
- Edilən dəyişikliklərin mövcud tariflərə təsiri ola bilərmi?
- Qaz, eklektirk enerjisi və digər kommunal ödənişlərlə bağlı elə addımlar atmaq lazımdır ki, o qiymətlərə təsir etməsin. Bu məsələlərdə insanların sosial durumunu nəzərə almaq lazımdır. Elə dövlətlər var ki, bu tarif sistemi hətta insanların sosial durumunun yaxşılaşdırılmasına kömək edir. Azərbaycanda da elə etmək lazımdır ki, insanlar bundan zərər görməsinlər.
- Qabaqlayıcı tədbirlər kimi hansı addımları atmaq olar?
- Dövlət büdcəsində kifayət qədər vəsait var, profisit mövcuddur, vergi yığımında problem yoxdur. Ona görə də elə etmək lazımdır ki, insanların sosial vəziyyəti ağırlaşmasın. Amma tariflərin tətbiqi məsələsində izahatların daha geniş olmasına ehtiyac var. Bu işlər necə aparılacaq, hansı yolla bunlar həyata keçiriləcək və s. kimi məsələlər aydınlaşmalıdır.

- Sizcə, yeni qanunun qəbul edilməsində əsas məqsəd nədir?
- Təklif edilən hər yeni qanunun qəbulunda əsas məqsəd ondan ibarətdir ki, dövlət büdcəsi ilə yanaşı, insanların sosial durumunda ciddi problemlər yaranmasın. Bu iki məsələni həmişə nəzərə almaq lazımdır. Yeni qanun layihəsinin Milli Məclisdə müzakirəsi zamanı ola bilsin ki, deputatlar tərəfindən də müəyyən təkiflər irəli sürülsün. Bundan sonra bu qanun layihəsi ilə bağlı qəti fikir söyləmək mümkün olacaq.
- Dəyişikliklər həm də bu sektora aid yeni strukturların yaranmasını təşviq edir. Buna ehtiyac varmı?
- Yeni təkliflərə uyğun olaraq ola bilsin ki, "Azəriqaz” və "Azərişıq”da müəyyən qurumlar yaransın. Satışa, istehlaka və istehsala ayrı-ayrı strukturların baxması mümkündür. Bu məsələlər müzakirə oluna bilər. Çünki bir vaxtlar "BARMEK" (keçmiş - Barmek-Azərbaycan Elektrik Şəbəkəsi) sistemi yaradılmışdı. Sonradan bu məsələdə çox ciddi qanun pozuntuları aşkar edildi. Ona görə də elektroenergetika sistemində islahatlara ehtiyac var.

- Yeni qaydaların ilk mərhələdə pilot layihəsi kimi tətbiqi nə dərəcədə realdır?
- Adətən, belə layihələr həyata keçirilərkən müəyyən bir bölgədə onu pilot layihə kimi sınaqdan keçirirlər. Əgər bu özünü doğruldursa, daha sonra bunu digər bölgələrə də asta-asta şamil etmək mümkün olur. Dünyada qəbul edilmiş ən optimal qayda məhz bundan ibarətdir. Bu qanun layihəsini, misal üçün, Quba-Xaçmaz, Ağstafa-Qazax zonasında praktik olaraq yoxlamaq da mümkündür. Bir bölgəni götürüb, orada bu qanun layihəsinin işləmə mexanizminə, effektivliyinə baxmaq lazımdır. Eyni zamanda bunun insanların sosial durumuna, dövlət büdcəsinə təsirinin nədən ibarət olduğu ciddi şəkildə analiz edilməlidir. Çünki qaz və işıq həssas sistem olduğu üçün buna çox diqqət ayrılmalıdır. Bu baxımdan da onun ilk növbədə pilot layihə kimi tətbiqi daha yaxşı olar.