Ömrümüzün Natiqi- ömrümüzün natiqi

Ömrümüzün Natiqi- ömrümüzün natiqi
Bəzən etiket, bəzən də milli mental dəyərlər baxımından, etika çərçivəsində, protokol qaydasında təbrik yazmaq bir ədəb, rəsmiyyət mükəlləfiyyətinə çevrilir. Amma elə hallar da var ki, təbrik mətni portretə çevrilincəyə qədər adamı ürəyindən oynadır, sözlər... ən gözəl, ən qüdrətli sözlər... belə əksər hallarda ilahi təqdirə yüksələn əməlləri ifadə etməyə bir az "utanır, yaşmanır, xəcalət çəkir”! Ki... görəsən, zəif ifadə olunmadı?

Bax, bu gün haqqında yazdığım oğlan, salyanlılar demiş, OĞLANLIĞI ürək oxşayan, MƏRDliyi göz bayıldan, fərasəti-bacarığı-zirəkliyi alqış qazandıran Natiq Ağayev, ilk növbədə, AĞAYANA kişilərdəndir!
Niyəsi bu ki...
əgər söhbət bir ANAdan gedirsə, Natiq öz doğma anasının yanında olduğu qədər, çörək kəsdiyinin, süfrəsində oturduğunun yanında olub, yanındadır, yanında olacaq!
Natiq YAXŞI ANAnın YAXŞI OĞLUdur!
əgər söhbər bir DOSTdan gedirsə, dost dardadırsa, çıxılmazlıqdadırsa və hətta bağlı qapılar arxasındadırsa (!), Natiq özü o durumda nə qədər azadlığa, xilasa can atarsa, elə DOST ÜÇÜN də o qədər canıyananlıq edib, edir, edəcək!
Natiq YAXŞI DOSTların YAXŞI DOSTUdur!
əgər bir həmyerli (həmkəndli, həmşəri, həmvətən məhrələlərinin hamısını soydaş statusunda dəyərləndirməyəcən) eldə-obada, xaricdə-qürbətdə, ezamiyyətdə-səfərdə üzünü çevirməyə, çiyninə çiyin verməyə ünvan axtarırsa, gözü Natiqin gözlərinə tuş gələnəcən amanda olacaq – sonrasını Natiq düzüb qoşacaq!
Natiq eldə-obada, xaricdə-qürbətdə, ezamiyyətdə-səfərdə YAXŞI AZƏRBAYCANLIların YAXŞI AZƏRBAYCANLISIdır!
Məhz Natiq kimi oğullar yada saldırır, dilə gətizdirir: bir gün biri peyğəmbərə deyir ki, ya peyğəmbər, mən namaz qılmıram, qurtardı allahın savabı? Peyğəmbər deyir ki, allahın savabları tükənməzdir, sən namaz qılmırsan, əvəzində birinə savad öyrət, bəs edər... sənə!
- Ya peyğəmbər, mən özüm güclə yazıb-oxumağı öyrənmişəm, başqasını öyrətməyə məndə səbr hardan? Qurtardı allahın savabı?
- Allahın savabları tükənməzdir. Sən namaz qılmırsan, savad öyrətməyə səbrin çatmır, əvəzində bir mayıfa, əlilə-zəlilə yükünü daşımaqda, yolu keçməkdə köməkçi ol, savabı bəs edər... sənə!
- Ya peyğəmbər, mən özümü güclə daşıyıram, ərinirəm düz getməyə, kəsə yol axtarıram, qurtardı allahın savabı?
- Allahın savabları tükənməzdir! Amma onlar sənlik deyil. Sən belə elə, əlindən heç bir halda yaxşılıq gəlmədiyi üçün, çalış, heç kəsə pislik eləmə - bu, sənin üçün bütün savablardan faydalı olar!
Bəli, Natiq əlindən heç bir halda yaxşılıq gəlməyən adamlarla belə, o qədər səbrli davranır ki, onlar, heç olmasa, kiməsə pislik eləməsin!
Və... sadalaqdıqlarım içində mənim özümə də ləzzət edən daha bir özgürlüyü var: elə zamana gəlib çıxmışıq ki, özümüz öz sözümüzü lazım olan adamlara çatdıra bilmirik – indi hamı jurnalist deyil, hamı da blogger, hamı da yazıb-oxumağa qədərincə sahib, durub öz sözünü özü desin, özünün və ömrünün natiqi olsun! Həyatda az adam ömrünün, kəndinin-rayonunun-ölkəsinin natiqi olduğu kimi, az adam da var ki, soydaşlarının – doğmalarının-dostlarının ömrünün natiqi olur! Gərəkən hər yerdə sözü çatdırılmalı olanın sözünü öz adından yeri gələndə tələb, yeri gələndə əmr, yeri gələndə xahiş kimi deyir!
Bax, Natiq Ağayev o azlardandır!
Mən Natiq Ağayevi tanıyandan onu hər yerdə gördüm: dostlarımın da, düşmənlərim demirəm, əleyhdarlarımın da yanında!
Bilirsiniz niyə?
Dostlarım laqeyd qalanda, Natiq onlara etməli olduğunu çatdırdı!
Əleyhdarlarım namərdlik edəndə Natiq onları susduracaq qədər möhtəşəm çıxış etdi – natiqlik sərgilədi!
Natiq mənim deməli, etiraz sərgiləməli olduğum məkanlarda oldusa, mən orada olmadımsa, özümü çatdıra bilmədimsə, mənim də əvəzimə iradını bildirdi, öz əvəzinə də!

