Yallı, ballı, cahi-cəlallı və ya Yandım, elə yandım

Yallı, ballı, cahi-cəlallı və ya Yandım, elə yandım
Tünzalə Vəliqızı,
Moskva

Paşinyan oynadı. Ayağının altında bütov bir tarix süründü. O gün üzümüz yerə düşdü. Aynada hələ üzünüzə baxa bilirsinizsə... O gün neçə nəfər ürəyini tutdu, neçə nəfərin ürəyi tutdu.

Bu sakitliyə baxsan ... Bəlkə yeri deyil, amma...

Siyasətçisi yerində olmayanda hər yerindən duran sənə yer seçər. Haqlısınız, mən yersizəm. Çünki yerimdə Paşinyan Yallı gedir. 

Milli Məclisin kürsülərini Xankəndiyə, Xocalıya, Xocavəndə, Şuşaya, Laçına, Kəlbəcərə, Zəngilana, Ağdama, Ağdərəyə, Cəbrayıla, Füzuliyə, Qubadlıya qoysaq görəsən nə qədəriniz kürsü davası edərdi? Məncə bu dəfə hamınız yol verərdiniz. Onsuzda indiyə kimi yola verdiniz...

Paşinyanın ayaqqabısının altında qalan torpaq və o torpağa qanı tökülən dirilərdən diri ölü canların iniltisi "Yallı” sədasında boğuldu... İşgəncələr təzələndi... Bu dəfə də Paşinyana yol da verdik, yola da verdik.

Keçidlərdə, metrolarda əvvəllər saqqız, bakkuş, indi onu bir üst mərhələyə daşıyıb popkorn, salfetka satan uşaqları "ayıblayan” ayıbsızları anladıq. "Ayıbımızı” küçələrdən yığb, bizi bzimkilərlə qol- boyun olan ərəb turistlərin yanında biabır olmaqdan qorudular. Keşkə Qarabağda itirələn torpaqlara, ayaq altında olan heysiyyatımıza "qarovulçu" olsaydılar. Nə isə...

Sizin üçün biz yerə düşəndə heç kimin götürmək istəmədiyi ən kiçik nominal dəyəri olan xirda qəpik kimiyik. Üstündən keçirsiniz. Bunun da üstündən keçdiniz. Buna görə kimsə kimsənin mandatını alacaq, kimsə kimsəyə cəza verəcək deyil. Çünki 125-indən 100-nün kürsüdə oturduğunun yaşı Paşinyana yallı oynatdığın(m)ız Şuşanın işğal yaşı qədərdir.

Bura qədərini anladıq da...

Bəs, hanı elliklə dərdini reytinqli efirlərə daşıyan, qonşu çəpərinin dirəyinin bir qarış onun həyətinə əyilməsi, ya qardaşı ilə dədə malının bölünməsi üstündə dava edənlər?! Hanı, sosial şəbəkələrdə namus cəzası kəsənlər?! Hanı kiçik şəxsi çəkişməni böyüdüb özü də onunla "böyüyən” qəhrəmanlar?! Hanı "təxribatın qarşısı alındı” hünərinə imza atanlar, yalançı imza satanlar...

Sənin sərhəddində sənin "havana” sənin havanı udan- udmağın verdiyi ləzzəti çıxardan düşmən ölkənin baş nazirinin "yallı” getməsini nə şişirdirik ey. Biz xırda adamlarıq. Xirdaçılıq etməyək. Siz xırdanı və xirdalıqları sevmirsiniz. 

Qədərə bax. Məğlubiyyəti dadmağımız bəs deyilmiş kimi- onun zəfərinin dadını "yallı” ilə çıxardanın qabağına "siyasət emosiya deyil, soyuqanlılıq istər” reaksiyası ilə çıxırıq. Paşinyan emosionaldır, biz soyuqqanlı. Elə olmasa... 

Hələ 27 ildir soyuqqanlı davranaraq soyuyuruq, bir parçamızı buzlaşdırıb dondurmuşuk. Bizim buzumuzu Paşinyan "Yallısı" əridə bilməz! Sadəcə baxmayın, üz çevirin, ya da kanalı Zaurların, Xoşqədəmin, Tolikin...nə bilim çallı-çağırlı, şok-qalmaqallı (mən baxmıram deyə o qədər də məlumatlı olmadığımı mənə keçin-red.müəl.) həlli gözləyə bilməyən "qlobal problemlərə" həsr olunmuş verilişlərə çevirin. Paşinyanı dondurun. O hələ gözləyər. Yallıdır da... 

Yallını da ballandıra-ballandıra ağzın(m)ıza sürtüb sizə-bizə dadızdıranlara sözün(m)üz varmı?! 

Miq.Az






İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az