orada Yemen Yasir ilə ailə qurur. Və oğlu Hz. Ammar (r.a.) anadan olur.
Həmin dövrdə ərəblər arasında hökm sürən irqçi ortamda Sümeyyə çox əziyyət çəkir. Türk olduğundan qəbul edilmir. Həyat yoldaşı Yasir də Yəməndən olduğundan qərib sayılır. Bu səbəbdən də Əbu Cəhl bu qərib ailəyə olmasın təzyiqlər və zülmlər edir. Hz. Sümeyyə (r.a.) İslamı qəbul etdiyi zaman artıq xeyli yaşlı idi. Əbu Cəhl onun İslamı qəbul etməsindən o qədər hiddətlənir ki, "Sən Məhəmmədə aşiq oldun" iftirası atmaqdan belə çəkinmir. Əbu Cəhl tərəfindən ən şiddətli işgəncələrə məruz qalmasına rəğmən Sümeyyə anamız öz inancından bir addım da olsa geri çəkilmir. Beləcə, İslamın və Türk dünyasının ilk şəhidi bu Azərbaycan türkü olan xanım olur. Peyğəmbərimiz (s.a.s.) onun şəhidliyi xəbərini aldiğinda "Küfrün işi bitdi! İslamın qələbəsi mütləqləşdi!”-deyə, Vüqar Zifəroğlu bildirib.
Elnur Eltürk