Katibəsinə 350 minlik avtomobil alan azərbaycanlı məmur kimdir?
Müzəffər Baxışov: "Məhkəmə ilə müəyyən edilsə ki,
həmin ev əslində adına rəsmiləşdirilən şəxsə deyil, Qüdrət Şükürova
məxsusdur, o zaman…»
"Bakı Lift-Təmir” İstehsalat Birliyinin baş direktoru Qüdrət
Şükürovun sürücüsünün adına 5 milyon dollarlıq ev aldigi bildirilir. Bir
yoxlama zamanı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat
Departamenti tərkibindəki "Bakılift-təmir” İstehsalat Birliyinin baş
direktoru Qüdrət Şükürovla bağlı heyrətamiz məlumatlar ortaya çıxıb.
Məlum olub ki, baş direktorun özünün yox, sürücüsünün "adına” nə az-nə
çox, düz 5 milyon manatlıq əmlak var! Özü də Bakının mərkəzindəki "Alov
qüllələri” kompleksində! İzahat üçün dərhal deyək ki, həm "Alov
qüllələri” kompleksində, həm də "Hilton” hotelində şəxsi mənzil
üslubunda da yaşayış sahələri var və onlar yüksək qiymətlərə satılır.
Bundan
başqa Azerinfo.org-a daxil olan məlumatda deyilir ki, Qüdrət Şükürov öz
katibəsinin adına bahalı avtomobil alıb. Maraqlıdır ki, avtomobil nəğd
pula alınıb. "Ferrari” markalı avtomobilin 350 min dollar qiyməti var.
Doğrudur, həmin superkarın Qüdrət Şükürovun ailə üzvlərindən birinin ad
günündə hədiyyə alındığı, diqqət çəkməmək üçün katibənin adına
sənədləşdirildiyi də bildirilir. Lakin 350 min dolları nəğd şəkildə
ödəmək də hər məmurun işi deyil.
Bəs görəsən, sürücüsünün
adına 5 milyonluq mənzil, katibəsinin adına 350 mil dollarlıq avtomobil
alan Q.Şükürov bununla gələcəkdə hər hansısa hadisə baş verərsə, o
əmlaklarını bu yolla xilas edə bilərmi? Təkcə, Qüdrət Şükürov deyil, bu
taktikadan istifadə edən hər hansısa şəxslər üçün də bu maraqlıdır.
Çünki bu hal yeganə fakt deyil. Əksər məmurlar bu və ya digər mülkü
alarkən adətən onu başqasının adına rəsmiləşdirirlər. Hansısa məmurun
cinayətləri təsdiqlənərsə, həmin obyektlərin müsadirə olunması hüquqi
cəhətdən necə mümkün ola bilər? Yəni qanunvericiliklə bu necə tənzimlənə
bilər ki, həmin məmur cəzalandırılsın? Yəni qurunun oduna yaş yanmasın.
"Hüquqi Dövlət” Araşdırmalar Fondunun rəhbəri Müzəffər Baxışov
prosesin çətin olduğunu və ancaq məhkəmə qaydası ilə sübut olunduqda
mümkünlüyünü qeyd etdi: "Məmurun cinayəti təsdiqləndiyi halda onun
başqasının adına rəsmiləşdirdiyi mülkünün müsadirə olunması olduqca
çətindir. Bunun üçün ən azından proses məhkəmə qaydasında sübut
olmalıdır. Məhkəmə ilə müəyyən edilsə ki, həmin ev əslində adına
rəsmiləşdirilən şəxsə deyil, həmin məmura məxsusdur, onda məsələni həll
etmək olar. Belə olduğu halda, korrupsiya ilə əmlakın əldə olunması ilə
bağlı Cinayət Məcəlləsi və Cinayət Prossesual Məcəllənin müddəalarına
əsasən məhkəmənin hökmü ilə əmlakın müsadirə edilməsi barədə hökmdə
müddəa göstərilə bilər. Digər hallarda isə bu qeyri-mümkündür. Daşınmaz
əmlak Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydiyyatdan keçir.
Mülki Məcəllənin tələblərinə görə nə qədər ki, məhkəmə qaydasında mülkün
həmin şəxsə məxsus olmaması təsdiq olunmayıbsa, o əmlak həmin şəxsin
özünün olmasa da, elə onun əmlakı sayılmaqda davam edir. Çünki, Daşınmaz
Əmlakın Dövlət Reyestru Xidmətində adına rəsmiləşdirilib”.
Yeri gəlmişkən, onu da qeyd edək ki, Vergilər Nazirliyinin hər il
açıqladığı büdcəyə borclu təşkilatların siyahısında "Bakılift-təmir”in
də adı var. Aldığımız məlumata görə, "Bakılift-təmir”in rəsmən 8 milyon
manat vergi borcu var. Biz Qüdrət Şükürovun da mövqeyini dərc etməyə
hazırıq. Lakin "Bakılift-təmir” İstehsalat Birliyinin telefonlarına
baxan xanım hər dəfə "Qüdrət müəllim yerində yoxdur” deyərək, bu
istəyimizi rədd edir. Ancaq yenə də anonim imzalarla özünü
təriflətməkdən vaz keçib, mövqeyini işıqlandırmağımızı istəsə, biz onun
mövqeyini məmnuniyyətlə, yayınlamağa hazırıq.
ulusal.az