Kim idik?

Kim idik?
Salam Sarvan 

Pis söyüşlər söyməyi sünnətdən sonra öyrənmiş
kirvəsindən, dəlləyindən qorxan bir kənd uşağı.

Öz oyuncaqlarımızı da özümüz düzəltdik – 
taxtadan tapança, məftildən araba...

İndi kimik?
Təkadamlıq xaraba!

Çəkimiz gül çəkisidi, boyumuz kol boyu.

Getmək lazımdı, şair:
buranin adamları təkcə şəkil çəkdirəndə
dayanırlar qol-boyun.
2.
Həyatı hər gün yenidən başlamaq istəyimizi
hər səhər yuxudan gec ayılmaq öldürdü,
mühacirat arzularımızı təyyarədə uçmaq qorxusu.

İlk dəfə qız sevdiyimzi
ayaqqabımzı ilk dəfə yumağdan bildik...
Analarımızın südü qurumuş inəyi
it kimi saxladığını uzaqdan bildik.

Böyük dərdlərdən büdrəyəndə
xırda sevinclər yıxılmağa qoymadı...
Güzgüdəki əksimizin 
pəncərəyə baxdığını duymadıq.

Getmək lazımdı, şair:
Buranın adamları özlərini şəkilçilərə çevirdilər – 
"pinəçi”, "solçu”, "qalatasaraylı”, "nurçu”...
Halbuki çılpaq bədənini gur saçlarıyla örtmüş 
bir qadın şəklinə baxa-baxa da yaşamaq olardı.
3.
Amma hələ də bilmirik ki, sevgi nədi:
yataqdan sonra qadının saçından öpməkdi,
yoxsa, bir tikə çörəyi acından öpməkdi?
4.
"İşıq pulu” bildirişlərinin qapımıza 
qara kağızlar kimi gəldiyi bir zamanda 
sənə bir vəsiyyətim var...

Bu azad dünyanın qurulmasında
qul əməyini də unutma...
Hər gün darıxmaq öz yerində,
gündə üç dəfə yeməyini də unutma...

Unutma ki,
buranın adamları adama etdikləri
yaxşılığın qisasını mütləq alırlar...

5.
Getmək lazımdı, şair.
Dostların hamısı öldü,
bir biz qaldıq, bir ofisant, bir də kafe aşığı.

(Bu şeir şairin feysbuk səhifəsindən götürülüb)



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az