Natiq Ağayevi təbrik mətninin ən gözəl və haqq etdiyi, ləyaqətli təqdimatı sayıram: bütün qürurlu və mərd oğullar, dediyi ilə əməli düz mütənasib kişilər, mübarizənin cəsur və qəhrəman döyüşçüləri hansısa məqamda birdən içdən qırılsalar, özlərini təklənmiş və tənha hiss etsələr, dediyimə əmin olsunlar - onların Natiq Ağayev adında bir mərd dostu, ağayana kişi, amansız döyüşçü ünvanları var!
Mən onu böyük hərflərlə yazılan AZƏRBAYCANLI sayıram – həm Azərbaycanda, həm də Azərbaycandan kənarda. Azərbaycan və Azərbaycanlılar üçün!
Çünki o... mənim dostum və qardaşım Natiq Ağayev HEÇ BİR VƏZİFƏ sahibi olmadan bu uğurlara imza atıb! Dünyanın və Azərbaycanın harasında ona rast gəlsəniz, dost olsanız, o, hər yerdə elə Ömrünüzün Natiqi və ömrünüzün natiqi olacaq: sizin danışan diliniz, gülən üzünüz, xeyirxah mələyiniz və soydaşınız!
SOY DAŞların arasında ƏBƏDİ SEVGİ ilə ətrafa işıq saçan, heç kimi diqqətdən və sevgidən, qayğıdan umsuq saxlamayan səxavətli biri olaraq!
FƏQƏT... hər zaman həzrəti-Əlidən gələn çox böyük irfan və ədəb sərgiləməklə: Natiq Ağayevin etdiyi yaxşılığın sorağı yaxşılıq etdiyinə çooox gec çatır – o da öz dilindən yox! Ağlına gətirmədiyin halda, möhtərəmlərin məclisində haqqında səslənmiş xoş fikir xeyirxah niyyətlə sənə mükafat kimi çatanda, anışdıra bilmirsən ki, gün hayandan çıxıb, külək hayandan əsib!?
Natiq Ağayev MÜQƏDDƏS Azərbaycan torpağının Masallı rayonunda dünyaya göz açıb – Masallının hesabına qazandığı ən böyük sərmayə də elə bu faktdır! Hişkədərədən – quru dərədən dünyaya dağ əzəmətini vəzifə, sərvət, maliyyə ilə yox, əxlaqı, insanlığı və ədəbi ilə gətirib!
Dünya indi İlon Maskın, nə bilim, Çinin kosmik uğurları, Sİ-ləri ilə heyranlığa qərq olur, amma və lakin bizim üçün... heyranlıq yaratmalı olanlar elə Natiq Ağayevlərin varlığıdır – eynən peyğəmbərin savab axtarana verdiyi cavabdakı kimi!
Biz çox böyük şeylərdən xəbərdar ola bilərik, biz çox böyük uğurlara imza atmaq istəyərik, amma fərqinə də varaq ki, o işlər HƏLƏ Kİ... bizlik deyil, bizlər Natiq Ağayev və onun kimi Ömrümüzün Natiqi və ömrümüzün natiqlərini dəyərləndirək, bunu bacaraq, bunun savabı bizə bəs edər!
Təbrik edirəm, əziz qardaş, böyük kişi, həqiqi dost – təkcə mənim üçün yox, bütün azərbaycanlılar üçün belə olan Ömrümüzün və ömrümüzün Natiqi və NATİQİ!

Aydın Can


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az